Səbr, təmkin, dözüm Azərbaycan Prezidentinin ən etibarlı silahıdır - TƏHLİL
Bizi izləyin

Nida Təhlil

Səbr, təmkin, dözüm Azərbaycan Prezidentinin ən etibarlı silahıdır - TƏHLİL

“İlk gündən bəlli idi ki, Azərbaycan qələbəsini təmin edib və onun nöqtəsini qoymaqdan ötrü məntiqi sonluğuna çatdıracaq. Bizim burda bir silahımız var idi. Onu bir çox adamlar birincisi, görə bilmirlər, ikincisi də, dəyərləndirə bilmirlər. Söhbət böyük bir təmkindən, dözümlülükdən gedir. Prezident İlham Əliyev hər şeyi 2020-ci ilin payızında tərtib etdi, bərqərar etdi. Beləcə gücümüzü, böyük zəfərimizi əldə edə bildik. Ancaq ondan sonra bəzi ağzıgöyçəklərimiz deyirdilər ki, “Bəs nə oldu, biz niyə Xankəndiyə gedə bilmirik? Niyə filan şey niyə belə olmadı?” və s. Hər şeyi birdən istəmək özü özlüyündə də birincisi siyasətdən uzaq bir göstəricidir. İkincisi də ki, bir qədər insanlarda naşükürlüyün konturlarını açıqlayan bir yanaşmadır”.

Bu sözləri Publika.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

“Bax o səbr, təmkin, dözüm həqiqətən də Azərbaycan Prezidentinin ən etibarlı silahıdır və bir daha biz gördük ki, dünyanın gözü qarşısında Azərbaycan nə dərəcədə dərin düşünülmüş, düzgün, dəqiq hesablanmış proqramla hərəkət edərək maksimum nəticə əldə etdi. Bu, böyük bir nailiyyətdir. Tək bizim üçün yox, həm də sağlam qüvvələrin hamısı üçün. Biz göstərdik ki, istənilən subyekt düzgün mövqedədirsə, ədalətin yanındadırsa, onu öz imkanları ilə müdafiə edə bilirsə, o, mütləq şəkildə qələbə qazanacaq və biz bax bu qələbəmizi indi qazandıq. Bəli, biz onları diz çökdürdük. Ermənistan da bu proseslərdən çəkindi, başqa cür ola bilməzdi. Çünki Ermənistan bu məsələlərə qatılsaydı, onda yeni müharibə qaçılmaz olacaqdı. Nikol Paşinyan anladı ki, bu proseslərdə avantürist mövqe tutmasın. Silahlar, əlbəttə ki, onlardan alınacaq. Sonra Ermənistanın pasportunu cibində gəzdirən o ünsürlər, o mənfur adamlar hamısı buradan rədd olub gedəcəklər. Amma o adamların ki, əli Azərbaycan xalqının qanına batıb, biz onları buraxmayacağıq, onları mütləq şəkildə məsuliyyətə cəlb edəcəyik”,- deyə o bildirib.

Tofiq Abbasov qeyd edib ki, xalqımız heç kəsin yanında gözükölgəli deyil və haqq davamız qanunlara əsaslanır:

"Bu gün Yevlaxda artıq erməni azlığının nümayəndələri danışıqlar aparmağa gəliblər. Biz onlara deyirdik gəlin bu daşı ətəyinizdən atın, gəlin höcətlik eləməyin, özlərini dağ başına qoymuşdular. İndi quzu balası kimi çabalaya-çabalaya gəldilər. Çünki biz onlara yerlərini göstərə bildik. Siz Azərbaycan ərazilərində heç bir iddianı nümayiş etdirə, statusa nail ola bilməzsiniz. Prezident İlham Əliyev öz müraciətində bir də yada saldı ki, status məsələsi cəhənnəmə getdi, bu bir də gündəmə gəlməyəcək. Azərbaycan deyən oldu və Azərbaycan deyən məhz həm bizim qanunvericiliyə söykənir, həm də beynəlxalq qanunvericilik normalarına əsaslanır. Biz heç kəsdən nə üzr istəyəcəyik, nə heç kimin qarşısında gözükölgəli deyilik. Bizim başımız dik, ucadır. Çünki biz, həqiqətən də haqq işimizdə böyük nailiyyət əldə etmişik. Burada xüsusilə Prezident və Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin rolunu mütləq şəkildə qeyd etmək lazımdır. Çünki o, yetkin, çox yüksək səviyyədə olan dövlət xadimi kimi, hərbi komandan kimi gələcəyin çağırışlarını tutub, onları oxuyub onların transkripsiyasını aça bilən insan kimi özünü təsdiqlədi. Biz görürük ki, həqiqətən də Azərbaycan dövlətinin siyasətində əgər insan faktorundan danışmağa əsaslar varsa, bir qayda olaraq, biz gərək Prezident İlham Əliyevin rolunu burada göz önünə gətirək, onu həmişə yaşadaq".

"Hesab edirəm ki, Prezident İlham Əliyevin siyasi məharəti və diplomatik çevikliyi nəticəsində biz Ermənistanı yox, dünyanın çox nüfuzlu qüvvələrini tərksilah etdik, onları məğlubiyyətlə üz-üzə qoyduq. Onlar artıq öz məğlubiyyətlərinə qovuşdular. İndi Makron, o biri, bu biri nə qələt edirlər, eləsinlər. Təhlükəsizlik Şurasını yığırlar? Qoy yığsınlar. Məsələ bitdi və məsələ biz dediyimiz kimi bitdi. Odur ki, çalışıb özlərini əziyyətə salmasınlar, salırlarsa da özləri bilərlər. Qoy xərcləsinlər vaxtlarını, pullarını, resurslarını. Odur ki, bu proseslərdə bizim mövqeyimiz gündən günə güclənəcək. Prezident İlham Əliyev nahaq yerə öz müraciətində demədi ki, Ermənistanın bu prosesə antiterror tədbirlərinə qatılmamasını yüksək qiymətləndirir. Bəli, Ermənistanın siyasi rəhbərliyi çox düzgün mövqe tutdu. O, onların artıq işinə aid məsələ deyildi. Sırf Azərbaycanın daxili məsələsi idi. Odur ki, biz o daxili məsələni də gündəmə gətirdik, onun öhdəsindən gəldik və indi artıq alnı açıq, üzüağ tərzdə qələbəmizi yaşayırıq və onu qeyd edirik", - politoloq deyib.

Nəzrin Cavadzadə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm