Paşinyan bu tarixdə hakimiyyətdən gedə bilər - Ekspert DETALLARI AÇDI
Bizi izləyin

Nida Təhlil

Paşinyan bu tarixdə hakimiyyətdən gedə bilər - Ekspert DETALLARI AÇDI

“Ermənistanda o qədər acınacaqlı vəziyyət yaranıb ki, hazırda demək olar ki, tam hakimiyyətsizlik hökm sürür. Mövcud dövlət strukturları ölkəni idarə edə bilmir, eyni zamanda əhali heç bir dövlət qurumuna etibar etmir. Formal olaraq hakimiyyət strukturları mövcud olsa da, real olaraq heç bir dövlət strukturu işləmir. Səbəb isə əhalinin etimadsızlığıdır”.

Bu fikirləri Publika.az-a açıqlamasında Bakı Dövlət Universitetinin dosenti, geosiyasət və konfliktologiya üzrə fəlsəfə doktoru Kərəm Məmmədov deyib.

O bildirib ki, büdcənin iqtisadi durumu acınacaqlı vəziyyətdədir, siyasi vəziyyət isə tam böhran keçirir: “Belə bir halda referendum keçirmək qeyri-mümkün məsələdir. Bu da istənilən nəticəni verə bilməyəcək. Tutaq ki, referendum keçirildi, bəs bunun nəticəsi nə olacaq? Əgər hansısa siyasi proses baş tutacaqsa, elə seçki keçirilərdi. Referendumu təşkil etmək üçün dövlət strukturlarına inam yoxdur. Digər tərəfdən, baş nazir Paşinyan hakimiyyətdən getməmək üçün müxtəlif addımlar atır. Bir neçə gündən bir fərqli fikirlər söyləyir, ölkəni kompromisə gətirməyə çalışır. Başqa tərəfdən də Ermənistanda elə bir siyasi partiya və ya lider yoxdur ki, bütün cəmiyyəti öz ətrafında birləşdirsin və ölkəni bu vəziyyətdən çıxarsın. Bunun üçün də indiki halda prezident Armen Sarkisyan bu cür açıqlamalar verib”.

K.Məmmədovun sözlərinə görə, Armen Sarkisyanın dediyində həqiqət var ki, erməni diasporu ilə hakimiyyət arasında həqiqətən də Berlin divarı mövcuddur: “Ermənistanı indiyədək idarə edən diaspor olub. Hazırda da həmin diaspor ilə hökumət arasında mövcud olan vəziyyət Ermənistanı tam iflic vəziyyətə salıb. Diaspor fərqli şeylər istəyir. Hökumət isə bunu görür və real vəziyyətdən hərəkət edirlər. Diaspor heç şübhəsiz ki, müharibənin acı nəticələrini və Ermənistanın məğlubiyyətini həzm edə bilmir. Ermənistan özü bütövlükdə diasporun ianələri ilə daha çox dolanırdı. İqtisadi cəhətdən də onlardan asılı idi. Hazırda qarışıq vəziyyət hökm sürür. Bu qarışıq vəziyyətdən də Ermənistanı çıxarmaq üçün güclü siyasi qüvvə lazımdır. İndiki halda Ermənistanda belə bir siyasi lider yoxdur ki, ölkəni acınacaqlı vəziyyətdən çıxarmaq üçün sinəsini önə versin və hərəkətə keçsin. Ona görə də ölkədə anarxiya vəziyyəti xeyli müddət davam edəcək”.

Politoloq qeyd edib ki, xalq Paşinyanın istefasını tələb edir, Paşinyan isə üzərinə məsuliyyət götürüb, o, öhdəlikləri sona qədər icra etməlidir: “Biz 10 noyabr bəyanatından sonra Paşinyanın bir neçə gün gizləndiyini gördük və üzə çıxanda dedi ki, Ermənistanda hakimiyyətin dəyişməsi üçün azı 6 ay lazımdır. Bu, onu göstərir ki, yaxın 4-5 ayda onun hələ də hakimiyyətdən getmək fikri yoxdur. Öhdəlikləri sonuna qədər icra etməlidir. İnanmıram ki, xalq da əvvəlki prezidentlərin dövründəki kimi xunta rejimlərinə inanıb onların arxasınca getsin. Hazırda Ermənistan çox acınacaqlı vəziyyətdədir. Əhalinin vəziyyətini və iqtisadi böhranı da nəzərə alsaq, seçki və ya referendum keçirmək indiki vəziyyətdə mümkün deyil”.

K.Məmmədov əlavə edib ki, 6 nəfərlik erməni diversant qrupun hücumu da erməni cəmiyyətini sakitləşdirmək üçün atılmış addım idi: “Deyirlər ki, baxın biz müqavimət göstəririk. Amma müharibədə məğlub tərəf olmaqlarına baxmayaraq hələ də çabalayırlar. Bu qrupların hücumu əslində gözlənilən idi. Ermənistan ordusunun tör-töküntüləri meşələrdə, buferlərdə qalmışdı. Onlar orada nə qədər yaşayacaqlardı ki? Gec-tez ortaya çıxmalı idilər. Bu cür qruplardan müdafiə olunmalıyıq. Onlar tam şəkildə bunkerlərdə, tunellərdə qalıblar. Ermənistandakı siyasi qüvvələr də bunlardan heç şübhəsiz ki, təbliğat kimi istifadə edəcək. Əslində onlar Ermənistandan döyüşmək üçün məcbur Qarabağa yığıb gətirilən şəxslərin tör-töküntüləridir. Belə bir addımlar atmaqla bizə ziyan vurmağa çalışacaqlar. Biz o addımlara da hazırıq və onları məhv etdik. Guya o qalıqlar yenidən toplaşırlar deyə informasiya yayılıb. Daha yaxşı, bir yerə çox toplaşsalar, hamısını birlikdə məhv edəcəyik”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm