Başqasının gözündə çöp axtaran, öz gözündə tiri görməyən Avropa
Bizi izləyin

Nida Təhlil

Başqasının gözündə çöp axtaran, öz gözündə tiri görməyən Avropa

Avropada mayın 1-də keçirilən və ondan sonra da davam edən etiraz aksiyaları bir daha göstərdi ki, başqa ölkələrə demokratiya dərsi keçməyə çalışan Avropanın özünə bu dərsin keçilməsinə böyük ehtiyac var. Bu aksiyalardan sonra aydın oldu ki, Avropanın bu cür hallara yol verən ölkələrinin, xüsusilə də insan haqlarından ağız dolusu danışan Fransanın başqalarına “demokratiya” adı altında irad tutması üçün heç bir mənəvi haqqı yoxdur. “Demokratiyanın beşiyi” olan qoca qitənin polisləri aksiyalarda sərbəst toplaşmaq azadlığına malik insanların hüquqlarını onlara şiddət tətbiq edərək, gözyaşardıcı qazlardan, su şırnaqlarından istifadə edərək, hətta atla üstlərinə yeriyərək, itlə hücum edərək pozdu.

Fransada etirazlar - bibər qazı, təzyiqli su, şiddət...

Başqa dövlətlərə öz ölkələrini “demokratiya” nümunəsi kimi təqdim edən Fransada mayın 1-də sarı jiletlilər də daxil olmaqla xalq küçələrə axışdı. Respublika meydanında toplanan minlərlə fransalı paytaxt Parisdəki həmkarlar ittifaqları və qeyri-hökumət təşkilatlarının çağırışı ilə 1 may tədbirləri çərçivəsində Respublika Meydanına yürüdü. Aksiya zamanı nümayişçilərlə polis arasında toqquşmalar olub, etirazçılar zibil qutularını yandırıb, bankın və digər obyektlərin şüşələri sındırılıb və ətraf mühitə zərər dəyib. Polis müxtəlif maddələr atan və Makronun əleyhinə şüarlar səsləndirən nümayişçilərə bibər qazı və təzyiqli su ilə müdaxilə edib, onlara şiddət tətbiq edib.

Əmək və Həmrəylik Günü nümayişlərində ümumilikdə 39 nəfər nəzarətə götürülüb, insanlara şiddət tətbiq olunub. Aksiyalarda 27 polis əməkdaşı xəsarət alıb. Ölkənin Lill və Nantes şəhərlərindəki nümayişlər zamanı polis gözyaşardıcı qazla müdaxilə edib və aksiya iştirakçılarına qarşı şiddət nümayiş olunub.

Fransa Daxili işlər nazirliyinin məlumatına görə, nümayişlərə 106 min, təşkilatçılara görə isə 150 ​​min adam qatılıb.

Almaniyada polis şiddəti

Avropanın daha bir “demokratik” ölkəsi olan Almaniyada da mayın 1-də minlərlə etirazçı küçələrə axın edib. Almaniya polisi paytaxt Berlin şəhərində 1 may günü münasibəti ilə keçirilən nümayişlərində iştirak edən 240 nəfəri saxlayıb. 20 nümayişdə 30 polis əməkdaşı xəsarət alıb.

Noykölln-Kroyzberq bölgəsində 8-10 min nəfərin iştirak etdiyi nümayişlər əvvəlcə dinc şəraitdə keçsə də, axşam saatlarına doğru polislə qarşıdurma yaranıb.

Alman polisi aksiya iştirakçılarına şiddət göstərib, onlara qarşı su şırnağından, göz yaşardıcı qazdan istifadə edib. Nümayişçilər polislərə daş, pirotexnika və şüşə butulkalar atıblar. Ayrıca, aktivistlər taxta paletləri və elektrikli skuterləri yandırıblar. Polis xeyli sayda nümayişçini zor tətbqi edərək saxlayıb və ərazidən kənarlaşdırıblar.

Brüssel polisinin şiddət üsulu - Atlılar, itlər, helikopterlər, pilotsuz təyyarələr

Avropanın mərkəzi hesab olunan Belçikanın paytaxtı Brüsseldə də dünən gənclər küçələrə çıxıb.

Aprelin 1-də “zarafat” olaraq elan edilən, lakin minlərlə gəncin Belçikanın paytaxtı Brüsseldəki parklardan birində toplaşmasına səbəb olan “La Boum” adlı musiqi festivalı yenidən eyni yerdə təşkil edilmək istənib. Sosial mediada təşkil edilən gənclərin bu planından sonra Brüssel polisi geniş təhlükəsizlik tədbirləri görüb və pandemiya səbəbindən gəncləri küçələrə çıxmamağa çağırıb.

Buna baxmayaraq, "Azadlıq" şüarı səsləndirən yüzlərlə gənc parkda bir araya gəlib. Polis nümayişlərdə iştirak edən gənclərə gözyaşardıcı qaz və təzyiqli su ilə müdaxilə göstərib. Bəzi qruplar polisə atəşfəşanlıqla və butulka ataraq cavab veriblər. Gəncləri parkdan çıxarmaq üçün atlı və motosikletlii polsillər, çoxsaylı sosial insidentlərə cavab verən nəqliyyat vasitələri, helikopterlər və pilotsuz təyyarələr daxil olmaqla yüzlərlə polis cəlb edilib.

Belçika polisi nümayişçi gənclərə qarşı şiddət göstərib. Aksiyada etirazçıların üzərinə onları qorxutmaq üçün itlərlə gedilib. Nümayişçilərdən bir çoxu yaralanıb və xeyli sayda gənc nəzarətə alınıb. Yaralananlar arasında polisin də olduğu bildirilir.

Publika.az-a danışan politoloq Natiq Miri Avropadakı hadisələrin baş vermə səbəblərinə aydınlıq gətirib və aksiyalardakı polis şiddətinə münasibət bildirib.

N.Mirinin sözlərinə görə, Avropanın ən güclü ölkələrində baş verən hadisələrin əsas səbəbi vaxtilə həmin ölkələrin digər üçüncü dərəcəli ölkələrə demokratiya və insan hüquqları adı altında sırıdığı ikiüzlülükdür ki, bu gün həmin ölkələrin özünə qarşı qayıtmaqdadır: “Təkcə Fransada baş verən hadisələr sadəcə sosial etirazlar deyil. Artıq bu gün Fransanın gündəmini işğal edən əsas məsələlərdən biri də onlarla general və digər yüksək çinli hərbçilərin hakimiyyətə qarşı çıxması hadisəsidir. İkinci dəfədir ki, həmin generallar hədələyici tonda Emmanuel Makrona müraciət edərək perspektivdə Fransanın çox ciddi problemlərlə üz-üzə qala biləcəyi, hətta parçalana biləcəyi ilə bağlı hədə notunda açıqlamalar verirlər. Əslində, bu məsələ təkcə Fransanın parçalanması və daha demokratik olması ilə bağlı deyil, bu məsələnin kökündə islamafobiya durur və bu bəyanatlarda İslamdan qorxu əsas yer alır. Fransanın zamanında etdiyi bu məsələlər bu gün özlərini vurmağa başlayıb. Bu, bütün Avropa ölkələri üçün, başda ABŞ olmaqla, bütövlükdə qərb dünyasını çox ciddi şəkildə düşündürücü amildir”.

Politoloq bildirib ki, Avropanın əsas aparıcı ölkələrindən biri də məhz Almaniyadır ki, orada da etirazlar polis şiddəti ilə yatırılır: “Çox maraqlıdır ki, bu gün Almaniyada da bir çox generallar və yüksək çinli zabitlər məxfi təşkilatlar yaradaraq A.Merkel hakimiyyətinə qarşı çox ciddi dava açmağa başlayıblar. Bu da zamanında üzə çıxacaq və Avropa toplumunu vurmağa başlayacaq. Dünənə qədər 2016-cı ilin 15 iyulunda Türkiyədə baş verən dövlət çevrilişinə cəhd hadisələri məhz Avropa ölkələri tərəfindən dəstəkləndi. FETÖ-çülərin əksəriyyəti də Avropada gizləndilər ki, bunların da əsasları məhz Almaniya və Fransada yer aldılar. Hakimiyyəti devirməyə cəhd edənlərin heç biri Türkiyəyə ekstradisiya olunmadı. Zamanında bu hadisələrin fonunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan belə bir fikir işlətmişdi ki, “əmin olun, sizin müdafiə etdiyiniz bu hadisələr və insanlar vaxt gələcək ki, sizin özünüzü vurmağa başlayacaq”. Bu gün artıq həmin hadisələr Avropanın göbəyində yaşanmaqdadır”.

N.Miri qeyd edib ki, bu hadisələr qısa müddət ərzində bütün Avropanı bürüyəcək və digər Avropa ölkələrinə də siraət edəcək: “Bu, əslində Avropa ölkələrinə bir xəbərdarlıqdır və bundan ciddi nəticə götürülməzsə, yaxın zaman perspektivində ciddi siyasi böhranla, yeni bir faşizmlə üzləşəcək. Bu, bütün xristian ölkələrinə xas olan xüsusiyyətdir. Avropada yeni faşizm və islamafobiya dalğası güclənməkdədir ki, bu da Avropanın özünü yenidən vurmaq təhlükəsi yaradır”.

Politoloq bu hadisələrin davamlı olacağını düşünür. Görünən odur ki, bütün bunların əsas səbəbi ikili standartlar və əxlaqın tamamilə deqradasiyaya məruz qalmasıdır. Bu gün digər ölkələrə insan hüquqları və demokratiya ilə dərs keçən insanlar əslində, ikili standartlarla, riyakarlıqla, ikiüzlülüklə çıxış edirlər. Bu gün bumeranq xarakterli hadisələr o ölkələrin özlərini vurmağa başlayıb.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm