Milli Şura şeytanla belə əməkdaşlığa hazırdır - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

Milli Şura şeytanla belə əməkdaşlığa hazırdır - ŞƏRH

“Qənimət Zahid Milli Şuranın əsl mahiyyətini videokonfransda etiraf etdi. Ona Azərbaycanda devalvasiyanın tarixini səhv təqdim etməsi ilə bağlı irad bildiriləndə etiraf edir ki, bizim işimiz hökuməti şərləməkdir. Bu, artıq Milli Şuranın fəaliyyətinin açıq şəkildə göstərilməsidir. Yəni, onlar öz-özlərini ifşa edirlər və fəaliyyətlərini geniş auditoriyaya çatdırırlar”.

Bu sözləri Publika.az-a açıqlamasında “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Milli Şuranın növbəti videokonfransını şərh edərkən deyib. O bildirib ki, şuranın fəaliyyətinin kökündə, bazasında və bütün istiqamətlərində yalnız anti-milli hərəkat, fəaliyyət dayanır:

“Prezident İlham Əliyev çox gözəl fikir səsləndirdi ki, buna Milli Şura yox, anti-Milli Şura demək daha düzgün olardı. Çünki onların fəaliyyəti anti-milli hərəkata əsaslanır. Bütün dövrlərdə neftin qiymətinin aşağı düşməsi qlobal bir hadisədir. Ancaq anti-Milli Şura bundan məharətlə bəhrələnərək hətta toy-bayram edir və sevinirlər ki, Azərbaycan neftin qiymətinin aşağı enməsi ilə çox pis vəziyyətə düşəcək, ölkənin iqtisadi aləminə nə qədər zərbələr dəyəcək. Bundan əlavə, Dağlıq Qarabağ məsələsinin müzakirəsində də onlar anti-milli mövqe dəstəkləyirlər. Ciddi qlobal hadisə ilə bağlı Azərbaycana hər hansı formada bir hadisənin zərəri dəyirsə, bu artıq dövlətçiliyə dəyən ziyandır və ümummilli məsələdir. Ancaq bu, anti-Milli Şuranın əlində bir manipulyasiya predmetinə çevrilir. Bu isə onların xislətlərinin və fəaliyyətlərinin məzmunudur”.

B.Quliyev qeyd edib ki, şura Azərbaycanda hakimiyyətə gəlmək üçün öz fəaliyyətində hər şeydən və bütün vasitələrdən istifadə etməyə hazırdır:

“Azərbaycanın ümumi imicinə zərər gəlməsi üçün onlar hətta şeytanla belə əməkdaşlığa hazırdırlar. Ən çıxılmaz məqamlarda, ən önəmli dəqiqələrdə və hadisələrdə belə Azərbaycanın imici zədələnə bilərsə və bunu şişirdib ictimaiyyətə təqdim etmək mümkündürsə, bundan yalnız anti-Milli Şura, dağıdıcı müxalifət yararlanır və həmişə manipulyativ addımlar atır. Onlar bununla da öz fəaliyyətləri ilə guya ki, hakimiyyətə bir addım da yaxınlaşırlar. Onların fəaliyyəti anti-milli və anti-iqtidar xarakter daşıyır. Bu fəaliyyət isə dövlətçiliyimizə qarşı, ümummilli maraqların əleyhinə yönəldilib və bununla da fəxr edirlər. Bu formada fəaliyyət göstərmək siyasi mədəniyyətsizlikdir və bu cür fəaliyyəti xalq qəbul etmir”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm