“Əsrin Müqaviləsi”nin Azərbaycanın taleyində strateji rolu
Bizi izləyin

Nida Təhlil

“Əsrin Müqaviləsi”nin Azərbaycanın taleyində strateji rolu

“Əsrin Müqaviləsi”nin Azərbaycanın taleyində strateji rolu

1994-cü ilin 20 sentyabr: Azərbaycanda, həm də bütün regionda hər şeyi dəyişdirən, siyasi tarazlığı yenidən formalaşdıran “Əsrin Müqaviləsi”nin imzalandığı gün.

Gülüstan sarayı. Müstəqilliyinə yeni qovuşmuş bir ölkənin gələcək taleyi bu sarayda həll olunurdu. İştirakçılar dünyanın 7 ölkəsini (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç və Səudiyyə Ərəbistanı) təmsil edən 11 beynəlxalq neft şirkətin (Amoco, BP, McDermott, UNOCAL, ARDNŞ, Lukoil, Statoil, Türkiyə Petrolları, Pennzoil, Ramco, Delta) nümayəndələri, rəsmi şəxsləri, yüksək səviyyəli qonaqları idi.

Həmin gün Azərbaycanın iqtisadi müstəqilliyinin qazanıldığı, daha sonra siyasi gücünü artıracaq müqavilə imzalandı: “Əsrin Müqaviləsi”. Azərbaycanın sonrakı taleyində ana xətt olaraq keçən milli neft strategiyasının əsası qoyuldu. Bu müqavilənin imzalanmasının arxasında ağır iş, böyük əmək var idi və hər şey heç də asanlıqla əldə olunmamışdı.

90-cı illərin ağır günləri, ərazilərin işğalı, ölkənin varlığı üçün mövcud iqtidarın daxilində baş verən intriqalardan doğan təhlükələr… və bütün ümidlər qırılır. “Qırmızı imperiyadan qurtulduq, yenə də işğal altına düşəcəyik?” sualı hər kəsi düşündürür. Hər şey uçurumun dibinə yuvarlandığı vaxt Heydər Əliyev yenidən hakimiyyətə qayıdır… Azərbaycanı labüd fəlakətdən xilas edən Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün də tədbirlər görməyə başladı.

“Heç bir səhvə yol verə bilməzdik”.

“Əsrin müqaviləsi” ilə bağlı danışıqların 1994-cü ilin yazında və yayındakı İstanbul və Hyustondakı son mərhələləri xüsusilə ağır keçdi. Bəzən böhran anları da olur, müəyyən şərtlərin qəbuledilməzliyi ucbatından danışıqlar dayandırılma məqamına çatırdı. Həmin anı Prezident İlham Əliyev belə xatırlayır: “Biz xarici şirkətlərə deyirdik: siz ayrı-ayrı şirkətlərin maraqlarını müdafiə edirsiniz. Biz isə ölkənin və Azərbaycan xalqının maraqlarını müdafiə edirik. Əgər siz səhvə yol versəniz, bu, sizin şirkətin yalnız bir layihəsində öz əksini tapacaq, əgər biz səhv etsək, bu səhv bütün Azərbaycan xalqının mənafeyinə xələl gətirəcəkdir. Başqa sözlə, biz heç cür heç bir səhvə yol verə bilmərik”.

Bütün çətinliklərə baxmayaraq, müqavilə Azərbaycanın milli mənafeyinə uyğun hazırlandı. Dəyəri 7,4 milyard dollar olan “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın iqtisadi mənzərədə tənəzzül görüntülərini, inkişafla əvəz etdi. Bu mənzərənin görüntüsünü dəyişənsə ümumilli lider Heydər Əliyev oldu. Müharibədən yenicə çıxmış Azərbaycanın siyasi, iqtisadi və informasiya blokadası şəraitində olduğu bir vaxtda imzalanan bu sənəd həm də ölkəmizi dünyaya tanıdan ilk addım idi. Beləliklə, hər bir dövlət üçün vacib olan milli iqtisadiyyatın əsası Azərbaycanda da qoyuldu.

Azərbaycan üçün həyati əhəmiyyət daşıyan “Əsrin müqaviləsi”ndən sonra yeni daşınma kəmərlərinin çəkilməsilə bu prosesi davam etdirmək vacib idi. Çünki ilkin hesablamalara görə, “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsində çıxarıla bilən neft ehtiyatı 511 milyon ton olsa da, sonralar yeni qiymətləndirmələrə əsasən neft ehtiyatı 1.072 milyard ton həcmində müəyyən edilib. Beləliklə, “Əsrin müqaviləsi”ndən sonra 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 saziş imzalandı.

Müqavilənin müddəalarını nəzərdə tutulan müddətdə icra etmək və artan neft hasilatını beynəlxalq bazarlara daşımaq üçün yeni neft kəmərləri tikilib istifadəyə verildi:

– 1997-ci ilin sonlarında neft Bakı-Novorossiysk kəməri ilə Qara dənizə ixrac edilməyə başlandı;
– 1999-cu ildə Qara dənizin digər limanına – Supsaya Bakıdan neft kəməri çəkilib istifadəyə verildi. 1999-cu ilin dekabrında Azərbaycan nefti ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarıldı;
– 2002-ci ildə ümummilli lider Heydər Əliyevin davamlı səyləri nəticəsində “Əsrin müqaviləsi”ndə nəzərdə tutulan, lakin çoxlarının əfsanə və ya kağız üzərində kəmər hesab etdiyi əsas neft kəməri Bakı-Tbilisi-Ceyhanın təməli qoyuldu. Qlobal əhəmiyyət kəsb edən kəmər Azərbaycanın enerji dəhlizinə çevrilməsi istiqamətində mühüm addım idi. 2005-ci il mayın 25-də Prezident İlham Əliyevin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılış mərasimi keçirildi, 2006-cı ildə Türkiyənin Ceyhan limanından Azərbaycan neftinin nəqlinə başlanıldı. Bu layihələr nəticəsində xarici investisiyanın Azərbaycana axını sürətləndi. 2017-ci ilə qədər Azərbaycanın dənizdəki neft ehtiyatlarının işlənilməsinə təxminən 33 milyard dollar investisiya qoyulub və “Azəri-Çıraq-Günəşli”dən 3,2 milyard barrel neft hasil edilib. Həmçinin “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan ümumilikdə 30 milyard kubmetr səmt qazı hasil edilərək Azərbaycan hökumətinə verilib.

Ümumilikdə, Azərbaycan neftinin Xəzər dənizindən dünya bazarlarına çıxarılması üçün Yer planetinin ekvatorunun uzunluğunun 1/10-i həddində neft kəmərləri tikilib: Bakı-Novorossiysk (1330 kilometr), Bakı-Supsa (833 kilometr) və Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri (1768 kilometr).

“Əsrin müqaviləsi” həm də yeni transmilli enerji layihələrinin həyata keçirilməsində mühüm rola malikdir. Ümummilli lider Heydər Əliyevin neft strategiyasını uğurla davam etdirən Prezidenti İlham Əliyevin siyasi iradəsi və qətiyyəti sayəsində, Azərbaycanın liderliyi ilə həyata keçirilən yeni layihələr ölkəmizin iqtisadi qüdrətinin və dünya arenasında siyasi çəkisinin böyüməsini təmin etdi.

2017-ci il sentyabrında “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilə qədər uzadıldı. Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faizə qaldırılacaq və beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Dövlət Neft Fonduna 3.6 milyard dolar bonus ödəyəcəklər. Növbəti 32 il müddətində AÇG-yə 40 milyard dollardan artıq sərmayə qoyulması potensialı var. “Azəri-Çıraq-Günəşli” neft yataqları blokunun 2050-ci ilə qədər işlənməsini nəzərdə tutan yeni saziş “XXI əsrin müqaviləsi” hesab olunur. Yeni müqavilə ölkəmizin və şirkətimizin 1994-cü ildən bəri artan maliyyə və texnoloji potensialını əks etdirməklə yanaşı, xarici tərəfdaş şirkətlərin Azərbaycan iqtisadiyyatına olan inamını da göstərir.

Ümummilli lider Heydər Əliyevin “Əsrin müqaviləsi” ilə həyata keçirdiyi milli strategiya Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bütün bu layihələrin keçmişdə, bu gün və gələcəkdə bir nəticəsi olub və olacaq: Qarşıdakı 100 il ərzində Azərbaycan xalqına xidmət edəcək və milli iqtisadiyyatın inkişafında mühüm faktor olacaq.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm