Dövləti təhdid edən gizli ittifaq: AXCP və Müsavat siyasi səhnədən getməlidir!
Bizi izləyin

Nida Təhlil

Dövləti təhdid edən gizli ittifaq: AXCP və Müsavat siyasi səhnədən getməlidir!

Hər bir dövlətin davamlılığı və təhlükəsizliyi üçün siyasi müxalifətin mövcudluğu zəruri anlayış kimi qəbul olunur. Müasir dövlət anlayışında, xüsusilə “soyuq müharibə”dən sonrakı dövrdə formalaşmış beynəlxalq münasibətlər sistemində müxalifətin mövcudluğu məsələsi demokratik prinsiplərin əsas komponenti kimi qeyd olunsa da, təməl prinsiplər məhz dövlət təhlükəsizliyinin təmin edilməsidir. Çünki siyasi müxalifət böhran vəziyyətində, misal üçün, müharibə və ya təbii fəlakətlər zamanı cəmiyyətin dövlətin ətrafında birləşməsini, eləcə də xalqın təhlükəsizliyinin qorunması üçün lazım olanda iqtidarın əvəzlənməsini həyata keçirən qüvvədir. Bu baxımdan, hər bir ölkədə hakimiyyətdə olan qüvvələr sağlam müxalifətin mövcudluğunu dövlət təhlükəsizliyinin əsas elementi kimi qəbul edir.

“Sağlam müxalifət” anlayışı son illər beynəlxalq siyasi leksikonda intensiv şəkildə gündəmə gəlir. Bu cür təsnif edilən siyasi qüvvələr iqtidara opponentlik etsə də, bütün fəaliyyətini qanun çərçivəsində qurur, ölkənin inkişafı üçün alternativ təkliflər irəli sürür və bütün tənqidi mövqeyinə rəğmən, dövlət təhlükəsizliyini təhdid edən risklərə qarşı vahid cəbhədən çıxış edir. “Sağlam müxalifət”in olmadığı ölkələrdə dövlət təhlükəsizliyinə ciddi risklər yaranır, xüsusilə xarici müdaxilə riskləri fonunda.

Son günlər ölkədə baş verənlər – Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin dövlət çevrilişi planlarında müxalifətin də yer aldığı haqda məlumatlar, ümumiyyətlə iqtidar və müxalifətdə müəyyən qrupların özlərinin və xarici dövlətlərin maraqlarına uyğun separat ittifaqları haqda deyilənlər bu məsələni aktuallaşdırıb: Azərbaycanda siyasi müxalifət sağlamdırmı, yaxud müxalifət arasında sağlam qüvvələr mövcuddurmu?

Siyasi müxalifətdə sağlam qüvvələrin olmadığını deyə bilmərik, lakin bütün müxalif qüvvələrin sağlam olmadığı bəllidir, xüsusilə AXCP və Müsavat partiyalarının dövlət təhlükəsizliyinə yaratdığı təhdidlər bu məsələni aktuallaşdırır.

“Teleqraf” İnformasiya Agentliyinin Azərbaycanda dövlət çevrilişi planı ilə bağlı Rusiyaya məktub ünvanlayan Ramiz Mehdiyevin 50 nəfərdən ibarət yaratmaq istədiyi “Dövlət Şurası”nda müxalifət nümayəndələrinin də yer aldığı haqda məlumatı bu kontekstdə diqqət çəkir. Agentlik 50 nəfərlik siyahıda yer alan müxalifət nümayəndələrindən ikisinin kimliyi haqda məlumat əldə edib: AXCP sədri Əli Kərimli və Milli Şuranın üzvü Gültəkin Hacıbəyli! Bu şəxslərin Mehdiyevin siyahısında yer alması o qədər də təəccüblü olmadı. Çünki gizli əlaqələrin dərin keçmişi var və belə separat əlaqələr Azərbaycanda xarici ölkələrin maraqlarına xidmət edib. Ümumiyyətlə ölkədə əsas müxalifət adına iddia edən qüvvələrin – AXCP və Müsavatın keçmişdən günümüzə qədər olan fəaliyyəti qaranlıq məqamlarla doludur. Bu, təkcə Mehdiyevin timsalında qurulan separat əlaqələrdən ibarət deyil, söhbət müxtəlif kanallarla, istər Ramiz Mehdiyevin rəhbərlik etdiyi “beşinci kolon”, istər siyasi məqsədlərə hesablanmış qrant layihələrini icra edən qeyri-hökumət təşkilatları olsun, xarici ölkələrlə gizli əlaqədən gedir.

AXCP və Müsavatın xarici ölkələrlə Azərbaycanın maraqlarına qarşı separat əlaqələrinin hələ 90-cı illərdən mövcud olduğu haqda məlumatlar var.

Hər iki partiya Xalq Hərəkatının şinelindən çıxıb. Hələ 90-cı illərdə xalq hərəkatının nəzarətdə saxlanılması və idarə olunması üçün “KQB”nin məhz bu gün AXCP və Müsavatın rəhbərliyində olanlardan istifadə etdiyi deyilir. Bununla bağlı konkret açıqlamalar var.

- Keçmiş Azərbaycan SSR-nin Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri olmuş Vaqif Hüseynov “Bir ömürdən də çox” xatirə-kitabında yazır ki, “Azərbaycanda milli hərəkatın başlanması prosesi DTK-nın (KQB) birbaşa nəzarəti altında olub və bəzi liderlər “əlaltı əməkdaşlar” kimi fəaliyyət göstəriblər”.
- Keçmiş prezident Ayaz Mütəllibov bildirirdi ki, “SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (KQB) sədri Vladimir Kryuçkov AXC liderlərinin həbsini qadağan etmişdi, çünki onlar “KQB-nin özünün yaratdığı əlaltıları idi”;
- 1992-1993-cü illərdə Milli Təhlükəsizlik nazirinin birinci müavini olmuş Sülhəddin Əkbərin açıqlaması var: “Bu gün bizim milli adlandırdığımız o dövrkü hakimiyyətdə əksinə milli olmayan, zamanında “KQB” ilə əməkdaşlıq etmiş çoxlu sayda rəhbər vəzifələrdə olan şəxslər var”;
- Zərdüşt Əlizadə Müsavat başqanı İsa Qəmbərin “KQB casusu” olduğunu dəfələrlə vurğulayıb;


“KQB”nin AXC-dəki fəaliyyəti haqqında məlumatlar saydıqca bitməyəcək qədərdir. Bu dövrün keçmişdə qaldığı düşünmək olardı, əgər hərəkatın şinelindən çıxmış və adları birbaşa “KQB” ilə hallananlar günümüzə qədər siyasi müxalifətdə təmsil olunmasaydı. Məsələni bir qədər də konkretləşdirsək, AXCP və Müsavatın rəhbərliyində təmsil olunanların xarici qüvvələrlə əməkdaşlığı haqda məlumatlar 90-cı illərdən günümüzə qədərki dövrdə hər zaman aktual olub.

Bu əməkdaşlığı iki istiqamətdə dəyərləndirmək olar.

Birincisi, Qərb ölkələri ilə qurulan gizli əlaqələrdir;

1993-cü ildən sonra müxalifətə keçən bu qüvvələrin Qərb ölkələri ilə gizli əməkdaşlığı da, AXCP və Müsavata verilən maliyyə yardımları da sirr deyil. Bu yardımların çatdırılma üsülları fərqli olsa da, məqsəd dəyişməz olaraq qalıb: maliyyə ayıran ölkələrin/qüvvələrin Azərbaycanda maraqlarının qorunması;

- Xarici donor şirkətləri müxtəlif QHT-lərə qrant layihələri ayırıb və həmin layihələr üzərindən verilən maliyyə bu partiyalara ötürülüb: hər partiyaya bağlı çoxsaylı QHT mövcud idi;
- 2013-cü ildə xarici qrantlarla bağlı qanuna dəyişiklik edildikdən sonra maliyyənin bu üsulla ötürülməsi çətinləşdi, buna görə nağdlaşdırma taktikasına üstünlük verməyə başladılar. Bu taktika həm xarici ölkələrin səfirlikləri, həm də Gürcüstan üzərindən həyata keçirilirdi, maliyyə qaçaqmalçılığı işində konkret faktlar üzə çıxıb.

Bu kimi faktlar zaman-zaman mediada gündəmə gəlib. Sonuncu olaraq, İstanbul bələdiyyəsinin keçmiş sədri Əkrəm İmamoğlu ilə bağlı istintaqda yeni fakt ortaya çıxdı. Daha dəqiq desək, Azərbaycanda müxalifətin xarici ölkələrdən maliyyələşdiyi faktı növbəti dəfə təsdiq olundu. Məlumata görə, istintaqda şübhəli şəxs olan Hüseyn Gün 2005-ci ildə ABŞ-də fəaliyyət göstərən hüquq bürosu vasitəsilə “Freedom LLC” adlı şirkətin yaradılmasını təşkil edib. H.Gün etiraf edib ki, bu şirkət vasitəsilə “Azərbaycanın demokratikləşməsi adı altında” bəzi şəxslərə, o cümlədən həmin dövrdə Müsavat Partiyasının sədri olan İsa Qəmbərə maliyyə dəstəyi göstərilib. Bu maliyyə dəstəyinin eyni zamanda, AXCP-yə göstərildiyi də məlumdur.

AXCP-Müsavat partiyalarının xarici ölkələrlə gizli əməkdaşlığı təkcə Qərblə məhdudlaşmır.

İkincisi, region ölkələri – İran və Rusiya ilə əlaqələrdir;

AXCP və Müsavatın timsalında müxalifətin Azərbaycanda konstitusiya quruluşunu devirməyə çalışan, İranda dini-klerikal dairələrə bağlılığını gizlətməyən “Müsəlman Birliyi Hərəkatı” ilə əlaqələri haqqında konkret faktlar, hətta səs yazıları da mövcuddur. Tale Bağırzadə hərəkat üzvləri ilə danışanda bildirirdi ki, Azərbaycanda islamçılıq İranda, Livanda və başqa yerlərdəkindən zəifdir: “Ona görə milli kimlik məsələsindən istifadə etməliyik. Müxalifətlə münasibətlərə gəldikdə isə biz onlara deməmişik ki, demokratıq, filanıq, Qərbə meylliyik. Əsla. Bunu bilirlər və şərtlərimizi qəbul ediblər. Mediaya çıxışımız zəif idi, bizə imkanlar yaradıblar. Tribuna veriblər ki, sözümüzü deyək. Nəyi pisdir?! İstifadə edin onlardan, yararlanın… Əslində onlar bizə yox, biz onlara lazımıq. Bundan da yararlanırıq və gələcəkdə də istifadə etməliyik. Azərbaycanda müsəlman dövləti qurmalıyıq, bölücülüyə son qoymalıyıq”.

Təkcə bu səs yazısı belə AXCP və Müsavatın dövlət təhlükəsizliyinə yaratdığı təhdidi ortaya çıxarmağa yetərlidir. Eyni qüvvələrin hakimiyyətə gəlmək üçün Rusiyada müəyyən dairələrlə gizli əməkdaşlığı da sirr deyil. Hələ 2013-cü ildə Rusiyada yaradılan Milli Şura məlum “Milyarderlər ittifaqı”nın layihəsi idi və şurada təmsil olunanlar hakimiyyətə gəlmək üçün Rusiya qoşunlarının Azərbaycana müdaxiləsinə belə razı idilər. Ramiz Mehdiyevin dövlət çevrilişi planı haqqında Rusiyaya ünvanlandığı məktubda qeyd etdiyi “Dövlət şurası”nda bu qüvvələrin təmsil olunması isə onların hər zaman olduğu kimi, yenə də xarici ölkələrə bağlılığını yenidən gün üzünə çıxardı.

Azərbaycanda “beşinci kolon” formalaşdıran Ramiz Mehdiyevin müxalifətin radikal qanadı – AXCP və Müsavatla separat əlaqələri əvvəldən məlum olub. Bununla bağlı iqtidar nümayəndələrinin açıqlamaları da mövcuddur. Milli Məclisin deputatı Siyavuş Novruzov 2016-cı ildə mediaya açıqlamasında bildirirdi ki, o, Əli Kərimli və dəstəsi ilə gizli danışıqlarda iştirak edib.

Mən şəxsən bu danışıqların iştirakçısıyam və danışıqların aparıldığı yer Tofiq Bəhramov adına stadionun yanındakı “Xankəndi” restoranı idi. Əli Kərimlinin bu əməllərinin şahidləri də var. Bu gün o insanların bir hissəsi Milli Məclisdə təmsil olunur. Cəmil Həsənli, o dövrdə AXCP-nin funksionerləri və hazırda deputat olanlardan da bilavasitə bu danışıqlarda iştirak edənlər var”, - o bildirirdi.

Analoji əlaqələr və görüşlər zaman-zaman davam edib. Bu gün baş verənlər təsdiq edir ki, bu görüşlərin məqsədi iqtidar-müxalifət dialoqunu təşkil etmək, yaxud mövcud hakim komandanın mövqelərini gücləndirmək deyilmiş. Söhbət Ramiz Mehdiyevin Əli Kərimli də daxil olmaqla radikal müxalifətlə gizli əlaqəsindən və bu qüvvələrdən Azərbaycanın maraqlarına qarşı istifadə etməsindən gedir. “Teleqraf” İnformasiya Agentliyinin məlumatı bu kontekstdə diqqət çəkir. Məlumata görə, Əli Kərimli hələ 90-cı illərin ikinci yarısında - Əbülfəz Elçibəyin sağ olduğu vaxtlarda ona xəyanət edərək, Ramiz Mehdiyevin “çətiri” altına keçib. Əli Kərimli Ramiz Mehdiyevin adamı ilə “Gənclik” metrosunun yaxınlığındakı restoranlardan birində görüşərək, gələcək əməkdaşlığın konturlarını razılaşdırıb və bundan sonrakı dövrdə Mehdiyev AXCP sədrini təlimatlandırıb.

Müxalifət düşərgəsində 2019-cu ildən sonrakı vəziyyət bu məlumatlara əminlik yaradır.

2019-cu ilə - Ramiz Mehdiyev PA-ya rəhbərlik etdiyi dövrdə qədər AXCP və Müsavat ölkənin əsas gündəmi idi. Belə mənzərə yaranmışdı ki, bu qüvvələr “hakimiyyət üçün ciddi təhdiddir”. Əslində bu, süni şəkildə yaradılmış atmosfer idi və konkret hədəfləri vardı.

- Ramiz Mehdiyev və komandası belə görüntü yaradaraq, özlərini “hakimiyyətin əsas qoruyucusu” kimi təqdim edir, “biz olmasaq, müxalifət iqtidara gələcək” rəyini formalaşdıraraq, mövqelərini gücləndirirdi;
- Müxalifət isə bununda öz mövcudluqlarını saxlayır, eyni zamanda, maliyyə və digər imtiyazlar əldə edirdi;

2019-cu ildə Mehdiyev və onun PA-dakı komandası vəzifədən uzaqlaşdırılandan sonra nə Əli Kərimli qaldı, nə Milli Şura, nə Müsavat. Müxalifət ətrafında yaradılan süni hay-küy aradan qalxdı. Təkcə bu amil müxalifətin Ramiz Mehdiyev və komandası ilə gizli əməkdaşlığını ortaya çıxarır. Görünür, Mehdiyev vəzifədən getdikdən sonra da bu əməkdaşlıq davam edib və Azərbaycanda dövlət çevrilişi planına müxalifət nümayəndələri də daxil edilib.

Bu cəhd də baş tutmadı, 2003-cü və 2013-cü ildə olduğu kimi. Lakin bu faktlar bir zərurəti ortaya çıxardı: fəaliyyətləri boyunca xarici ölkələrlə gizli əlaqələrə malik olmuş siyasi qüvvələr – AXCP və Müsavat artıq ölkənin siyasi səhnəsindən getməli, “sağlam müxalifət” formalaşdırılmalıdır. Bu, siyasi mübarizə deyil, birbaşa Azərbaycanın dövlət maraqlarının və təhlükəsizliyinin qorunması zərurətinin yaratdığı reallıqdır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm