Bu, jurnalistlərə dövlət dəstəyidir - Bəhruz Quliyev
Bizi izləyin

Nida Təhlil

Bu, jurnalistlərə dövlət dəstəyidir - Bəhruz Quliyev

“Media haqqında” yeni qanun layihəsi bu günün tələblərinə tam şəkildə cavab verir.

Bunu Publika.az-a müsahibəsində “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib.

- Bəhruz müəllim, “Media haqqında” qanun layihəsini yüksək qiymətləndirənlərlə yanaşı, pisləyənlər də var. Doğrusu, pisləyənlərdən tutarlı arqumentlər görə bilmirik. Həmin adamlar, media mənsubları bu layihəni pisləyərkən hansı məqsədi güdür?

- Bilirsiniz, zaman keçdikcə, həyat yeniləndikcə qlobal dünyanın çağırışları özü ilə bir sıra yeniliklər gətirir. Bununla bağlı bir misal çəkmək istəyirəm. Bizim Konstitusiyamız 1995-ci ildə qəbul olunub. O vaxt Ulu öndər Heydər Əliyevin birbaşa tapşırığı və təşəbbüsü ilə hazırlanıb. Ümumxalq səsverməsi ilə qəbul edilib. İllər keçdikcə bir neçə dəfə həmin qanuna dəyişikliklər, əlavələr olunub. Görün, neçə dəfə referendumlar keçirilib. Təqribən hər 7 ildən bir Konstitusiyamız dəyişilib. Bu o deməkdir ki, yeni dünyanın çağırışlarına qoşulmaq, yeni dünya ənənələrinə inteqrasiya etmək vacib şərtlərdən biridir. Biz 1999-cu ildə “Kütləvi informasiya vasitələri haqqında” Qanun qəbul etmişik. Bu qanun müasir medianın, yeni baxışları, modern medianın inkişaf strategiyasını, onun hüquqi bazasını yarada bilmirsə, əgər axsayırsa, dünya standartlarına cavab verməkdə çətinlik çəkirsə, o zaman media haqqında yeni qanunun qəbul olunması vacibdir. Bəzən mən görürəm ki, müxtəlif internet televiziyaları vasitəsilə, eləcə də fərqli-fərqli sosial şəbəkələrdə bəzi özünü jurnalist adlandıran, özünə hansısa jurnalist təşkilatının rəhbəri deyən adamlar çox sərt şəkildə əsassız tənqidə yol verirlər.

- Bu əsassız tənqid məsələsini bir qədər də açmaq mümkündürmü?

- Məsələn, belələri iddia edir ki, jurnalistə vəsiqə verilməsi jurnalistlərin fəaliyyətini məhdudlaşdırır. İddia edirlər ki, dünya standartlarında belə bir şey yoxdur.

- Qardaş ölkə Türkiyədə vahid “basın kartı” anlayışı mövcuddur.

- Təkcə Türkiyədə belə deyil. Demokratik dövlətlərin əksəriyyətində vahid kart sistemi var. Bu o deməkdir ki, jurnalistlərə müəyyən imtiyazların verilməsində, cəmiyyətdəki sosial məsələlərdə, media mənsubunun özünün təqdimatında keçərlidir. Eyni zamanda bu, jurnalistlərə dövlət tərəfindən maddi-mənəvi dəstəkdir. Sənə deyilmir ki, jurnalist fəaliyyəti göstərmək istəyirsənsə, hökmən vahid media kartı alacaqsan. Sən kart alma, əgər istəmirsənsə, alma. Burada konkret olaraq vahid kartın alınması şərti qoyulmur. Əgər hansısa özəl və ya dövlət universitetinin jurnalistika fakültəsini bitirdinsə, “hökmən vahid media kartı sistemində, reyestrdən qeydiyyatdan keçib, oradan kart almalısan” deyə bir şey yoxdur. Sən o kartı almaya da bilərsən. Yalnız orada qeydiyyatdan keçənlər jurnalistika fəaliyyəti ilə məşğul ola bilər kimi məhdudiyyət qoyulmur. Belə bir şey yoxdur. Bilirsiniz, jurnalistika azad peşədir. Şairlik, yazıçılıq, jurnalistlik yaradıcı peşədir. Yəni yaradıcı fəaliyyət növüdür. Ona məhdudiyyəti nə dövlət qoyur, nə də hansısa bir aidiyyəti qurum...

- Bəs o zaman yeni qanun layihəsində nəzərdə tutulmuş müddəalarla biz nə istəyirik?

- Jurnalistika sisteminin yenilənməsi onu göstərir ki, biz jurnalistlərin adından çıxış edən, bu peşəni ləkələyən, adını jurnalist qoymuş və başqa-başqa məqsədlərlə jurnalistikaya soxulmuş insanlardan jurnalistikamızı təmizləmək istəyirik. Biz Azərbaycanda həqiqətən də azad jurnalist görmək istəyirik. Biz ölkəmizdə ciddi jurnalist görməyi arzulayırıq. Dünya trendləri belədir ki, bu gün sosial şəbəkələrdə hər kəs məlumat paylaşır. Bu o deməkdir ki, hamı jurnalistdir?!

- Doğrudanmı hər məlumat paylaşan jurnalistdir?

- Xeyr, jurnalist deyil. Hərə bir məlumatı haradansa alır, onu ictimailəşdirir. Adını da jurnalistika, jurnalist qoyur. Deməli, “jurnalist kimdir” sualına açıqlama vermək, onu aydınlaşdırmaq həm dövlət, həm də qanun tərəfindən müəyyənləşdirilməlidir. Eyni zamanda jurnalistlər öz daxilində də müəyyənləşdirməlidir ki, “jurnalist kimdir və bu fəaliyyətlə kim məşğul ola bilər”. Yəni burada qeyri-qanuni bir şey yoxdur. Əksinə, bu, müsbətə doğru atılmış yeni bir addımdır. Başqa bir müqayisə edim; bəziləri bildirirlər, tənqid edirlər ki, niyə yeni “Media haqqında” qanun layihəsində bəzi internet resurslarına qadağalar qoyulur. Necə qadağa qoyulur?! Biz dünya ölkələrinə nəzər salaq, İngiltərəni, Avropa ölkələrini götürək. Özünə demokratik deyən istənilən ölkənin birini götürsək, orada hər hansı formada internet blogerlərinə belə müəyyən məqamlarda hədlər qoyulur. Yəni onlar bu və ya digər həddi keçə bilməz. İndi gəlin, Azərbaycana baxaq; Azərbaycan Şərq ölkəsidir. Biz müsəlman ölkəsi olmaqla yanaşı, dünyəvi dövlət qurmuşuq. Dünyəvi dövlət kimi Azərbaycan dünyanın bütün yeniliklərini özündə cəmləyib. Amma bizim bir sıra maddi, mənəvi dəyərlərimiz var. Bizim Şərq, müsəlman ənənələrimiz mövcuddur. Bizim ailə institutumuz, dilimiz var. Yəni bu dəyərləri qorumaq üçün bütün dövrlərin ən aparıcı ziyalıları müzakirə aparıblar. Onlar yekunda bu fikrə gəliblər ki, bu məsələlərdə hər hansı formada məhdudiyyət qoymaq lazımdır ki, bizim dilimiz, ənənələrimiz, mədəniyyətimiz, mənəviyyatımız, əxlaqımız qorunsun. Bizə qarşı olan mədəni, mənəvi terrorlardan özümüzü sığortalamalıyıq. Ona görə də media haqqında bu cür yeni qanunun qəbulu vacibdir. Təəssüflər olsun ki, bunu istəməyən adamlar, onun əleyhinə çıxanlar bizim mənəvi dünyamızı dağıtmaq istəyənlərdir. Bizim azərbaycançılıq ideologiyamızı dağıtmaq istəyən adamlar, müsəlman ənənələrimizin əleyhinə gedənlər bu gün onu istəyirlər ki, bu qanun layihəsi qəbul olunmasın. Axı, bizim ailəmizdə körpələrimiz böyüyür. Onların əxlaqi, mənəvi, psixoloji tərbiyəsini kim aparmalıdır?! Bu gün internetdə, internet üzərindən yayımlanan bəzi informasiyalar çağırılmamış qonaq kimi birbaşa həyatımıza, evimizə, ailəmizə daxil olub. Bunlara məhdudiyyət tətbiq edilməlidir. Ailəmizin, uşaqlarımızın gələcəyini sığortalamaq üçün qanun lazımdır. Burada qeyri-adi, qəbahət olan nəsə yoxdur.

- Bəlkə həmin şəxslər bunu mediaya senzura kimi qəbul edirlər?

- Bunun adı senzura deyil. Bunu düzgün anlamaq lazımdır. Dövlət nə mətbuatın, nə də insan haqlarının üzərinə senzura qoyur. Heç bir məhdudiyyətdən söhbət getmir. Sadəcə olaraq onu düzgün anlamaq lazımdır ki, biz Azərbaycanımızı, dövlətimizi, ailəmizi, uşağımızı, gələcəyimizi, mənəviyyatımızı qorumaq, gəncliyimizin sağlam, vətənpərvər ruhda böyüməyini, mənəvi, tarixi ənənələrimizi yaşadaraq gələcək nəslə ötürmək istəyiriksə, müxtəlif qanunları qəbul etməliyik. Buraya “Media haqqında” qanunun yenilənməsi məsələsi də daxildir. Orada müəyyən məhdudiyyətlərin olması vacibdir. Dünən “KİV haqqında” qanun qəbul etmişiksə, bu gün media haqqında qanun qəbul edirik. Bu gün mediaya kompleks yanaşma labüddür. Mediaya birgə prizmadan yanaşmaq, onların hər birini media subyekti kimi dəyərləndirmək, onların fəaliyyətini tənzimləmək, onun hüquqi bazasını formalaşdırmaq lazımdır. Bunun nəyi pisdir?! Bu, kimi qane etmir?! Belə başa düşürəm ki, “Media haqqında” qanun layihəsi son dərəcə dəqiq hazırlanıb. Orada olan maddələr mətbuatın bütün sahələrini əhatə edir.

- Yəni yeni qanun layihəsi idealdır?

- Baxın, bu o demək deyil ki, yeni qanun layihəsi idealdır. Bu həyatda ideal heç nə yoxdur. Amma bu gün üçün idealdır. Sabah yenə də bu qanunun hansısa formada dəyişməsinə ehtiyac olacaq. Əgər biz 22 il əvvəl “KİV haqqında” qanunu qəbul etmişiksə, onu 79 dəfə də dəyişmişik. Bu gün o qanunun effektivsizliyini hiss edirik. İndi o qanunun yenilənməyinə ehtiyac var. “Media haqqında” yeni qanun layihəsində göstərilən bütün maddələr bu gün üçün zəruridir. Sabahın tələblərinə cavab verməyə bilər, o zaman oraya yenidən əlavə dəyişikliklər olacaq. Bu o deməkdir ki, zaman keçdikcə hər qanunda dəyişikliklərə ehtiyac yaranır. Biz demirik ki, ən idealı budur və ya bundan o tərəfi yoxdur, xeyr! Bu günün tələblərinə cavab verən budur, idealdır, yaxşıdır. Bugünkü medianın tələblərinə tam cavab verir, onun fəaliyyətini formalaşdıra bilir.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm