Sülh müqaviləsi imzalanır: Bu ölkələr qazanacaq, İranla Rusiya... - ABŞ detalları açıqladı
Bizi izləyin

Nida Təhlil

Sülh müqaviləsi imzalanır: Bu ölkələr qazanacaq, İranla Rusiya... - ABŞ detalları açıqladı

ABŞ-ın nüfuzlu “Newsweek” jurnalında Azərbaycanı ABŞ, Avropa və İsrail üçün “həyati vacib tərəfdaş” kimi qiymətləndirən yazı dərc edilib. Yazıda Azərbaycanın Ermənistan üzərində zəfərinin Cənubi Qafqazda sabitliyi möhkəmləndirən faktor kimi dəyəndirilməsi diqqəti cəlb edir.

“Newsweek” yazır ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ üzərində suverenliyini tanımağa hazır olduğu üçün iki Cənubi Qafqaz ölkəsi arasında 30 ildir davam edən münaqişə nəhayət ki, başa çata bilər. Azərbaycanın öz ərazisinə nəzarəti bərpa etməsi bütün regionda sabitliyi möhkəmləndirəcək. Amma Qafqazda sülh və sabitlik regionu bürümüş imperiyaların – İran və Rusiyanın maraqlarına uyğun deyil. Hər iki ölkə, xüsusən də İran güclü və sabit Azərbaycanı təhlükə olaraq görür. Tehran Azərbaycan və İsrail arasında hərbi əməkdaşlıqdan, regional rəqibi Türkiyənin yüksəlişindən və Azərbaycanın özünün böyük azərbaycanlı azlığının separatçı hərəkatındakı potensial rolundan narahatdır. Müəllif xatırladır ki, son bir neçə ildə Tehran Azərbaycana qarşı dini ekstremist İslam Müqavimət Hərəkatının yaradıb dəstəkləməklə, “radikal ekstremist dini ideyaların” təbliği, habelə Qərb, İsrail və yəhudilərə məxsus obyektlərdə planlaşdırılan sui-qəsd və terror aktları vasitəsilə Bakını sarsıtmağa çalışıb.

Qeyd edilir ki, İranın Cənubi Qafqazda sabitliyi pozmaq cəhdləri diqqətdən kənarda qalmamalıdır. Azərbaycanın Ermənistanla münaqişədə qələbəsi təkcə Bakının deyil, İranın bir çox rəqiblərinin də qələbəsidir. Azərbaycan İranın təcavüzünün qarşısını almaqda mühüm tərəfdaş idi və Tehranla hərbi qarşıdurmada Bakı həlledici rol oynaya bilər.

Xüsusi olaraq vurğulanır ki, Ermənistan və Gürcüstandan fərqli olaraq Azərbaycan Rusiyaya Qərbin sanksiyalarından yayınmağa kömək etməyib. Ermənistana gəlincə, bu kömək hətta Rusiyanın qanadlı raketlərində və digər silah sistemlərində istifadə edilən çiplərin alınıb ötürülməsi üçün tranzit məntəqəsi rolunu da ehtiva edirdi.

Yazıda qeyd edilir ki, Azərbaycan əks mövqe tutub. Belə ki, ötən yay Bakı Polşa və Sudan vasitəsilə Kiyevə Ukrayna qırıcılarının istifadə edə biləcəyi dəqiq idarə olunan bombalar, həmçinin 92 mm-lik minaatan güllələri çatdırıb. Bundan əlavə, Azərbaycan Ukraynaya əsas humanitar yardım təminatçısı olub. Rusiya siyasətinə qarşı açıq keçid iki amillə mümkün olub: Rusiyanın Ukraynaya qarşı müharibə səbəbindən potensialının azalması və 2020-ci il Dağlıq Qarabağ münaqişəsindən sonra daha sabit mövqe.

Nəşrə görə, Rusiyanı qıcıqlandıran odur ki, Azərbaycan Rusiyanın enerji ixracına alternativ təqdim edir və beləliklə də Rusiyanın avropalılara qarşı əsas “kozır”ını zəiflədir. Bundan əlavə, Xəzər dənizinin dibi ilə keçəcək və Türkmənistanı Azərbaycanla birləşdirəcək Transxəzər boru kəməri də Mərkəzi Asiya qazının Rusiya və İrandan yan keçməklə Avropaya nəqli demək olacaq.

Bunu təhdid kimi görən iki böyük dövlət arasında ilişib qalan Azərbaycan öz sabitliyini təmin etmək üçün addımlar atmalıdır. Dağlıq Qarabağdakı etnik ermənilərin dinc və sivil inteqrasiyası Qərbin dəstəyini təmin etmək üçün uzun yol keçəcək və Ermənistanla həqiqi barışığa doğru ilk addım olacaq. Bu perspektiv Tehrana sərf etmir. İranın məqsədi hazırkı dünyəvi hökuməti devirib onun yerinə islamçı, anti-Qərb, anti-İsrail rejimi qurmaqdır. Tehran buna nail olsa, ABŞ, Avropa və İsrail əsas enerji təchizatçısı və İran ekstremizmi ilə mübarizədə və Rusiyanın təsirini cilovlamaqda mühüm bir tərəfdaşını itirəcək.

Böyük Qayıdış, işğaldan azad olmuş torpaqlarda böyük bərpa və abadlıq işləri də beynəlxalq miqyasda diqqətlə izlənilir. İsrailin keçmiş rabitə naziri Ayyub Kara hesab edir ki, Azərbaycanla Ermənistan arasında sülh əldə olunarsa, İsrail bundan çox faydalana bilər. O, “Jerusalem Post”da dərc etdiyi yazısında qeyd edir ki, mina təhlükəsi azaldıqdan sonra regionun kənd təsərrüfatı potensialı kəskin şəkildə artacaq. Bu, Azərbaycanın kənd təsərrüfatı məhsullarının İsrailə ixracının və İsrail texnologiyasının Azərbaycana ixracının əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq. Qarabağın minalardan təmizlənmiş ərazisi Azərbaycana İsrail texnologiyasından istifadə edərək taxıl zəmiləri ilə zəngin və məhsuldar region yaratmağa imkan verəcək. Həmin buğdanı İsrail idxal edə, Ukraynadakı müharibə səbəbi ilə yaranmış vəziyyəti nəzərə alaraq İsrailin ərzaq təhlükəsizliyini effektiv şəkildə təmin edə bilər”.

Sabiq nazir qeyd edir ki, sülh sazişindən Ermənistanın da qazanacağı çox şey var. Xilas olmaq üçün Rusiya və İran kimi beynəlxalq “izqoylar”a arxalanan kiçik, dənizə çıxışı olmayan, blokadada olan bir ölkə olmaq əvəzinə, Ermənistan Azərbaycan və Türkiyə ilə ticarət edərək iqtisadiyyatını bərpa edərək inkişaf etdirə və çiçəkləndirə bilər. Bu, Ermənistan xalqına nəinki münaqişəsiz həyat sürməyə, həm də layiqli iqtisadiyyata və həyat səviyyəsinə malik olmağa kömək edəcək. “Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanan gün benefisiarlar İsrail, ABŞ, Avropa və Türkiyə olacaq. Hamıdan çox Rusiya və İran itirəcək, çünki təsir dairələrini itirəcəklər”, -deyə Ayyub Kara bildirib.

Cəmaləddin Quliyev, siyasi ekspert

Oxumağa davam et
Reklam
Reklam

Gündəm