Nida Təhlil
Bakının strateji gedişi və qazancı: Rusiya ilə müttəfiqlik sənədində nələr var?
Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin fevralın 22-də Moskvada “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannamə imzaladı. Mövcud geosiyasi proseslər, Azərbaycan uzun illər həyata keçirdiyi çoxvektorlu xarici siyasət və bəyannamənin bəndləri bunun Prezident İlham Əliyevin milli maraqlarımızın qorunması naminə atdığı növbəti mühüm addım olduğunu deməyə əsas verir.
Azərbaycanın əsas prioriteti milli maraqlara söykənən xarici siyasətin həyata keçirilməsidir: bu siyasətdə region ölkələri və beynəlxalq aləmlə qarşılıqlı münasibətlərin qurulması, bütün güc mərkəzləri ilə əməkdaşlığın aparılması, heç bir cəbhədə yer almamaqdır.
Qoşulmama Hərəkatına üzv olmağımız və ölkəmizin hərəkata uğurla sədrlik etdiyi dövrdə qlobal sülh naminə irəli sürdüyü təşəbbüslər, həyata keçirdiyi layihələr də bundan xəbər verir. Və təbii ki, Azərbaycan üçün öncəlik qonşu ölkələrlə münasibətlərin inkişafıdır. Öz sərhədlərində təhlükəsiz, mehriban münasibətlər yarada bilən ölkələr beynəlxalq aləmdə mövqelərini daha yaxşı qoruya bilirlər. Bunun Azərbaycanın təcrübəsində müsbət, başqa ölkələrin təcrübəsində mənfi nəticələri ortadadır.
Azərbaycanın təbbi və əsas müttəfiqi qardaş Türkiyədir. “Bir millət iki dövlət” prinsipinə söykənən bu müttəfiqliyin tarixi kökləri var. 2021-ci ilin 15 iyun tarixində Şuşada Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğann imzaladığı “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” bu müttəfiqliyi daha yüksək səviyyəyə daşıdı. Sənəd hər iki ölkənin parlamentində ratifikasiya olunub, dövlət rəhbərləri tərəfindən təsdiqlənib. Türkiyə ilə Azərbaycan arasında münasibətləri müttəfiqlik səviyyəsinə yüksəldən bəyannamə ilə Azərbaycan öz təhlükəsizliyi üçün əlavə zəmanət əldə edib.
Türk dövlətləri ilə münasibətlərə və, milli kimliyinə, kökünə xüsusi önəm verən Azərbaycanın qonşu Gürcüstan və İranla da münasibətləri yüksək səviyyədədir.
Bununla yanaşı, ölkəmizin Avropa İttifaqı ilə də münasibətləri yüksələn xətlə inkişaf edir. Mart ayında Bakıda Azərbaycan və Avropa İttifaqı arasında növbəti təhlükəsizlik dialoqu keçiriləcək. Azərbaycan bu ilin birinci yarısında Avropa İttifaqı ilə ikitərəfli saziş üzrə danışıqları bitirmək və sazişi imzalamaq niyyətindədir. Bunun fonunda Azərbaycanın Avropanın enerji təchizatında, köhnə qitənin enerji təhlükəsizliyinin təmin edilməsində çəkisi durmadan artır. Cənub Qaz Dəhlizi kimi nəhəng enerji layihəsinin təşəbbüskarı Azərbaycandır. Cənub Qaz Dəhlizi təkcə Avropaya enerji marşrutu deyil, həm də enerji mənbələrinin şaxələndirilməsi layihəsidir.
Azərbaycanın NATO ilə də münasibətlər uğurla inkişaf edir. 2021-ci il dekabr ayında Prezident İlham Əliyev Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşüb. Bu il fevralın 15-də Yens Stoltenberq Prezident İlham Əliyevə zəng edib. Söhbət zamanı Y.Stoltenberq Avropanın etibarlı qaz təchizatçı olmasına və qaz ixracını artırmasına görə Azərbaycana təşəkkürünü ifadə edib.
Bütün bunlar - müstəqil, öz milli maraqlarına əsaslanan çoxşaxəli siyasət Azərbaycanın beynəlxalq arenada rolunun və nüfuzunun yüksəlməsini, region ölkələri, dünyanın güc mərkəzləri ilə etibarlı və qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmağa və onu inkişaf etdirməyə imkan verib. Prezident İlham Əliyev çoxvektorlu siyasətlə Azərbaycanı geosiyasi təlatümlərdən qoruyub, hazırda həyata keçirilən siyasət də buna imkan verir.
Azərbaycanın yüksək münasibətlərə malik olduğu ölkələrdən biri də Rusiyadır. BMT Təhlükəsizlik Şurasının üzvü kimi dünyanın ən güclü ölkələrindən olan Rusiya ilə humanitar, mədəni sektordan tutmuş siyasi-hərbi sahəyə qədər çoxşaxəli əməkdaşlıq qura bilmişik. Bu əməkdaşlıqda iki ölkə lideri arasındalı qarşılıqlı hörmət və etimada əsaslanan dostluq münasibətləri də mühüm rol oynayır.
Rusiya ilə imzalanan müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə xüsusilə Vətən müharibəsindən sonra bölgədə yaranmış reallıqlar baxımından əhəmiyyətlidir.
Müharibədən sonra Cənubi Qafqazda yeni regional nizam formalaşır və bu nizamın əsas oyunçuları Azərbaycan, Türkiyə və Rusiyadır. Türkiyə ilə müttəfiqlik bəyannaməsi imzalayan eynitipli bəyannaməni Rusiya ilə də imzalamaqla bölgədəki yeni konfiqurasiyanı möhkəmləndirmiş oldu. Bu, həm də müharibədə əldə etdiyimiz qələbənin siyasi-diplomatik cəbhədə daha da möhkəmləndirilməsi, Azərbaycanın regionda yaratdığı yeni reallığın tam olaraq qəbul edilməsi baxımından əhəmiyyətlidir.
Moskva Bəyannaməsinin mətninə nəzər yetirdikdə də rəsmi Bakının mühüm nəticə əldə etdiyini anlamaq olur.
Bəyannamə Azərbaycan və Rusiya arasında münasibətləri keyfiyyətcə yeni müttəfiqlik səviyyəsinə yüksəldir. Bəyannamədə BMT Nizamnaməsinə, Helsinki Yekun aktına, beynəlxalq hüququn hamılıqla qəbul olunmuş norma və prinsiplərinə riayət olunmasının vacibliyi vurğulanır. Beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında BMT-nin aparıcı rolu qabardılır.
Moskva Bəyannaməsinin ana qayəsi ondan ibarətdir ki, hər iki ölkə müttəfiqlik fəaliyyətini bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı fayda, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulmasına dair öhdəlik götürürlər.
Bəyannamədə xüsusi olaraq vurğulanır ki, hər iki ölkə müstəqil xarici siyasət yürüdür. Hər iki ölkə müttəfiqlik münasibətlərinə xələl gətirən hərəkətlərdən, eləcə də bir-birinə qarşı yönəlmiş hərəkətlərdən çəkinməyə dair öhdəlik götürürlər. Hər iki ölkə öz ərazisində hər hansı bir təşkilat və şəxslərin digər tərəfin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını alacaqlar.
Bəyannamədə keçmiş münaqişəyə son qoymuş 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın, eləcə də 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyi vurğulanır. Bu, xüsusilə əhəmiyyətlidir. Çünki Rusiya və Azərbaycan münaqişənin bitdiyi reallığını bir daha təsdiq edir və 10 noyabr razılaşmasının icra edilməyən bəndlərinin həyata keçirilməsində, kommunikasiyanın açılmasında, sərhədin delimitasiya və demarkasiya olunmasında və nəhayət yekun sülh sazişinin imzalanmasında səylərin birləşdirilməsi ilə bağlı razılaşırlar.
Bəyannamədə Qafqaz regionu və Xəzərdə sabitliyin və təhlükəsizliyin təmin edilməsində də qarşılıqlı fəaliyyətin zəruriliyi qeyd olunur və bu xüsusda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyada nəzərdə tutulmuş bütün fəaliyyət prinsiplərinin vacibliyi təsdiq edilir. Bəyannamədə beynəlxalq terrorçuluq, ekstremizm, separatçılıq, transmilli mütəşəkkil cinayətkarlıq və digər bu tipli təhdidlərin qarşısının alınması üçün səylərin birləşdirilməsi qeyd olunur.
Mühüm məqamlardan biri də iki ölkə arasında qarşılıqlı faydalı ticarət-iqtisadi, sərmayə və elmi-texniki əməkdaşlığın dərinləşdirilməsi və onların keyfiyyətcə yeni səviyyəyə qaldırılması öhdəliyidir. Hər iki tərəf bir-birinin maraqlarına zərər vuran istənilən iqtisadi fəaliyyətin həyata keçirilməsindən çəkinmək öhdəliyi götürürlər.
Azərbayca bu bəyannamə ilə geosiyasi toqquşmanın yaşandığı dünyada öz təhlükəsizliyini daha da artırır, ərazi bütövlüyü və suverenliyinin qorunmasında əlavə güc əldə edir.
Amma və lakin...
Geosiyasi proseslərin mahiyyətini anlamayan, bəyannamədə əks olunanları dərk etmək istəməyən bəlli bir kəsim rəsmi Bakının strateji gedişini yanlış təqdim edir, yanlış rəy formalaşdırmağa cəhd edirlər. Hərçənd, gerçəklik ortadadır, bəyannamənin mətni açıqlanmamışdan öncə səslənən müxtəlif iddialar, mülahizələrin heç birinin bəyannamədə əks olunmadığı gerçəkliyi ortaya çıxan kimi...
Birincisi, Prezident İlham Əliyevin Rusiyaya səfəri uzun müddətdir planlaşdırılırdı. Müttəfiqlik sənədinin hazırlanması və tərəflər arasında razılaşdırılması uzun sürən prosesdir, yəni məsələ heç də iddia edildiyi kimi indi ortaya çıxmayıb.
İkincisi, Prezident İlham Əliyev Yeni il ilə əlaqədar xalqa müraciətində Rusiya ilə əlaqələrin keyfiyyətcə yeni səviyyəyə qalxacağının anonsunu vermişdi. Bu baxımdan Bəyannamənin imzalanması yeni gündəmə çıxan məsələ deyil. Məsələ regionda gedən son proseslərlə əlaqələndirilə bilməz.
Üçüncüsü, Bəyannamə tərəflər arasında bərabərhüquqlu münasibətləri yüksək səviyyədə tənzimləyən sənəddir, hər iki tərəfin, o cümlədən də Rusiyanın üzərinə ciddi öhdəliklər qoyur. Bu öhdəlik Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, separatizmə qarşı mübarizə, bir birinin daxili işlərinə qarışmamaq və digər məsələləri əhatə edir.
Dördüncüsü, Azərbaycan Qoşulmama Hərəkatının üzvü və fəaliyyətdə olan sədridir. Azərbaycan çoxşaxəli, öz milli maraqlarına uyğun müstəqil siyasət yürüdür, onun digər ölkələrlə münasibətləri heç vaxt üçüncü tərəfə qarşı yönəlməyib.
Beşincisi, Türkiyə ilə imzalanmış Şuşa bəyannamasi kimi, Rusiya ilə Moskva bəyannaməsi də Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir. Azərbaycan öz müstəqil siyasətinə, təhlükəsizliyinə əlavə zəmanət qazanır.
Burada xüsusi vurğulanmalı bir məqam da var: Azərbaycanla Rusiya arasında müttəfiqlik Ermənistana böyük zərbədir. Artıq Ermənistan müttəfiqlik əlaqələri, üçüncü tərəfin mübahisələrə cəlb edilməsi kimi məsələlərdən sui-istifadə edə bilməyəcək. Belə demək mümkünsə, bəyannamə Rusiyanın Azərbaycan və Ermənistana münasibətdə neytrallığını rəsmiləşdirdi.
Sənəd bir daha təsdiq etdi ki, bəzi maraqlı şəxslərin, siyasi qrupların bu müqavilənin mahiyyətini təhrif etməsi, onun Azərbaycanın müstəqilliyini məhdudlaşdıran, təhlükəsizliyinə xələl gətirən addım olması ilə bağlı iddiaları yanlışdır. Belə iddiaların iki qaynağı var: birincisi, sənədin mahiyyətini dərk etmirlər; ikincisi, bəlli qruplar məqsədi şəkildə yalnız rəy formalaşırmağa çalışır;
Bəyannamənin mətni bunu əyani şəkildə sübut etdi.
-
Sosial23:24
Sevgilisindən 836 min manat tələb edən tiktoker HƏBS OLUNDU
-
Region23:00
Türkiyədə bu bank kartlarından nağd pul çıxarmaq BLOKLANDI
-
Sosial22:20
Çingiz Şəfiyev vəfat etdi - FOTO
-
Magazin221:24
Türkiyənin ən varlı məşhurları onlar imiş... - ADLAR
-
İdman20:24
Arda Gülerin yeni klubu AÇIQLANDI
-
Sosial20:00
Pensiya alanların NƏZƏRİNƏ: ödəniş yekunlaşdı
-
Avropa19:48
Qızın adından görüşə dəvət edib başına elə oyun açdılar ki... - 7 nəfərdən DƏHŞƏTLİ ƏMƏL
-
Mistika19:24
Ərə getmək istəyən qadın falçıya yazdı, 22 mini getdi: "Mənimlə evlənəcəksən"