Paşinyan Makrona belə xəyanət etdi
Bizi izləyin

Nida Təhlil

Paşinyan Makrona belə xəyanət etdi

Fransanın İle-de-Frans regionunun rəhbəri, Respublikaçılar Partiyasından prezident seçkilərinə namizəd Valeri Pekres Ermənistana, daha sonra isə Qarabağa qanunsuz səfər edib. Bu da azmış kimi, Xankəndidən fotolar paylaşaraq erməni xalqının yanında olduğunu göstərib.

Politoloq Turan Rzayev Publika.az-a açıqlamasında Valeri Pekresin səfəri ilə bağlı fikirlərini bölüşüb.

Ekspertin fikrincə, fotolardan da görünür ki, Pekres açıq-aydın artistlik məharəti nümayiş etdirərək seçkilərdə Fransadakı erməni lobbisinin dəstəyini qazanmağa çalışır:

"Aydın məsələdir ki, Valeri Pekresin Ermənistana və xüsusilə Qarabağa səfəri siyasi avantüra və populizmdir. O, bununla həm də Fransa daxili siyasətinin eybəcərliyini və bütün mənəvi-etik dəyərlərdən kənar olduğunu göstərir. Fransa siyasətçiləri istər ölkə daxili, istərsə də xarici siyasət məsələlərində tarixən ermənilərdən istifadə ediblər. Hətta hazırda vəziyyət elə bir həddə çatıb ki, prezidentliyə namizədin qələbə şansı erməni lobbisi və diasporunun dəstəyi ilə ölçülür. Bu mənada Pekres də sələflərindən fərqli davranmır. Hesab edirəm ki, prezidentliyə namizəd də olsa, Valeri Pekres Azərbaycanda arzuedilməz şəxslər siyahısına daxil edilməlidir. Məsələ bu şəxsin Qarabağa səfər etməyindən yox, qanunsuz səfər etməyindən gedir. O, Qarabağa səfər etmək istəyirdisə, bunu rəsmi Bakıya bildirməli idi. Qarabağ Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazisidir. Valeri Pekres və digər namizədlər ilk növbədə bunu anlamalıdır ki, başda ölkələri Fransa olmaqla, bütün dünya Qarabağı Azərbaycanın ərazisi olaraq tanıyır".

Turan Rzayev hesab edir ki, bu mənada Pekresin Qarabağa səfəri ölkəsinin siyasi iradəsini pozmaq deməkdir:

"Pekres və Fransa senatında olan digər ermənipərəstlərin münaqişəni yenidən alovlandırmaq, revanşizm, separatçılığı dəstəkləmək və ona dini don geyindirmək cəhdləri təhlükəlidir. Məsələyə xristian təəssübkeşliyi, səlibçi təfəkkürü və rasist orientalizm ideologiyası ilə baxmaq təhlükəli fəsadlar yarada bilər. Paşinyan Makrona xəyanət etdi. O, Pekresin Ermənistana səfər etməsinə şərait yaratmaqla özünün ən ciddi dəstəkləyicisi olan hazırkı Prezident Emmanuel Makrona əsl münasibətini göstərdi. Məsələ ondadır ki, Paşinyan Makronun da seçkilərə qatılacağını və ikinci dəfə prezident seçilmək istədiyini yaxşı bilir. Digər tərəfdən, Pekres hazırda Makronun ən ciddi rəqibi hesab edilir. Makronun ən ciddi rəqibinin dövlət protokol atributları ilə qəbul olunması faktiki olaraq Nikol Paşinyanın Emmanuel Makrona xəyanət etməsinə dəlalət edir. Makron Paşinyana görə Azərbaycanla ən kəskin mübahisəyə çıxan və bizə əsassız ittihamlar irəli sürən Avropa lideri idi. Ümumiyyətlə, bu şəxs Fransa tarixində ermənilərə bu qədər açıq dəstək verən tək insandır. Hesab edirəm ki, Makron Paşinyanın bu hərəkətini unutmayacaq və ikinci dəfə prezident seçilsə, bu, Fransa-Ermənistan münasibətlərinə yansıyacaq".

Politoloqun sözlərinə görə, baş verənlərlə bağlı sülhməramlılar izahat verməlidir:

"Hazırda Valeri Pekresin Qarabağa qanunsuz səfər etməsindən daha aktual bir məsələ onun bu səfərinin necə baş tutmasıdır. Ermənistandan Qarabağa yalnız Laçın dəhlizi vasitəsilə daxil olmaq olar. 10 noyabr bəyanatına görə, Laçın dəhlizi müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarətindədir. Maraqlıdır, Rusiya sülhməramlıları Laçın dəhlizində nə ilə məşğuldurlar? Onlar işlərini və üzərlərinə düşən öhdəliklərini ya yerinə yetirə bilmirlər, ya da yetirmək istəmirlər. Hesab edirəm ki, bu məsələ ilə bağlı həm Rusiya sülhməramlılarının komandanlığına, həm də Rusiyaya xəbərdarlıq edilməlidir. Məsələ ondadır ki, sülhməramlıların gözü qarşısında Qarabağa silah və sursat da daşınır. Onlar əgər Valeri Pekres kimi bir şəxsin də Qarabağa qanunsuz səfərinin qarşısını ala bilmirsə, fəaliyyətləri kimə lazımdır?"

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm