Əkbərin oğlu Araikin yerinə gəldi: Nikolun “Azərbaycan casusu” planı
Bizi izləyin

Nida Təhlil

Əkbərin oğlu Araikin yerinə gəldi: Nikolun “Azərbaycan casusu” planı

“Dqr”də “məmurlar” “casusluq və cəbhədən qaçma”ya görə işdən çıxarılıb və onlara cinayət işi açılıb.

Bu, Qarabağdakı separatı rejimin daxilində “çevrilişin” olduğu ehtimalını gücləndirir.

Separatçı rejimin “məmurları” ilə bağlı əmri Araik Arutyunyanın verdiyi bildirilir. Lakin müharibənin ortasında belə bir qərarın verilməsi iki versiyanı önə çıxarır:

1. “Məmurlar” ölməmək üçün Qarabağdan qaçıblar və buna görə onlar haqqında cinayət işi açılıb;
2. Araik Arutyunyan ölüb, yaxud “vəzifəsini” icra edə biləcək vəziyyətdə deyil. Onun yerinə gətirilən əvəzləyicisi “casusluq və cəbhədən qaçma” ittihamı ilə Araikin “komandası”na cinayət işi açır və onlardan məğlubiyyətin “günah keçisi” düzəldilir.

Oktyabrın 31-də Azərbaycan ordusu Xocavənd istiqamətində düşmənin hərbi korteji məhv etdi, bir gün sonra kortejdə Araik Arutyunyanın olması haqda məlumatlar yayıldı. Terrorçu liderin oktyabrın 29-dan sonra yoxa çıxması, 31 oktyabrda Şuşadan etdiyi videomüraciətin də ən azı 8 gün öncə lentə alınmış olması bu versiyanı gücləndirir. Yaxud ölməsə belə ya ağır yaralıdır, ya da ordumuz Şuşaya yaxınlaşanda Ermənistana qaçıb.

Hər üç halda Araikin yoxa çıxdığı ortadadır. Bu gün erməni hərbçilərin “dqr”-in “milli təhlükəsizlik xidməti”nin “rəhbəri” Kamo Ağacanyan tərəfindən mükafatlandırılması da bu fikri təsdiq edə biləcək detallardandır.

Araikin məhz Kamo ilə əvəzləndiyi ehtimalı burada önə çıxır və yeni “rəhbər” ilk işinə təmizləmə ilə başlayır:

- “Prezidentin köməkçisi” Rudik Martirosyan;
- “Baş prokurorun müavinləri” Erik Verdiyan və Sasun Qabriyelyan;
- “Dövlət Statistika Komitəsinin sədri” Armen Soğomonyan;
- “Mərkəzi Seçki Komissiyası sədrinin müavini” Yeğişe Arzumanyan;
- “Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini” Arkadi Soğomonyan;
- “Şəhərsalma və arxitektura nazirinin müavini” David Avanesyan və Erik Qriqoryan;
- “Təhsil və Mədəniyyət naziri” Qagik Ayrapetyan;
- “Dövlət Xəzinə naziri” Artak Arstamyan;

Burada diqqətçəkən məqam Kamo Ağacanyanın keçmişdir:

Xocavəndin Hadrut qəsəbəsində doğulub. Atasının Əkbər Kərimov adlı azərbaycanlı olduğu deyilir. 1988-ci ilə qədər sənədində Kərimov Kamo Əkbər oğlu göstərilib. Əkbər Kərimov həmin il ermənilərin azərbaycanlılara hücumu başlayanda Qarabağı tərk edib, Kamo isə erməni anası ilə qalıb. I Qarabağ müharibəsində azərbaycanlılara qarşı terror hücumlarında iştirak edib.

2013-cü ildə qondarma rejimin “polis rəisi” təyin edilib. Paşinyan hakimiyyətə gələndən sonra Kamoya qarşı təzyiqlər başlanıb, separatçıların “keçmiş prezidenti” Bako Saakyan onu vəzifəsindən azad edərək, özünə müşavir təyin edib. Araikin yoxa çıxmasından sonra hazırda separatçıların əsas fiquru kimi görünür.

Kamonun keçmiş hakimiyyətə yaxınlığı, Paşinyanın “qara siyahı”sına düşməsi və atasının azərbaycanlı olması iki maraqlı versiyaya diqqət çəkir.

Birinci versiya: separatçı rejimdə gizli çevriliş baş verib və “Qarabağ klanı” Araikin yoxluğunu fürsət bilərək, Xankəndidə “hakimiyyəti” Paşinyanın əlindən alır.

Paşinyan müharibə başlayanda Araikin yanına müavini, fövqəladə vəziyyət üzrə komendat Tiqarn Avinyanı göndərmişdi. Avinyan həm “könüllü” daşıyır, həm də Arutyunyana nəzarət edirdi. Tiqranın da Araikin olduğu kortejdə olduğu və birlikdə o dünyaya getdikləri haqda məlumatlar var. Bu, Paşinyanın separatçı rejimə nəzarətçi göndərdiyi adamın yoxluğu ilə nəzarəti itirdiyi deməkdir və keçmiş hakimiyyət bundan istifadə edib. Hərçənd, məğlubiyyətin qaçılmaz olduğu indiki məqamda keçmiş hakimiyyətin separatçı rejimi nəzarətə götürməsi öz əleyhinə çevrilə, Paşinyana hər şeyin məsuliyyətini onların üstünə yıxmaq fürsəti verə bilər, bu baxımdan, birinci versiya inandırıcı deyil.

İkinci versiya: Araikin yoxa çıxmasından sonra Paşinyan rəhbərliyi Əkbərin oğlu Kamoya həvalə edib və məqsədi qaçılmaz məğlubiyyətdən sonra onun özünü “casus” elan etməkdir. Kamonun atasının azərbaycanlı olması məğlubiyyətə və çoxsaylı itkilərə bəhanə tapmaq üçün hər yola əl atan Nikol üçün heç də pis varianta bənzəmir. Və zamanı gələndə erməni baş nazirin “azərbaycanlının oğlu bizi satdı” əsasını irəli sürəcəyi də istisna deyil.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm