Nida Təhlil
“KQB” şinelindən çıxan müxalifətin casusluq macəraları davam edir
İstanbul bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğluna qarşı “casusluq” ittihamı ilə aparılan cinayət işində Müsavat Partiyasının başqanı İsa Qəmbərlə bağlı diqqətçəkən məlumatlar ortaya çıxıb. Məlumata görə, istintaqda şübhəli şəxs olan Hüseyn Gün 2005-ci ildə ABŞ-də fəaliyyət göstərən hüquq bürosu vasitəsilə “Freedom LLC” adlı şirkətin yaradılmasını təşkil edib. H.Gün etiraf edib ki, bu şirkət vasitəsilə “Azərbaycanın demokratikləşməsi adı altında” bəzi şəxslərə, o cümlədən həmin dövrdə Müsavat Partiyasının sədri olan İsa Qəmbərə maliyyə dəstəyi göstərilib.
Azərbaycan müxalifətinin xarici qüvvələr tərəfindən maliyyələşdirildiyi sirr deyil. Bu maliyyənin ötürülməsi mexanizminin izi itirmək məqsədilə xüsusilə donor təşkilatlar üzərindən və əsasən də “dekokratiyaya dəstək” adı altında həyata keçirildiyi də məlumdur. Hətta vaxtilə müxalifət liderlərinə bağlı QHT-lərin xaricdən aldıqları qrant layihələrinin məhz bu maliyyələşmə mexanizminin bir hissəsi olduğu deyilir. 2013-cü ilə - Azərbaycanda xarici qrantlarla bağlı qanuna dəyişikliklər edilənə qədər maliyyə layihələr vasitəsilə edilirdisə, bundan sonra Gürcüstanda nağdlaşdırılaraq, ölkəyə qaçaq yollarla daxil edilməsi metodlarından da istifadə edilib. Mediada müxalifətin xarici qüvvələr tərəfindən maliyyələşməsi haqqında rezonans doğuran məlumatlar yayılsa da, İsa Qəmbər də daxil olmaqla bu prosesdə adıçəkilən şəxslər hər zaman bunu təkzib etməyə, faktları gizlətmək üçün də “hakimiyyətin təbliğatı” kimi qələmə verməyə çalışıblar.
İmamoğlu işində ortaya çıxan fakt isə müxalifətin xarici qüvvələr tərəfindən maliyyə və digər formalarda dəstəkləndiyini bir daha sübut etdi. İsa Qəmbər bu faktı da inkar etməyə çalışır, lakin xüsusilə iki amil onun təkzibinin legitimliyini sual altına salır.
Birincisi, Türkiyədə aparılan istintaqın Azərbaycan siyasətinə birbaşa təsiri olmadığı üçün, orada səslənən faktlar “müxalifətə qarşı məqsədyönlü addım” kimi qiymətləndirilə bilməz.
İkincisi, istintaqa şübhəli şəxs kimi cəlb edilən Hüseyn Gün Azərbaycan müxalifətinə maliyyələşməsi haqqında ümumi sözlərlə danışmır, konkret şirkətin – “Freedom LLC” - adını çəkir: bu artıq iddia yox, faktdır;
Əslində müxalifətin xarici qüvvələrə bağlılığı haqda yayılan məlumatlar Azərbaycan cəmiyyəti üçün o qədər də təəccüblü deyil. Çünki mövcud müxalifətə liderlik edənlərin əksəriyyəti 1990-cı illərdə milli azadlıq hərəkatının şinelindən çıxıb və onların bir çoxunun elə həmin vaxt xarici xüsusi xidmət orqanları ilə əməkdaşlığının olduğu haqda çoxsaylı məlumatlar mövcuddur. Bunu öz silahdaşları da zaman-zaman dilə gətiriblər. Misal üçün, AXC Ali Məclisinin üzvü olmuş Xaliq Bahadır bu ilin əvvəlində mediaya verdiyi açıqlamasında 90-cı illərin hadisələri haqqında danışarkən bildirirdi: “AXC-Müsavat hakimiyyətinin başında dayananlar “KQB” (DTK) agentləri idi”.
Xaliq Bahadır indiyə qədər dəfələrlə səsləndirilmiş fikri yenidən gündəmə gətirib. Bunu ispat edən əsas amillərdən biri də AXC-Müsavat hakimiyyətində təmsil olunan, daha sonra müxalifət partiyalarına rəhbərlik edən şəxslərin “KQB” arxivlərinin açılmasına qarşı çıxmasıdır. Bu gün belə keçmiş “KQB” arxivlərinin açılması gündəmə gələndə ilk qorxuya düşənlər məhz müxalifət liderləridir, çünki “casusluq hekayələrinin” gün üzünə çıxacağını bilirlər.
Azərbaycanda milli azadlıq hərəkatı başlayanda “KQB” hadisələrə nəzarət etmək məqsədilə öz agent şəbəkəsini hərəkatın daxilində yerləşdirdi. Sonralar səslənən açıqlamalar və etiraflarda təsdiq olunurdu ki, “AXC-ni əslində “KQB” özü yaradıb”. Keçmiş Azərbaycan SSR-nin Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri olmuş Vaqif Hüseynovun “Bir ömürdən də çox” xatirə-kitabında bu faktlar ətraflı şəkildə öz əksini tapır. V.Hüseynov bildirir ki, “Azərbaycanda milli hərəkatın başlanması prosesi DTK-nın birbaşa nəzarəti altında olub və bəzi liderlər “əlaltı əməkdaşlar” kimi fəaliyyət göstəriblər.
Keçmiş prezident Ayaz Mütəllibov da mediaya verdiyi açıqlamalarında “KQB”nin AXC-yə nəzarət etdiyini zaman-zaman gündəmə gətirib.
“SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (KQB) sədri Vladimir Kryuçkov AXC liderlərinin həbsini qadağan etmişdi, çünki onlar “KQB-nin özünün yaratdığı əlaltıları idi”, - Mütəllibov bildirirdi.
1992-1993-cü illərdə Milli Təhlükəsizlik nazirinin birinci müavini olmuş Sülhəddin Əkbər isə mediaya açıqlamasında bildirirdi ki, “bu gün bizim milli adlandırdığımız o dövrkü hakimiyyətdə əksinə milli olmayan, zamanında “KQB” ilə əməkdaşlıq etmiş çoxlu sayda rəhbər vəzifələrdə olan şəxslər var”.
AXC-Müsavat hakimiyyətində təmsil olunan, daha sonra müxalifətə liderlik edən şəxslərin “KQB” agenti olduğu haqda belə açıqlamalar kifayət qədərdir.
20 Yanvar hadisələri isə bu məsələdə sirr pərdəsini bir qədər də aralayır. Bakıda törədilən qırğınlardan sonra hərəkatın 500-ə yaxın üzvü həbs olunsa da, AXC-nin əsas liderlərinə toxunulmadı. Hərakat daxilində KQB casusu olaraq, ən çox adı hallanan şəxslərdən biri məhz İsa Qəmbərdir. Bununla bağlı məlumatlar hadisələrdən çox sonra – hərəkatda yer almış siyasətçilər tərəfindən gündəmə gətirilib. 20 Yanvar hadisələri zamanı İsa Qəmbərin yoxa çıxması əsas müzakirə mövzularından biri olub. Məlumatlara görə, Yanvar qırğının əsas təşkilatlarından olan Yevgeni Primakov tərəfindən mühafizə olunub. Hadisələrdən sonra bir çoxları həbs olunsa da, Primakovun göstərişi ilə İsa Qəmbərə toxunulmayıb. Zərdüşt Əlizadə bildirir ki, Yanvar hadisələrindən öncə Primakov Əbülfəz Elçibəyi və İsa Qəmbəri qəbul etdi.
“Primakov bildirib ki, çox pis vaxtdır, belə şəraitdə xalqı küçəyə çıxarmayın. İsa Qəmbər də deyib ki, “dinc nümayişlər xalqın konstitusion hüququdur”. Primakov sonra deyib ki, “İsa çox qiymətli kadrdır, onu qoruyun”. Axı, İsanın dediyi Primakovun planına uyğun idi”, - Əlizadə bildirirdi. Hətta qeyd edir ki, onunla bağlı bütün materialları KQB-yə məhz İsa Qəmbər verib.
20 Yanvar hadisələri zamanı xalq küçədə tanklara qarşı əliyalın mübarizə aparanda Primakova “dinc nümayişlər xalqın konstitusion hüququdur” deyən İsa Qəmbərin yoxa çıxması, Yusif Səmədoğlunun evində çay qonaqlığında olması da diqqəti onun “KQB” ilə gizli əlaqələri haqqında deyilənlərə çəkir. Məlumatlara görə, İsa Qəmbərin daha sonra parlamentdə təmsil olunmasında da, spiker kürsüsünə qədər çıxmasında da “KQB”nin xüsusi rolu olub.
1993-cü ildən sonra İsa Qəmbər də daxil olmaqla müxalifətə keçən bu siyasətçilərin gah Şimaldan, gah Cənubdan, gah da Qərbdən mədət umduğu, hər üç istiqamətdə müxtəlif qüvvələr tərəfindən dəstəkləndiyi ictimaiyyətə məlum olan məsələdir. İmamoğlu işində ortaya çıxan fakt məlum olan məsələni bir daha təsdiqlədi. O da təsdiqləndi ki, vaxtilə “KQB”yə işlədiyi deyilən Müsavat başqanı İsa Qəmbər müxalifətdə olduğu dövrlərdə müxtəlif ölkələrdən dəstək və maliyyə yardımları alıb. Bu, İsa Qəmbər də daxil olmaqla müxalifət liderləri üçün yad hərəkət deyil. Görünür, Azərbaycan siyasətinə necə yerləşdirilmişdilərsə, fəaliyyətlərinə o cür də davam edirlər.
Asif Nərimanlı
-
ABŞ22:30Trampın sosial şəbəkəsində mərc sürprizi
-
Kriminal21:49Canlı yayımda saçı qırxılan qadın DANIŞDI - O gün nələr baş verib?
-
Nida Xəbər 21:25Ramiz Mehdiyevin nəvəsi Bakıda yarım milyonluq maşınla gəzir - Foto
-
Ekologiya20:36Sabah yağış və qar yağacaq - Proqnoz
-
Magazin119:30Hüseyn Həsənov tanınmaz halda: 1 aydır buna görə yoxa çıxıbmış - Fotolar
-
Nəqliyyat18:40Bakıda axşam tıxacı: 20 yol keçilməz oldu
-
Sosial17:48Mehdiyevin 50 nəfərlik siyahısında olan müxalifət nümayəndələri - ADLAR/DETALLAR
-
Hadisə17:15Azərbaycanda zəlzələ oldu




















.jpg)

.jpg)









.jpg)



