Nida Təhlil
Qərbi Azərbaycana qayıdış strategiyası: Prezident mühüm mesajlar verdi
Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyinə həsr olunmuş yığıncaqda çıxışı zamanı azərbaycanlıların indiki Ermənistana - Qərbi Azərbaycana qayıdışı ilə bağlı səsləndirdiyi fikirlər bir neçə amil fonunda xüsusi əhəmiyyət kəsb edir.
Birinci amil: Rəsmi Bakının soydaşlarımızın öz doğma yurdlarına qayıdış hüququnun təmin edilməsi hədəfi dəyişməyib.
Rəsmi İrəvan azərbaycanlıların qayıdış hüququnu rəsmi Bakı tərəfindən danışıqlar prosesində manevr imkanı olaraq istifadə edildiyini hesab edirdi. Və düşünürdülər ki, Azərbaycanın tələblərinin yer aldığı sülh sazişinin imzalanmasından sonra bu məsələ gündəmdən çıxacaq. Vaşinqtonda sülh sazişinin paraflanmasına da bu kontekstdə yanaşırdılar. Lakin Prezidentin səsləndirdiyi fikirlər bir daha təsdiq etdi ki, azərbaycanlıların qayıdış hüququnun təmin edilməsi ilə bağlı mövqe dəyişməyib. Dövlət başçısı bildirdi ki, azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır: “Mən bunu artıq bir müddət bundan əvvəl demişəm. Biz öz tarixi torpaqlarımıza qayıtmalıyıq, tanklarla yox, avtomobillərlə qayıtmalıyıq. Bunu etmək üçün əlbəttə ki, əsas vəzifə dövlətin üzərinə düşür”.
İkinci amil: Azərbaycanlıların qayıdışı sülh şəraitdə baş tutacaq.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan xalqı böyük coğrafiyada yaşayıb və yaşayır.
“Təkcə onu demək kifayətdir ki, bizim hüdudlarımızın o tayında hər istiqamət üzrə Azərbaycan əhalisi yaşayır. Ermənistanda da yaşayıb, amma oradan qovulub. Amma əminəm ki, yenə də yaşayacaq. Çünki biz bu gün bütün qonşu ölkələrlə sərhədlərimizin o tayında görürük ki, orada Azərbaycan əhalisi öz əzəli tarixi torpaqlarında yaşayır və yaşadıqları ölkələrdə ləyaqətli vətəndaşlar kimi yaşayırlar. Azərbaycanlılar heç vaxt separatizm xəstəliyinə düçar olmamışlar. Bizim xalqımız yaşadığı ölkələrin dövlətçiliyinə töhfə verib və bu gün heç bir ölkədə azərbaycanlılar heç bir dövlət üçün, heç bir başqa xalq üçün problem yaratmır və yaratmayacaq”, - deyə Prezident qeyd etdi. Və əlavə etdi ki, buna görə azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır. Dövlət başçısının bu fikirlərində mühüm mesajlar yer alır.
a) Azərbaycanlılar yaşadıqları ölkələrə qarşı heç vaxt çıxmır, heç vaxt separatizm xəstəliyinə tutulmayıb.
Bu gün İranda on milyonlarla azərbaycanlı bu ölkənin vətəndaşı kimi yaşayır və dövlətin idarə olunmasında birbaşa iştirak edir. Onlar heç vaxt İranın ərazi bütövlüyünə qarşı çıxmırlar, əksinə vətəndaşı olduqları ölkəni qorumaq uğrunda mübarizə aparırlar.
b) Öz tarixi yurdlarına qayıdacaq azərbaycanlılar Ermənistana hər-hansı problem yaratmayacaq, əksinə bu ölkənin inkişafına mühüm töhfə verəcəklər.
Ermənistan SSR-də yaşayan soydaşlarımızın öz yurdlarından deportasiya olunana qədər bu ölkənin inkişafına verdikləri töhfə də bunu isbat edir.
c) Azərbaycanlılar tanklar üzərində yox, avtomobillərlə qayıdacaqlar.
Bu o deməkdir ki, Azərbaycan dövləti soydaşlarımızın qayıdış hüququnun sülh şəraitində baş tutmasının tərəfdarıdır. Prezident bunu açıq mətnlə qeyd etdi.
Dövlət başçısının azərbaycanlıların sülh şəraitində öz tarixi yurdlarına qayıdışı ilə bağlı dedikləri Ermənistanın tezislərini də çürüdür.
Rəsmi İrəvan manipulyativ mövqe sərgiləməklə soydaşlarımızın qayıdış hüququnun təmin edilməsini yanlış formada təqdim etməyə çalışır.
- Qərbi Azərbaycana qayıdışı “ərazi iddiası”dır;
- Qayıdış məsələsi Bakı-İrəvan xəttindəki sülh prosesinin əleyhinədir.
Ermənistan rəsmilərinin son açıqlamalarında da bu tezislər öz əksini tapır. Halbuki, azərbaycanlıların öz yurdlarına qayıdış hüququnda heç bir ərazi iddiası öz əksini tapmır, Prezident İlham Əliyevin “avtomobillərlə qayıtmaq” tezisi də bunu təsdiq edir. Əksinə, azərbaycanlılar vaxtilə vətəndaşı olduqları ölkəyə qayıtmaq və öz yurdlarında yaşamaq istəyilər. Bu, beynəlxalq hüququn tələbidir. 1951-ci ildə qəbul edilən Cenevrə Konvensiyasına əsasən Qərbi Azərbaycandan deportasiya olunan azərbaycanlılar qaçqın statusuna malikdir. Konvensiyada qaçqın statusu “irqi, dini, milli mənsubiyyətinə görə təqib olunacağından qorxduğu üçün ölkəsinə qayıda bilməyən, yaxud qayıtmaq istəməyən şəxs”lərə şamil olunur. Azərbaycanlılar da məhz irqi, dini və milli mənsubiyyətində görə Qərbi Azərbaycandan deportasiya olunub və eyni motivlərə görə təqib olunmaq qorxusuna görə geri qayıda bilmirlər. Ermənistan beynəlxalq hüququn tələbini icra etməli – azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına şərait yaratmalıdır.
Üçüncü amil: indiki Ermənistan Azərbaycanın tarixi torpaqlarıdır.
Prezident qeyd etdi ki, XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir ki, hər kəs görsün ki, indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir.
“O xəritələrdə Sevan gölü adlı göl yoxdur. O xəritələrdə Göyçə gölüdür və bütün digər bizim istifadə etdiyimiz tarixi toponimlərimiz orada öz əksini tapıb. O xəritələri biz tərtib etməmişik ki, kimsə desin biz burada saxtakarlıq eləyirik. Bunu çar Rusiyası edib. Həmin o çar Rusiyası ki, vaxtilə erməniləri İrandan və Şərqi Anadoludan gətirərək bizim Qarabağ torpağında yerləşdirib ki, burada etnik və dini tərkib dəyişsin. Yəni, bu xəritələr tamamilə tarixi həqiqətə əsaslanan xəritələrdir”, - dövlət başçısı vurğuladı.
Ötən əsrin əvvəllərindən etibarən torpaqlarımızın ermənilərə müxtəlif adlar altında verilməsi prosesinə strat verilib. Bu prosesi iki mərhələdə reallaşdı.
1. AXC dövründə İrəvan şəhəri başda olmaqla ermənilərə verilənlər; ərazilərimizdir.
2. Sovetləşmə dövründə və sonrasında ermənilərə “bağışlananlar”;
1918-ci ildə Azərbaycan torpaqları hesabına yaradılan Ermənistanın ərazisi cəmi 9,8 min kvadratkilometr sahəni əhatə edirdi. 1920-ci ildə AXC-nin işğalından sonra Ermənistan ərazisinin Azərbaycan torpaqları hesabına genişləndirilməsi həyata keçirildi. 1920-ci ildə Zəngəzur, daha sonra Göyçə mahalı, Dərəlyəz və Dilican qanunsuz şəkildə Ermənistana verildi. SSRİ rəsmən qurulduqdan sonra da ərazilərimizin ermənilərə bağışlanması prosesi davam etdi.
- 1926-cı ildən 1929-cu ilə qədər Qazax qəzasının təxminən 82 min hektar əkin, 86 min hektar otlaq sahəsi Ermənistana verildi. Beləliklə, Qazax qəzasının əhalisi yaylaqlarının 50 faizini itirdi.
- 1929-cu ildə Qazaxın sahəsi 4 min 360 hektar olan Şınıx-Ayrım meşələri də ermənilərə “bağışlandı”. Həmin il Cəbrayıl qəzasının Nüvədi, Eynadzor və Tuğ kəndləri də Ermənistan SSR-yə birləşdirildi.
- 1929-cu ilin 18 fevralında Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Naxçıvanın 5988 kvdratkilometr ərazisi Ermənistan SSR-yə “bağışlandı”. Bura Şərur dairəsinin Qurdqulaq, Xaçik, Horadiz, Şahbuz nahiyəsinin Oğbin, Sultanbəy, Ağxaç, Almalı, İtqıran kəndləri, Ordubad dairəsinin Qərçivan sovetliyinə aid olan Mehri, Buğaker yaşayış məntəqələri, həmçinin, Kilit kəndinin əkin və otlaq sahələri daxildir.
- 1930-cu ildə Naxçıvanın Əldərə, Lehvaz, Astaruz yaşayış məntəqələri Ermənistan SSR-yə birləşdirildi və bir il öncə verilmiş Qərçivan sovetliyinə aid olan Mehri, Buğaker yaşayış məntəqələrinin də daxil olduğu Mehri rayonu yaradıldı. 1938-ci ildə isə Sədərəyin və Kərki kəndinin bir hissəsi də ermənilərə “bağışlandı”.
- 1969-cu ildə SSRİ rəhbərliyinin qərarı ilə Laçın rayonunun Qaragöl ərazisinin, Qubadlı rayonunun Çayzəmi ərazilərinin, Qazax rayonunun Kəmərli kənd ərazilərinin, Kəlbəcər rayonunun Zod qızıl yatağı ərazilərinin bir hissəsi Ermənistana birləşdirildi.
-1982-ci ildə Qazax rayonunun İncədərə yaylağı, Kəmərli, Aslanbəyli, Qaymaqlı kəndləri ərazilərinin bir hissəsi Ermənistana verildi.
- 1986-cı ildə Qazaxın 2500 hektar əkin və otlaq sahəsi ermənilərə “bağışlandı”.
İrəvan şəhəri də daxil olmaqla əsrin sonlarına qədər Ermənistana verilən Azərbaycan ərazilərində bütün toponimlər erməniləşdirilib.
Dördüncü amil: Prezident alimlər üçün yeni “yol xəritəsi” təqdim edir: Qərbi Azərbaycanın toponomiyası üzərində araşdırmalar genişləndirilməlidir.
Dövlət başçısı bəyan etdi ki, bu istiqamətdə daha çox elmi əsərlər, daha çox hətta kiçikhəcmli bukletlər hazırlanmalıdır ki, həm Azərbaycan gəncləri öz tarixini yaxından bilsinlər, həm dünya ictimaiyyəti bilsin və eyni zamanda, indiki Ermənistana bizim qayıdışımız da tamamilə məntiqli və ədalətli səslənsin.
Bu, ilk növbədə toponimlərin unudulmaması, gələcək nəsillərin də bilməsi üçün vacibdir. Qərbi Azərbaycanla bağlı toponimlər hazırlansa belə, ictimaiyyətin bununla bağlı məlumatı azdır. Eyni zamanda, toponimlər beynəlxalq müstəvidə təbliğ edilməlidir. Çünki beynəlxalq hüquq soydaşlarımızın tarixi yurdlarına qayıdışını tanısa da, ermənilər bunu “ərazi iddiası” kimi təqdim etməklə beynəlxalq ictimai rəyi manipulyasiya etməyə çalışır. Qayıdış hüququnun qlobal müstəvidə legitimliyini qəbul etdirmək üçün tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması vacibdir.
Asif Nərimanlı
-
Sosial21:00Azərbaycanda bu rayon ləğv olunur?
-
ABŞ19:00Abortdan imtina edən 18 yaşlı sevgilisini AMANSIZCASINA QƏTLƏ YETİRDİ
-
Nida Xəbər 18:48Baş Prokurorluq onun xəstəxanada ölümü bağlı AÇIQLAMA YAYDI
-
ABŞ18:36ABŞ-ın keçmiş vitse-prezidentinin ölüm səbəbi AÇIQLANDI
-
İdman18:24Qarabağ”ın “Çelsi” ilə oyunundan öncəki son məşqindən FOTOLAR
-
Sosial17:55Azərbaycanda bu vəzifəli şəxslər ifşa edildi - RƏSMİ
-
Hadisə17:25Bakıda çoxmənzilli binadakı yanğın söndürüldü
-
Sosial17:22Sabah Bakının bəzi qəsəbələrində su kəsiləcək








































