Avropada yeni MÜHARİBƏ: Serbiya və Kosova niyə silaha sarıldı? - VİDEO
Bizi izləyin

Nida Təhlil

Avropada yeni MÜHARİBƏ: Serbiya və Kosova niyə silaha sarıldı? - VİDEO

Balkan bölgəsində yeni müharibənin alovlanacağı riskləri gündəmdədir. Dünən Serbiya və Kosovanın qarşılıqlı hərbi ritorikası və buna uyğun atılan addımlar gərginliyin arzuolunmaz həddə çatdığını göstərir.

Serbiya və Kosova arasında qarşıdurmanın köklərinin olduğu, Belqradın Priştinanı tanımadığı bəllidir. Lakin son gərginliyin nədən qaynaqlandığı da maraqlı məqamdır.

Publika.az
xəbər verir ki, Serbiya və Kosova arasında qarşıdurmanın səbəbi rəsmi Priştinanın serblərlə bağlı qərarıdır.

Kosovaya daxil olan Serbiya nömrəli avtomobillərə müvəqqəti nömrə və keçid sənədi verilməsini nəzərdə tutan qərarın bu gün tətbiqinə start veriləcəyi gözlənilir. Qərarın işə düşməsinə saatlar qalmış Belqrad və Priştina arasında “soyuq müharibə”nin isti mərhələyə keçməsi təhlükəsi ortaya çıxdı.

- Kosovanın şimalında yerləşən və serblərin kompakt yaşadığı Mitroviça şəhərində həyacan siqnalları eşidildi: bu siqnalın serblərin qərara etiraz etmək üçün planlaşdırılan aksiyaya dəvət edilməsi məqsədi daşıdığı deyilir; bölgədəki serblər barikkadalar qurub, Kosova polisinə silahlı hücumların olduğuna dair məlumatlar var;
- Serbiya prezidenti Aleksandr Vuçiç “biz sülhə çalışacağıq, lakin təslim də olmayacağıq, Serbiya bu gün asanlıqla məğlub edə biləcəyiniz ölkə deyil” açıqlamasını verdi; Vuçiç iddia edib ki, Kosova ordusu Serbiyaya hücum edəcək (bu açıqlama daha çox serblərin mümkün hücumuna haqq qazandırmaq cəhdi ola bilər);
- Kosova baş naziri Albin Kurti baş verənlərə görə Serbiyanın məsuliyyət daşıdığını açıqlayıb, əlavə edib ki, “qarşıdakı həftələr daha çətin və problemli ola bilər”;

Baş verənlərin ikitərəfli və regional proseslərdən qaynaqlandığını demək mümkündür.

Proseslərə Serbiya-Kosova pəncərəsindən baxdıqda bu iki ölkə arasında gərginliyin daim mövcud olduğu və istənilən hadisənin ocağı yandırmağa bəs edəcək qığılcım rolunu oynaya biləcəyini deyə bilərik. Nömrə qarşıdurması da bu qığılcımlardan biridir. Hələ 2016-cı ildə Kosova və Serbiya arasında imzalanan sərbəst trafik haqda anlaşmanın müddəti başa çatıb və rəsmi Priştina ölkədə yalnız Kosova nömrəli avtomobillərin hərəkətinin mümkün olacağı qərarını verib, nəticədə şimalda kompakt yaşayan serblər buna etiraz edir, polisin müdaxiləsindən sonra qarşıdurmanın silahlı mərhələyə keçməsi gözləntisi artıb. Serbiya isə ümumiyyətlə Kosova nömrəli avtomobillərin ölkəyə girişinə icazə vermir, əvəzində Priştinanın qərarını “serblərə təhdid” olaraq görür. Bu, Belqradın Kosovanı öz ərazisi kimi qəbul etməsi prinsipindən qaynaqlanır.

Prosesin regional və geosiyasi tərəflərinə baxdıqda ilk diqqət Ukrayna müharibəsinə yönəlir. Belqrad bölgədə Moskvanın ən yaxın tərəfdaşıdır, Kosovanın qərarına etiraz edən ilk ölkənin Rusiya olması da bu kontekstdə diqqət çəkir. Əsas versiya kimi gərginliyin arxasında Rusiyanın ola biləcəyi önə çıxır. Moskva Ukrayna cəbhəsində müharibə apararkən, Avropanı da içəridən “qaynadır” kimi görünür. Hərçənd, burada ümumiyyətlə Balkan regionunda baş verənlər də diqqətdən yayınmamalıdır.

Ukrayna müharibəsindən öncə Balkan bölgəsində siyasi tarazlığın yenidən qurulması, güc balansının bölüşdürülməsi məsələsi gündəmə gəlmişdi və belə görünürdü ki, dünyanın yenidən təsir dairəsinə bölüşdürülməsi perspektivində özünü keçmiş Yuqoslaviyanın varisi hesab edənlər bölgədə yenidən ön plana çıxmaq istəyirlər.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm