“Sosial şəbəkələr bəşəriyyət və milli-mənəvi dəyərlər üçün böyük təhlükədir” - Şərh
Bizi izləyin

Nida Təhlil

“Sosial şəbəkələr bəşəriyyət və milli-mənəvi dəyərlər üçün böyük təhlükədir” - Şərh

“Sosial şəbəkələr bir çox hallarda millətlərin, dövlətlərin və cəmiyyətlərin dağılması təhlükəsini yaradır. Eyni zamanda insanların düşüncəsinə təhlükəli zərbələr vurur və onları zərərli şəkildə başqa istiqamətlərə yönləndirir. Bununla da təxribatlar törədilir. Bu nöqteyi-nəzərdən ABŞ Prezidenti Donald Trampın sosial şəbəkələr üzərində nəzarətin gücləndirilməsi ilə bağlı müvafiq qərarını dəstəkləyirəm və bunu bütün bəşəriyyətin təhlükəsizliyi üçün atılmış addım olaraq qiymətləndirirəm”.

Bunu Publika.az-a açıqlamasında Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun rəhbəri Rauf Zeyni deyib. O bildirib ki, insanlar sosial şəbəkələrdən düzgün yararlansalar, qanun və qayda çərçivəsində paylaşımlar etsələr cəmiyyət üçün daha faydalı olar:

“İnsanların bir-birinə dəstək olması, fikir mübadiləsi aparması və debatlar bu platformada təşkil olunur. Amma biz son dövrlər sosial şəbəkələrdə təhqir, radikal təklif və təhdidlərin, söyüş kampaniyalarının şahidi oluruq. Əlbəttə ki, bu nöqteyi-nəzərdən sosial media müəyyən qədər nəzarətdən çıxıb. Azadlıq, müstəqillik çox gözəl məfhumlardır. Amma bu hisslərdən daha çox hallarda sosial platformada ifrat dərəcədə istifadə olunur. Sosial şəbəkələr artıq eybəcər bir mühitə çevrilib. Burada sui-istifadə halları o dərəcəyə gəlib çatıb ki, normal insan sosial mediadan istifadə etmək istəmir. Ona görə də bu, bəşəriyyət, insanlıq, cəmiyyətlər və bütün milli-mənəvi dəyərlər üçün böyük bir təhlükədir. Sosial şəbəkələr eyni zamanda dövlət və cəmiyyətlərin təhlükəsizliyi üçün çox böyük təhdid mühitinə çevrilib. Bu isə arzuolunmaz bir məsələdir. Xüsusilə sosial media məlumatsız gəncləri sıradan çıxarmaq üçün çox böyük bir silahdır. Bu da yolverilməzdir”.

Rauf Zeyni əlavə edib ki, ifrat dərəcədə təhqirlərə yol verilməməsi, terrora çağırışın olmaması və bəşəriyyət üçün təhlükəli amillərə zəmin yaradılmaması üçün sosial şəbəkələr üzərində bir çox hallarda müəyyən nəzarət və yaxud da sistemli yanaşma olmalıdır:

“Ölkəmizin müstəqilliyini və təhlükəsizliyini qorumaq üçün bütün imkanlarımızı və ictimai potensialımızı səfərbər etmişik, maarifçilik hərəkatı aparırıq. Amma insanların bir ildə apardığı təbliğatı sosial şəbəkələr bir dəqiqə ərzində darmadağın edir. Bu yolverilməz bir məsələdir. Bu mənada Donald Trampın fikirlərini dəstəkləyirəm. Bir çox hallarda əksər ölkələrdə sabitliyin pozulması prosesi də məhz buradan idarə olunur. Hər hansısa azadlığın digərinin azadlığını məhdudlaşdırmağa haqqı yoxdur. Bugünkü İKT və rəqəmsal imkanlardan istifadə edərək öz azadlığını başqasının müstəqilliyi hesabına təmin etmək qətiyyən qəbuledilməzdir. Bu məsələlərin hamısı müzakirə olunmalıdır. Artıq beynəlxalq səviyyədə bu istiqamətdə iş görməyin, sosial şəbəkələrin fəaliyyətini tənzimləyən qanunlar qəbul etməyin zamanıdır. Daha mütərəqqi, bəşəri və heç kəsin milli-mənəvi dəyərini zədələməyən qanunlar qəbul edilməlidir. Müəyyən məhdudiyyətlər qoyulmasa da mənəvi sədlər tətbiq edilməlidir. Heç kəsin azadlığını məhdudlaşdırmamaq şərtilə etik sədlər olmalıdır. Bu səddi aşmaq ifrat dərəcədə sui-istifadə etmək deməkdir. O şəxslər dünyaya xeyir gətirmir, əksinə onu zədələyirlər. Bu şəkildə davam edə bilməz. Və bu məsuliyyətsizlik real təhlükəyə çevrilib. Buna görə də özbaşınalığa son qoyulmalıdır”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm