"Azərbaycan öz tarixini öz gücü ilə yazdı" - Türk general
Bizi izləyin

Nida Təhlil

"Azərbaycan öz tarixini öz gücü ilə yazdı" - Türk general

"Bu, Azərbaycanın həm qırx dörd günlük İkinci Qarabağ müharibəsində, həm də iyirmi dörd saatlıq antiterror tədbirlərində əldə etdiyi hərbi uğurun diplomatik sahədə qələbəsidir".

Bu sözləri Publika.az-a açıqlamasında ehtiyatda olan türkiyəli general Yücel Karauz deyib.

O bildirib ki, bu, təkcə otuz bir il əvvəl deyil, yüz il əvvəlki haqq-hesabın açıldığı tarixdir. Çox əlamətdar, çox sevincli və tarixə qızıl hərflərlə yazılacaq bir gündür:

"Bu gün otuz bir il davam edən qanunsuzluq və ədalətsizliyə son qoyulan gündür. Dövlətlərin siyasi tarixinə nəzər saldıqda görürük ki, hərbi uğurlar siyasi uğurlarla taclandırılmasa, davam etdirilməsə, görülən işlər yarımçıq qalır. Odur ki, Azərbaycan Dövlətinin Prezidenti Ali Baş Komandan uzaqgörən siyasəti ilə vətəni üçün, dövləti üçün, bayrağı üçün qanını son damlasına qədər axıdan şanlı Azərbaycan ordusunun əməliyyat sahəsində qazanmış olduğu savaşı diplomatiya sahəsində də qazandı".

Y. Karauzun sözlərinə görə, bu həm də Azərbaycanın öz milli resursları, öz ordusu, öz xalqı, öz dövləti və öz siyasi rəhbərliyi ilə əldə etdiyi qələbədir:

"Ona görə də bu qələbə təkcə Azərbaycanın deyil, bütün türk dünyasının qələbəsidir. Bu qələbə eyni zamanda dünyada qanunsuzluğa məruz qalan, haqqını axtarmağa məcbur olan, dövlətinə və cəmiyyətinə qarşı hər cür haqsızlığa qarşı durmağa çalışan məzlum xalqlara örnək olacaq bir mübarizədir. Tarix yazılarkən, Azərbaycan öz tarixini başqalarının dəstəyi ilə, Qərbin oyun qurucularının dəstəyi ilə deyil, əsgərlərinin və öz qüdrətinin gücü ilə yazdı.

Bu tamamilə qanun çərçivəsində həyata keçirilən, Qarabağdakı erməni hərbi birləşmələrinin obyektlərini və seperatçıları hədəf alan lokal xarakterli antiterror tədbir idi. Ötən əsrin dünya müharibəsi tarixində bu qədər humanist və ya bu qədər dəqiqliklə həyata keçirilən hərbi əməliyyat olmayıb. Cənab Prezidentin dəfələrlə dediyi kimi, biz bu bölgədə yaşayan, Azərbaycan vətəndaşı olmaq istəyən, Azərbaycan konstitusiyasına tabe olmaq istəyən, üçrəngli bayraq altında yaşamaq istəyən ermənilərə qucaq açırıq.

Onlara yenidən güvən mühitində yaşamaq istəyimizi çatdırırıq. Amma sülh əlini oyun oynamadan, aldatmadan vicdanla cavab verənlərə uzadırıq. Onu da bildirməliyik ki, Azərbaycana qarşı aparılan təbliğatlarla Azərbaycanın bu hüquqi, mənəvi və humanist davranışı nəticəsiz qalıb.

Azərbaycanın bu xoşbəxt və tarixi günündə səksən beş milyonluq Türkiyə türkləri adından sevincini, xoşbəxtliyini öz içimizdə hiss edir və 1988-ci ildən bu yana canlarını, qanlarını fəda edən şəhidlərimizi rəhmət, şükür və minnətlə yad edirik".

Nəzrin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm