Tofiq Qasımovun AXC-yə iradı yenidən gündəmdə: 31 ildir niyə ibrət çıxarmayıblar?
Bizi izləyin

Nida Təhlil

Tofiq Qasımovun AXC-yə iradı yenidən gündəmdə: 31 ildir niyə ibrət çıxarmayıblar?

Çinlə strateji əməkdaşlıq sazişi imzalanması hakimiyyətə ən çox irad tutulan mövzulardan birinə çevrilib. Doğrudanmı belə saziş Azərbaycanın birmənalı olaraq hansısa düşərgəni seçməsi, hansısa cəbhələşmələrdə yer alması deməkdir? Bir az da konkretləşdirək: Çinlə strateji əməkdaşlıq sazişi Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) üzvü olmaq deməkdirmi?

Hələlik Azərbaycanın geosiyasi hədəfləri sırasında belə mövzu olmadığından uzağa gedən nəticələr çıxarmaq yersizdir. Azərbaycan fərqli təşkilatlarla əməkdaşlıq edir, ancaq dövlət başçısı yalnız Türk Dövlətləri Təşkilatına mənsubluqdan danışır, hansısa digər regional siyasi birliklərdə olmaq istəmədiyimizi də açıq şəkildə bəyan edir.

Azərbaycan digər siyasi regional təşkilatlarda birbaşa təmsilçilikdənsə, təşkilat üzvləri ilə ikitərəfli əməkdaşlıq sazişlərinə üstünlük verir. Məsələn, Avropa İttifaqına üzvlükdənsə, aparıcı ölkələrlə ikitərəfli əməkdaşlıq sazişləri imzalanıb.

Hindistan istisna edilməklə, ŞƏT-də təmsil olunan 9 dövlətin hər biri ilə də Azərbaycanın strateji əməkdaşlıq səviyyəli əlaqələri var, bu əlaqələri təsbit edən hüquqi sənədlər də imzalanıb. Hindistana gəlincə, hazırda Azərbaycanın ən böyük iqtisadi tərəfdaşlarından biridir. Bu gün əsas ticarət tərəfdaşımız qaz ixracına görə Avropa İttifaqıdır, amma get-gedə ŞƏT üzvlərinin xarici ticarətdə də payı artır.

Gələcək inkişaf perspektivlərimiz də ŞƏT üzvləri ilə bağlıdır - Azərbaycandan keçməsini istədiyimiz Orta Dəhlizin, Şimal-Cənub, Transxəzər, Lazurit dəhlizləri və s. digər regional və qlobal layihələrin ya çıxış (mənbə), ya hədəf (mənsəb) ölkələridir. Azərbaycan ŞƏT üzvlərinə böyük miqdarda investisiya qoyub, eləcə də ŞƏT üzvləri Azərbaycana böyük miqdarda investisiya yatırımları həyata keçirib.

Bəs Tayvan məsələsində Azərbaycanın Çini dəstəkləməsi hakimiyyətin opponentlərinin dediyi kimi, ABŞ-a meydan oxumaqdırmı?

Əvvələn, əməkdaşlıq sazişində məsələ qarşılıqlı şəkildə qoyulur. Azərbaycan Çinin ərazi bütövlüyünü tanıdığı kimi, Çin də İrəvanla Bakı arasında bağlanacaq sülh sazişi ilə bağlı ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanın mövqeyini dəstəkləyir. Burda işlətdiymiz “Azərbaycanın mövqeyi” söz birləşməsi diplomatik ifadədir. Reallıqda Azərbaycan Fransa və bəzi ölkələrin dəstəklədiyi Ermənistana öz şərtlərini diktə edir, Pekin bizim diktə etdiyimiz şərtlərə dəstək bildirib.

İkincisi, Çinin ərazi bütövlüyü ABŞ tərəfindən də rəsmən qəbul edilir. 1971-ci ilə qədər BMT Təhlükəsizlik Şurasında Çin adına yeri belə adaya (Çin Respublikası-Tayvana) tuturdu. Çin adına ayrılmış yerin materik Çinə (Çin Xalq Respublikası) verilməsi məhz Amerikanın dəstəyi ilə mümkün olub. Adada qurulan hökumətlərin əksəriyyəti vahid Çin dövləti ideyasını qəbul edib, materik Çinin müvəqqəti olaraq kommunistlər tərəfindən qəsb olunduğunu iddia ediblər. Əlbəttə, Tayvanın müstəqilləşməsi ideyası da son zamanlar populyardır, amma əksər siyasi qüvvələr indi də “iki sistemli vahid dövlət” modelinin tərəfdarı kimi çıxış edir.

Üçüncüsü, daha qəribəsi odur ki, özünə, beynəlxalq hüquqa hörmət edən heç bir dövlət qarşısında durmayan “Taybey, yoxsa Pekin” dilemması Azərbaycanda AXC hakimiyyəti dövründə ciddi fəsadlara səbəb olmuşdu. Çin səddinə türk bayrağı sancmağa həvəsiyən AXC hökumətinin rəsmilərindən biri Tayvana səfər etmiş, rəsmi danışıqlar aparmağa təşəbbüs göstərmişdi. Bu təşəbbüs ozamankı xarici işlər naziri Tofiq Qasımov tərəfindən parlament tribunasından da sərt tənqid olunmuş, Azərbaycana gətirə biləcəyi təhdidlər barədə xəbərdarlıq da edilmişdi. Təəssüf ki, T.Qasımovun ozamankı tənqidinin motivlərini onun cəbhədaşları hələ də anlaya bilməyiblər.

Dördüncüsü, Tayvanın müstəqillik ideyasına dolayısı ilə dəstək verən ölkələr doğrudan da var. O ölkələr bunu Tayvanı ayrı müstəqil dövlət kimi tanımaqla etmirlər, Çin adına Pekindəki rejimi yox, Taybeydəki rejimi qəbul etməklə edirlər. Bilirsiniz söhbət hansı ölkələrdən gedir? Cənubi Osetiyanın müstəqilliyini tanıyan Nauru kimi cırtdan dövlətlərdən. Onların “tanıma” əməliyyatı təmənnasız da deyil, bunun qarşılığında faizsiz kreditlər, birbaşa yardımlar alırlar, istehsal etdikləri məhdud sayda məhsulları Tayvan bazarında sərbəst gömrüksüz satış imkanı qazanırlar və s. Anlaşılmır, Tofiq Qasımovun 31 il əvvəlki iradından hələ də ibrət çıxara bilməyənlər Azərbaycanın Nauru səviyyəsində ölkə olmasınımı arzu edirlər?

Beşincisi, Pekin onunla əməkdaşlıq edən ölkələrin Taybeylə iqtisadi əlaqələrinə mənfi yanaşmır. Çünki materikdə düşünürlər ki, qurulan əlaqələr də, adadakı rejimin yaratdığı maddi sərvətlər də bir gün vahid Çinə, Çin xalqına qalacaq. Məsələn, 2016-cı ildə SOCAR-ın Tayvanın “CPC” şirkətinə satdığı xam neftin həcmi 20 milyon barel, qazancı isə 880 milyon ABŞ dolları idi. Yəni Pekinlə siyasi əlaqələrin yüksək səviyyəyə qaldırılması Taybeylə iqtisadi əlaqələrə maneə olmayacaq.

Tənqidlərdə “Azərbaycan ABŞ-ı, Avropanı rədd etdi və Çini seçdi” iddiası yer alır. Yuxarılarda sadaladığımız faktlar fonunda aydın olur ki, bu iddianı oraya atanlar Azərbaycanın deyil, məhz Qərbin (Avropa və ABŞ-ın) mövqeyinin müdafiəsi kimi səslənir. Amma Azərbaycan ABŞ-ın etmədiyini niyə etməlidir? Avropaya gəlincə, qitənin ən azı iki aparıcı ölkəsinin - İtaliya və bizim qəribə siyasi mühacirətin oylağı olan Fransanın Çinlə siyasi və iqtisadi əlaqələrinə nəzər salıb, sonra Bakını ittiham etməyə əsas qalıb-qalmadığı haqda düşünsünlər.

Nəhayət, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov NATO tədbirində iştirak etmək üçün ABŞ-a səfər edib. Yəni hansısa birmənalı geosiyasi qütbləşmədə yoxuq, balans siyasətinə də sadiqik. Demək, Qərbdə kimlərəsə yarınmaq, onların maraqlarını qoruyan keşikçilər kimi davranmaq sadəcə mənasızdır. Axı bu xidmətə kiminsə ehtiyacı da yoxdur.

Cəmaləddin Quliyev, siyasi ekspert

Oxumağa davam et
Reklam
Reklam

Gündəm