Molla rejimi Əlini edam etməklə nəyə nail olmaq istəyir? - Ekspert rəyi
Bizi izləyin

Nida Təhlil

Molla rejimi Əlini edam etməklə nəyə nail olmaq istəyir? - Ekspert rəyi

“Əli Daei dünyaca məşhur futbolçudur. O, əslən Ərdəbil şəhərindəndir. Vaxtilə Azərbaycanda da Daeinin oyunu böyük maraqla izlənilirdi. 1998-ci ildə keçirilən dünya çempionatı zaman indiki kimi geniş texniki imkanlar olmasa da, kimdə imkan var idisə, oyunları mütləq izləyirdi, ABŞ-İran görüşü də o vaxt Əli Daei faktoruna görə maraqla izlənmişdi. O zaman Şimali Azərbaycanda yaşayan cənubi azərbaycanlı dissidentlər vasitəsilə Əli Daeinin Azərbaycan futbol klublarına cəlb olunması ilə bağlı müzakirələr aparılmışdı. Cənubi azərbaycanlı dissidentlər hesab edirdilər ki, Əli Daei Bakıdakı klubların birində çıxış edərsə, o, dünya azərbaycanlılarının milli birliyinin rəmzinə çevrilə bilər. Təəssüf ki, bu müzakirələr müsbət yekunlaşmadı”.

Bu fikirləri Publika.az-a açıqlamasında ekspert Cəmaləddin Quliyev deyib. O bildirib ki, Əli Daei ilə bağlı İran hakimiyyətinin narahatlıqları uzun müddətdir davam edir:

“Xüsusilə Məhsa Əmininin öldürülməsi ilə başlayan hadisələrdən sonra bu narahatlıqlar daha da artdı. Ərdəbildə məktəbli qız Əsra Pənahinin polis məntəqəsində müəmmalı ölümünə sərt reaksiya verməsinə cavab olaraq “Həmşəhri” qəzeti Əli Daeini “yalançı” adlandırdı və üzr istəməsini tələb etdi. SEPAH-a yaxın “Cavan” qəzeti isə onu açıq şəkildə qətllə təhdid etdi: “Bu antimilli və separatçı iğtişaşın rejissorları sizin xeyirxahlarınız deyil. Sənin səviyyən Əli Kərimi və avara Mehrdad Poladi kimilərdən yüksəkdir. Həddini bil, həddini bilməyən həlak olar”.

Həm Əli Daei, həm də Əli Kərimi ilə bağlı təhdidlər uzun müddət davam etdi. Təəssüf ki, Daei barəsində edam qərarı verilməsi haqda məlumatlar yayıldı. Təbii ki, Əli Daei digər milli fəallarla müqayisə oluna bilməz, çünki İranın bütövlüyünə qarşı, yaxud Cənubi Azərbaycanın müstəqilliyi ilə bağlı hər hansı bir fikir səsləndirməyib. Əksinə, İranın idman simvollarından biridir. Eyni zamanda cənubi azərbaycanlıların fəxr elədiyi şəxslərdəndir. Hesab edirəm ki, onun hüquqlarının beynəlxalq müstəvidə təşkil etmək üçün Azərbaycandakı insan hüquqlarının müdafiə təşkilatları də mövqe bildirməlidirlər”.

C.Quliyev qeyd edib ki, İranda belə sərt qərarlar yalnız futbolçularla bağlı deyil, müxtəlif idman növlərinin nümayəndələri barədə də qəbul edilib:

“Su polosu üzrə İran yığmasının oyunçuları mükafatlandırma mərasimində dövlət himnini səsləndirməkdən imtina ediblər. Daha sonra futbol üzrə İran millisinin oyunçuları da himni ifa etməkdən imtina etdilər. Bu da ölkə mediasında ciddi şəkildə müzakirə olunmaqdadır. İranın hazırkı himni 90-cı ildə qəbul edilib və rejimi mədh edən mətnə malikdir. İranın ictimai-siyasi fəalları da bu himnin mətnini qəbul etmirlər. Bu da etiraz formalarından biridir. İranda və xaricdə yaşayan çoxsaylı mədəniyyət və incəsənət xadimləri etiraz çıxışları edirlər. Məsələn, Oskar mükafatçısı Təranə Əlidustinin və başqalarının bu yaxınlarda etiraz çıxışları var idi. Bütün bunlar İran cəmiyyətində güclü effekt yaradan çıxışlardır. Azərbaycan mediasında gedən obyektiv xəbərlərlə bağlı ölkəmizin İrandakı səfiri XİN-ə çağırılıb və etiraz notası təqdim edilib. İctimai rəyə təsiri olan və mövqe ifadə edən şəxslərin fikir bildirməsi də İran hakimiyyətində qıcıq yaradır. Kütlə daha çox onların arxasınca gedir, nəinki hakim dairələrin çağırışlarının. Daeinin həbsi də bunun qarşısını almaq cəhdidir. Düşünürəm ki, bu, əks effekt verəcək”.

Xatırladaq ki, İran millisinin Azərbaycanəsilli sabiq futbolçusu Əli Daei haqqında ölüm hökmü çıxarıldığı iddia edilib. Bildirilir ki, buna səbəb sabiq oyunçunun Məhsa Əmininin öldürülməsinə qarşı etirazlarda iştirakıdır. Hazırda həbsdə olan Daeinin edam olunacağı deyilir.

Əli Daeinin 53 yaşı var. O, karyerası ərzində “Bavariya”, “Herta” kimi məşhur klublarda çıxış edib. Əli Daei ötən ilə qədər yığma komandaların heyətində ən çox qol vuran futbolçu kimi rekorda sahib olub. Onun rekordunu 2021-ci il sentyabrın 1-də Kriştianu Ronaldo qırıb. Daei hazırda 109 qolla ikinci pillədə qərarlaşır.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm