• USD 1,7000 0,00% EUR 2,0562 0,00%
    • GBP 2,3125 0,00% RUB 0,0230 0,00%

Paşinyanın 90 minlik "TROL ORDUSU": "Qarabağlılara" müharibə elan edildi

Paşinyanın 90 minlik "TROL ORDUSU": "Qarabağlılara" müharibə elan edildi

Ermənistan Azərbaycan qarşısında kapitulyasiyaya getməyə məcbur olandan sonra siyasi kataklizmlər çuxuruna yuvarlandı: ittihamlar, söyüşlər, siyasi qarşıdurmalar, etiraz aksiyaları və hakimiyyətin təzyiqi davam edir.

İrəvan küçələrində və siyasi kuluarlarında hər gün davadır. Hakimiyyətin başı müxalifətlə haqq-hesab çürütməyə qarışdığı vaxtda itkin düşən və ölən hərbçilərin doğmaları hər gün Müdafiə Nazirliyinin qarşısında səlahiyyətli şəxslərlə görüşmək üçün toplanırlar. Eyni narazılıq vaxtilə Azərbaycanın işğal edilmiş torpaqlarına qanunsuz yerləşdirilən, müharibə vaxtında Ermənistana gedən ermənilərdə də var: onlar evsiz qaldıları üçün Paşinyanı söyürlər.

Paşinyan hakimiyyəti isə ölən və itkin düşən hərbçilərin doğmalarına və “qarabağlı” adlandırdıqları ermənilərə qarşı sosial şəbəkədə müharibə elan edib.

Ermənistan mediası yazır ki, Nikol Paşinyanın hakimiyyətə gələn zaman qurduğu “trol fabriki”nin son günlər əsas hədəfi Qarabağdan gələn ermənilərdir. Narazılığını ifadə edənlərə qarşı söyüşlərlə hücum edilir, hətta “qarabağlı ermənilər”in Ermənistandan qovulması kimi çağırışlar edilir.

Siyasi analitik Knyaz Saroyan deyir ki, sosial şəbəkələrdə bir çox medianın paylaşımlarının altında eyni insanların təhqiramiz şərhləri peyda olur: “Hətta qanlı-bıçaq davasına səbəb olacaq söyüşlər işlədilir və bu, iqtidarın icazəsi ilə həyata keçirilir”.

İrəvandakı respublika meydanında Baş nazirlik ofisinin İctimaiyyətlə Əlaqələr və Məlumat Mərkəzi tərəfindən quraşdırılmış monitorda yayımlanan videogörüntülər isə Ermənistandakı vəziyyətin real təzahürüdür.

Videoda müxalifətə və müharibənin nəticələrinə narazılığını bildirən ermənilər hədələnir və qeyd olunur ki, onlar (Qarabağdakı erməni döyüşçülər) Paşinyandan geri dönmək və müxaliflətlə məşğul olmaq əmrini gözləyirlər. Bu videodan bir neçə gün sonra Paşinyan özü Feysbuk səhifəsində belə yazdı: “Cəbhə bölgəsindən hərbi qulluqçuların onlarla videosunu izlədim. Uşaqların dərin düşüncəsindən heyrətləndim. Uşaqlar, siz haqlısınız. Divar dibində ulayanlarla bağlı məsələləri tamamilə həll etmək üçün sizi İrəvanda gözləyirəm”.



Bu paylaşımdan bir gün sonra Nikol dediklərini təkzib etməyə çalışsa da, artıq mesaj verilmişdi. Hakimiyyət etirazçıları güllələməyə və ölkədə vətəndaş müharibəsinə qədər getməyə hazırdır.

“İşıqlı Ermənistan” partiyasından olan deputat Ani Samsonyan bildirib ki, hakimiyyət nifrətə səbəb olan videoları çəkənləri dəstəkləyir. O, Milli Təhlükəsizlik Xidmətinə şikayət edib, lakin həmin video ilə bağlı yox, “qarabağlı” adlanan ermənilərə qarşı sosial şəbəkələrdə aparılan nifrət təbliğatı ilə bağlı.

Yayılan videoda avtomobildə gedən bir neçə hərbi formalı şəxs bütün bəlaların günahkarının “qaçqınlar” (Qarabağdan Ermənistana qayıdanlar) olduğunu deyir və onların Ermənistandan qovulması çağırışı edirlər.

Eyni təbliğat hakimiyyətdən müharibədə itkin düşmüş övladlarının dərhal tapılmasını tələb edən validenylərə qarşı da aparılır.

Samsonyan deyir ki, 2,5 ildir hakimiyyəti tənqid edənlərə qarşı saxta maşın işləyir. Hökumət bu fabrik vasitəsilə virtual reallıqlar yaradır və qərarları bu yolla qəbul edir.

“Sputnik Armenia” yazır ki, Paşinyanın “trol fabriki”nin işçiləri aylıq olaraq 15-80 min dram (30-160 dollar) pul alırlar. Müharibə dövründə bu ödənişlər 15-20 min dram qaldırılıb.

Media mütəxəssisi Tiqran Koçaryan deyir ki, Ermənistanda eyni mərkəz tərəfindən idarə olunan bir neçə “trol fabriki” var.

Müxtəlif dövrlərdə bu fabrikləri müxtəlif kuratorlar idarə edirdi, lakin koordinator bu və ya digər şəkildə Baş nazirlik ofisinin İctimaiyyətlə Əlaqələr və Məlumat Mərkəzidir”, - o bildirib.

Koçaryan qeyd edir ki, kuratorluq uğrunda mübarizə gedir: “Parlamentin vitse-spikeri Alen Simonyan rusdilli informasiya sahəsinin kuratorlarından birinə öz adamını gətirmək istəyirdi, lakin bu baş tutmadı. İndi bu sahənin kuratoru vəzifəsi uğrunda döyüş davam edir”.

Onun sözlərinə görə, “trol fabriki”nin istiqamətləri ciddi şəkildə bölüşdürülüb: “Erməni dilli və rusdilli trollar, telegram kanallarında, sosial şəbəkələrdə, xüsusilə Feysbukda işləyənlər. Bütün bu işdə hər kəsin payı var. Bununla yanaşı, Soros strukturlarına aid olan ayrıca “trol fabrik”ləri, eləcə də parlament və hökumətdə müəyyən insanların rəhbərliyi altında işləyən kiçik qruplar da mövcuddur. Qrup üzvlərinin qarşısında qoyulan əsas vəzifə 15-ə qədər saxta profil yaratmalarıdır”.

Koçaryan qeyd edir ki, Ermənistanda bu və ya digər “fabrik”lərə məxsus trolların ümumi sayı 60-90 min arasında dəyişir.

“Yalnız şərh yaza və ya yalnız bəyənə trollar var. Etibarlı məlumat adı altında fikir formalaşdıran ağıllı trollar da var”- erməni mütəxəssis bildirib.

Məlumatlar Paşinyanın 90 minlik “trol ordusu”nun hazırda itkin düşmüş hərbçi valideynlərinə və “qarabağlı” adlandırdıqları ermənilərə qarşı müharibə apardığını göstərir.

Asif Nərimanlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR