Separatçıların aqibəti belə olacaq - Çıxış üçün dəhliz açılır...
Bizi izləyin

Nida Təhlil

Separatçıların aqibəti belə olacaq - Çıxış üçün dəhliz açılır...

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Tofiq müəllim, antiterror tədbirlərindən sonra separatçılar silahı yeri qoyub, təslim olduqlarını, Azərbaycanın şərtlərini qəbul edəcəklərini açıqladılar. Artıq Yevlaxda Qarabağın erməni sakinlərinin təmsilçiləri ilə görüş baş tutub. Proseslərin xronoliji gedişi ilə bağlı proqnozlar nədən ibarətdir?

- 30 il ərzində işğalçı qurumların yaratdığı şəbəkələr və tərəfdarlarını neytrallaşdırmaq üçün vaxt lazımdır. Bu asan proses deyil. Amma böyük bir qələbə yaşandı. Ermənistandan birbaşa maliyyələşən mütəşəkkil hərbi birləşmələr məhv edildi. Amma Nikol Paşinyan deyir ki, Qarabağda əsgərimiz yoxdur. Halbuki sülhməramlılar onların ərazidən çıxışı üçün dəhliz açılmasını istəyib. Bu, Ermənistanın işğalçı ordusunun qalıqlarının Azərbaycan tərəfindən hələ də ərazidən təmizlənməsi deməkdir. Əslində orada Ermənistanın qalıqları çoxdur. Bu tək silahlı birləşmələr deyil. Maliyyə, iqtisadi məsələlər, vergilər və s. 30 il orada qanunsuz bir sistem yaradıblar. Bunu təmizləmək üçün bəlli vaxt lazımdır. Amma böyük bir mərhələ qısa zamanda həll edilib. Artıq mütəşəkil hərbi qüvvələr məhfumu ləğv edilib.

- Reinteqrasiya prosesi ilə bağlı ilk addımlar atılır. Azərbaycan tərəfindən hümanitar yardım karvanı erməni sakinlərə çatdırılıb...

- Azərbaycan oradakı qondarma rejimin qurumları ilə danışıqlardan imtina edib. Bunun əksinə Ermənistanla danışıqlar aparılıb. Çünki bu eyni analogiyadır. Separatçıların təmsilçiləri və Ermənistanın xarici işlər naziri eyni büdcədən maliyyələşir. Bunlar arasında hansısa bir fərq yox idi. Sadəcə olaraq onlar özlərinə qondarma adlar qoymuşdular. Azərbaycan da haqlı olaraq onları tərəf kimi qəbul etmir. İndi baş verən təmaslar Azərbaycan vətəndaşlığını qəbul etmək niyyətində olanlarladır. Azərbaycan bu adamlarla danışmağa hazırdır.

- Nəticədən gözləntilər nədən ibarətdir?

- Azərbaycan dövlətinin təmsilçisi ilə erməni sakinləri arasındakı görüşdən çox şey asılıdır. Onlar gəlib yenə köhnə məsələlərdən danışacaqlarsa bu uğursuz olacaq.

- Belə olan halda alternativ variant kimi nə təklif ediləcək?

- Keçid üçün bir dəhliz açılacaq. Kimlər ki Azərbaycan qanunlarına tabe olmaq istəməyəcək çıxıb gedə bilər. Normal şəkildə burada yaşamaq istəyənlərə imkan yaradılacaq. Başqa məsələ ola bilməz.

- Separatçılar hələ də Xankəndidə bu və ya digər şəkildə görünürlər. Onların aqibəti necə olacaq?

- Artıq bu bölgə demək olar ki, üç yerə bölünüb. Burada bütün hərəkətlər indi Azərbaycan Ordusunun nəzarətindədir. Ağdərədən Xankəndiyə gedən Vardanyan və ona bənzər separatçılar nəzarət altındadır. Ona görə də, burada bütün proseslər ardıcılıqla aparılır. Bu əslində belə də olmalıdır. Çünki başqalarına söz demək üçün imkan yaratmaq olmaz.

- Siz, BMT-dəki müzakirləri nəzərdə tutursunuz?

- Bəli, faktiki olaraq BMT-dəki müzakirələrdə Azərbaycanın son addımlarından səhv axtarırdılar, amma tapammadılar. Ararat Mirzoyan əslində orada özünü biabır etdi. Ondan öncə Paşinyan mülki itgilərin olmadığını açıqlamışdı. Mirzoyan isə BMT-də itgilərdən danışırdı. Paradoks da elə bu zaman yarandı.

- Belə çıxır ki, Xankəndidə bayrağımızın dalğanacağı anı gözləməliyik...

- Burada bütün məsələlər səhvsiz olmalıdır. Heç bir itgi vermədən bu işlər aparılmalıdır. Siçovulu küncə sıxışdıranda adamın üstünə tullanır. İmkan vermək lazımdır ki, o siçovul çıxsın getsin. Artıq proses başa çatıb. Hətta bir vaxt bəziləri əməliyyat aparmağa rusların icazə verməyəcəyini deyirdi. İndi nə oldu bəs? Əslində sülhməramlılar Azərbaycana qarşı ittihamlar olmasın deyə, yaxşı bir şərait yaratdılar. Bunu etiraf etmək lazımdır. Ona görə də, emosiyalarla deyil, ağılla hərəkət edilməlidir. Hər şey yaxşı olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm