Qohum nikahlarına qadağa: Şəhriyara, Yusif Vəzirə, Əli Səlimiyə münasibət necə olsun?
Bizi izləyin

Nida Təhlil

Qohum nikahlarına qadağa: Şəhriyara, Yusif Vəzirə, Əli Səlimiyə münasibət necə olsun?

Sən yarımın qasidisən!

Əylən, sənə çay demişəm.

Xəyalını göndəribdi,

Bəs ki, mən ah-vay demişəm.

Ax! Gecələr yatmamışam,

Mən sənə lay-lay demişəm.

Sən yatalı, mən gözümə

“Ulduzları say!” demişəm...( Məhəmməd Hüseyn Şəhriyar)

Qohum nikahları qadağan edən tələblərin əhatəsinin genişləndirilməsi haqda təşəbbüs, nədənsə çadır toylarının “hit parad”ına daxil olan mahnıları xatırlayır, "Məhləmizdə bir quyu var, əmiqızı" kimi.

Yaxşı, bəs Şəhriyardan təqdim etdiyimiz, şairin, ümumən poeziyamızın ən lirik şeirlərindən olan “Yar qasidi” kimə həsr olunub? Həyat yoldaşı, cavan yaşında dünyasını dəyişmiş Əzizə Əbdülxaliqiyə. Əzizə həm də Şəhriyarın dayısı qızı idi.

Deyəsən, bu müzakirələrdə ironiya olunan mahnılardan biri də “Səkinə dayıqızı” idi. Amma bilirsinizmi, bu ironiya etdiyiniz mahnı Pəhləvi rejiminin dil yasaqları zamanı Ququşun sayəsində ekrana - efirə yol tapa bildiyi üçün cənublu soydaşlarımızın mədəni haqlar uğrunda mübarizəsini simvollaşdıran musiqi parçalarından sayılırdı? Bəstəkarı “Ayrılığ”ı, “Salam gətirmişəm”i yazan ölümsüz Əli Səlimi idi.

Yusif Vəzirin xanlıqlar dövrünə aid “Qan içində” romanında dövrün siyasi elitası olan Cavanşirlər arasında qohum nikahlarından adi hal kimi bəhs edirdi. Qeyri-adi bir hal da deyildi. Dinən-şəriətlə yasaq olmayan hər şey məqbul bilinirdi.

Əvvəlcə indiki yasaq təşəbbüsünün bir absurdluğu haqda. Qüvvədə olan Ailə Məcəlləsinin 12-ci maddəsində deyilir: “Nikahın bağlanmasına mane olan hallar

12.0. Aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir:

12.0.1. yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar);

12.0.2. övladlığa götürənlər və övladlığa götürülənlər;

12.0.3. ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər”

Yeni təklifə görə, bura ümumi baba və nənədən olan qohumlar əlavə ediləcək. Amma baxın, nə mövcud versiyada, nə də genişləndirilmiş versiyada xala, bibi, əmi və dayılarla bacıuşağı, qardaşuşağı arasında nikahı yasaq edən tələb yoxdur. Azərbaycanda belə nikah qeydə alınırmı? Xeyir. Çünki dünyəvi qanunvericiliyimiz yasaq etməsə də, dinimiz, türk və qafqazlı əxlaq kodekslərimiz yasaq bilir deyə belə kəbinlər qıyılması kimsənin ağlına da gəlmir. Yəni adətin yasaqetmə gücü - mental tabular dünyəvi rəsmi hüququn çəkindiricilik gücündən qat- qat artıqdır.

Bəs yasağın səbəbi nədir? Rəsmi versiyaya görə, genetik xəstəliklərin çoxalması. Həqiqətdirmi? Bəli, irsi xəstəliklər yetərincədir. Amma, məsələn, Azərbaycanda ürək-damar xəstəliklərinin və onkoloji xəstəliklərin artması daha təhlükəli deyilmi? Səbəblərini bilirsiniz: tıxaclar, iş yerlərinin əmək qanunvericliyinin tələblərinə uyğun olmaması (iş sahəsinin işçi sayına tərs mütənasibliyi, havalandırma sisteminin yoxluğu, iş saatlarınn həftədə 42 saatdan bəzən iki dəfə çox olması və s.), şəhərin gözəlləşdirmə əməliyyatı ilə (divar qaşıma kimi) tənəffüs yollarına çirkli allergen, kansorgen maddələr daxil olması və s. Onkoloji klinikalar qarşısında növbələri azaltmaq üçün, ürək -damar xəstəlikləri ilə bağlı qlobal statistikalarda şərəfsiz öncüllüyümüzə son qoymaq üçün bildiyimiz və bilmədiyimiz səbəbləri aradan qaldırmaq indi daha çox zəruridir, milli genefondu qorumaq məsələsidir. Ancaq nədənsə o haqda müzakirələrə elə də həvəsli deyilik.

İrsi xəstəliklər yalnız əmi-dayı-bibi-xala uşaqları arasında nikah səbəbindənmi yayılır? Təəssüf ki yox. Valideynlərdən hər hansı biri irsi xəstəlik daşıyıcısıdırsa, varislər avtomatik risk qrupundadır. Qohum nikahları bu ötürücülüyü təhrik edə bilər sadəcə. Azərbaycanın irsi xəstəliklər xəritəsini qarşınıza qoyun və yaxşıca baxın- Şəki-Balakən zonası bir xəstəliklərin (yod çatışmazlığı ilə əlaqədar), Lənkəran-Astara zonası bir xəstəliklərin (sümük-oynaq xəstəlikləri), Bakı kəndləri digər xəstəliklərin (qanla bağlı) konsentrasiyası ilə seçilir və s. Təsbit nədir o halda: yalnız kiçik qohum fratriyaları deyil, bütöv etnik və ya regional icmalar irsi xəstəliklərin daşıyıcılarıdır.

Niyə belədir? Çünki 50 il əvvələ qədər nikahlar əsasən yaxın 15-20 km civarında yaşayan şəxslər arasında kəsilirdi. Üç- dörd nəsildən sonra bütöv regional, dini və ya etnik icma uzaq qohumlara çevrilirdi. İndi nə edək? Padara padarla, tərəkəməyə tərəkəməylə, talışa talışla, tata tatla, hapıta hapıtla, qarabağlıya qarabağlı, naxçıvanlıya naxçıvanlı, bakılıya bakılı ilə evlənməyi yasaqmı edək?

Yarımköçəri subkulturanın yaşadığı dövrlərdə bu problem tədricən aradan qalxırdı. Güzdəyə, yaylağa, qışlağa gələn padarla bakılı, tərəkəmə, qarabağlı ilə naxçıvanlı arasında qohumluqlar artır və irsi xəstəlik ötürücüsü olmaq təhlükəsi də azalırdı. Sovet dövrü urbanizasiya və yeni regional mərkəzlərin (Yevlax, Əli Bayramlı, Sumqayıt, Mingəçevir) salınması Azərbaycanın dörd bir guşəsindən olan gənclər arasında nikahların artmasına səbəb olmuşdu.

Qanunun cəmiyyətdə təqdir doğuran yönü irsi xəstəliklərə qarşı mübarizədirsə, əvvəl daha təhlükəli xəstəliklərlə mübarizə aparmaq lazımdır ki, təşəbbüsçülərin səmimiliyinə inam olsun. İkincisi də, kiçik qohum icmaları deyil, ümumən irsi xəstəlik daşıyıcıları olan böyük icmalar daxilində nikahların azalmasını təşviq etmək lazımdır. Amma yasaqla deyil, yuxarıda qeyd etdiyimiz praktikanın genişlənməsi (regional mərkəzlərin inkişafı, icmalararası sosial-mədəni əlaqələrinin artması və .s) ilə . Və ya məsələn, Malayziya və Sinqapurdakı metodla. Orda etnik-dini inklüzivliyi təmin etmək üçün istifadəyə verilən yaşayış binaları ölkənin etnik tərkibinə uyğun məskunlaşdırılır-60 faiz malay, 20 faiz çinli, 10 faiz tamil və s. Yəni illah da ki, hər şeyin qanuna yazılmasına ehtiyac yoxdur, əsas olan təşviq etməkdir, indi xoşagəlməz saydığımız adətin aradan qalxamasına kömək edəcək mühiti yaratmaqdır.

Bəs yasağın əsl motivi nədir? Protestant ölkələrində olan qadağalar, bu cür nikahların protestant əxlaqına görə insest sayılması. Amma, məsələn, katolik ölkələrdə belə yasaq kəskin deyil, bildiyiniz katolik italyanların həyatından bəhs edən “Xaç atası” filminin ən romantik səhnələri əmi qızı-əmi oğlu sevgisi haqdadır.

Deyəsən, klassiklərimiz demişkən, Maçində də (Koreya) belə yasaq var. Amma hinduizmdə, yəhudilərdə oxşar yasaq yoxdur. Yəhudi əsilli Rokfellərin, Rotşildlərin nikah tarixləri qohumluğun daha da möhkəmlənməsinə xidmət edirdi. Anlayıram ki, adamlar təhsil və ya sertifikat almaq üçün getdiyi protestant ölkələrin mentalitetini bura daşımağa həvəslənə, yalnız protestant əxlaqının üstün olduğunu düşünə bilərlər. Vaxtilə ərəb qəbilələrinin böyütdüyü məvalilər də soqd, sasani və baktriyalılar arasında yeni dini beləcə yaymışdırlar. Nəticə yeni xalqın-tayiklərin (ərəbləşmiş, yəni müsəlmanlaşmış irani xalqların) meydana çıxmasına səbəb oldu. İndi onlara fars, dari ya tacik deyirik. Digər irani xalqlar-puştunlar, osetinlər və s. üçün onlar fərqli yad mədəniyyətin daşıyıcıları idilər.

Vaxtilə türk törəsini buddizm, sonra da maniliklə əvəz edən böyük uyğur mədəniyyəti özünü digər türk xalqlarından beləcə təcrid etmişdi. O uyğurların hələ ki, assimilyasiya olmamış varisləri indiki azsaylı sarı uyğurlardır. Bir hissəsi hələ də klassik uyğur dilini qoruyur, qalmışları çoxdan mancurların, monqolların, çinlilərin içərisində əriyib gedib (Şərqi Türküstanın uyğur kimi tanıdığımız müsəlman türkdilli xalqı ilə sarıuyğurlar fərqli xalqlardır-red).

Qumilyov türk dövlətləri arasında, türklərlə toxarlar və çinlilər arasında ədavətin bir səbəbi kimi də türklərdə ata və ya böyük qardaş vəfat etdikdən sonra onun arvadları ilə nikahın yasaq edilməməsini göstərirdi. Bu, digər mədəniyyətin daşıyıcıları üçün qəbuledilməz barbarlıq kimi görünürdü.

Yəni hər şey “ yasaq etdik bitdi” deyiləcək qədər sadə deyil. Nikahla bağlı tabu və icazələr sistemi bu qədər mühümdür, mədəniyyətləri bir-birinə bağlayan və ya biri-birindən ayıran ciddi göstəricidir. Bu, sivilazasiyon seçim məsələsidir. Biz kim olmaq istəyirik? Hara inteqrasiya etmək istəyirik? Yalnız texnologiyaları və siyasi mədəniyyətinimi Qərbdən əxz etmək istəyirik, yoxsa qabıq dəyişib ümumən avropalı protestant kimi olmaq istəyirik?

Məsələn, sabah Çin və ya Hindistan dünyanın aparıcı dövləti statusunu ABŞ-dan (protestant ölkədən) alanda qanun və adətlərimizə yenidən baxıb, bu dəfə Rac Kapur nikahlarını təşviq edəcəyik? Hinduizmdə bizim mədəniyyətin insest bildiyi nikahlar-bibi-xala və ya əmi-dayı ilə nikahlar yasaq deyil. Ən parlaq nümunə tanınmış hind aktyoru Rac Kapurun öz kiçik bibisi ilə nikahı idi. Bəhanə də tapılacaq, onsuz da qanunvericilik yasaq etmir...

Bizim 21-ci əsrin məvalilərimiz hansı əxlaqın və ya mentalitetin daşıyıcısı olmaq istəyirlərsə, olsunlar. Amma hamını özləri kimi düşünməyə qanunən məcbur etmək yersiz təşəbbüsdür. İndi nə istəyirsiniz? Biz Həzrəti Əliyə, Şəhriyara, Yusif Vəzirə, Əli Səlimiyə insest təbliğatçıları, bizi əhatə edən bütün türk və müsəlman xalqlarına oğraşlar kimi baxaq?

P.S. Yeri gəlmişkən, nəslimizin son iki yüz illik tarixində nəinki qohum fratriyadan, yaxın regional icmadan da nikahlar olmayıb. Bunu kimsə babalarıma yasaq etməyib, sadəcə seçimləri belə olub.

Cəmaləddin Quliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm