Simalar fərqli, mahiyyət eyni - Və ya özləri çalıb, özləri oynayan senatorlar
Bizi izləyin

Nida Təhlil

Simalar fərqli, mahiyyət eyni - Və ya özləri çalıb, özləri oynayan senatorlar

ABŞ-nin və Qərbi Avropanın Cənubi Qafqaz bölgəsini hədəfləmiş yeni təzyiqlər dalğasına start verilib. Tək Azərbaycana deyil, qonşu Gürcüstana qarşı da tətbiq edilən hədə-qorxu, sanksiya cəhdlərinin arxasında geosiyasi gözləntilərin dayandığı sirr deyil. Dünənə qədər Tbilisini bölgədəki əsas müttəfiqi sayan Vaşinqton Gürcüstan hökumətinin müstəqil siyasətini həzm edə bilmir. Çünki, bu müstəqillik Qərbin bölgəmizə və qonşularımıza münasibətdə sərgilədiyi siyasətə nəinki ziddir, hətta bu kursun gələcək aqibətini qaranlıq edir.

Qərbin “insan haqları, vətəndaş azadlıqları və demokratiyanın tənəzzülü” kimi bəhanələrinin maskalanmış geosiyasət olduğuna adət etmişik. 30 ildən çoxdur bizə qarşı tətbiq edilən bu ədalətsizliyin müxtəlif simaları olsa da, mahiyyət dəyişməz olaraq qalır. İndi menyuya “erməni əsirlərin dərhal azadlığa buraxılması”, öz xoşları ilə Qarabağı tərk etmiş ermənilərin “Artsaxa qayıtması” kimi yeni “tələblər” də daxil edilib. Vaşinqtona bu “tələblər”in məntiqsizliyi və anlamsızlığını izah və sübut etməyə ehtiyac da yoxdur. Birincisi, onlar öz mövqelərindən fərqli arqumentlər qarşısında acizdirlər və bunları eşitmək istəmirlər. İkincisi isə bu, onlara lazım da deyil - proses dialoq deyil, monoloq formatında davam edir. ABŞ-nin dövlət rəsmiləri, konqresmen və senatorları özləri çalıb, özləri oynayırlar.

Vaşinqtonun Azərbaycana qarşı haqsız mövqeyinin arxasında hansı maraqların dayandığını bilirik. 1992-ci ildən tətbiq edilməyə başlanan 907-ci düzəlişin ABŞ-nin Əfqanıstan kampaniyası ərzində hər il birbaşa prezident tərəfindən qüvvədən salınması gerçək niyyətin heç də “insan haqlarının vəziyyəti” ilə bağlı olmadığını sübut edir. Bir də ki, axı niyə bütün dünya üzrə insan haqlarının ölçülərini məhz ABŞ müəyyən etməlidir? Yaxud niyə bunu Quantanamodakı həbsxanalarından başlamır?

Azərbaycan Prezidenti İlham Əliyev Qərbin bu riyakar siyasətini haqlı olaraq nadanlıq adlandırır: “Biz istənilən sanksiyalara qəti şəkildə qarşıyıq və hesab edirəm ki, beynəlxalq ictimaiyyət öz mövqeyini vahid qaydada bildirməlidir. Biz milli səviyyədə özümüzə qarşı, həm də təkcə bizə deyil, tətbiq olunan bütün sanksiyalara münasibətdə bu mövqeyi ifadə edirik. Bizə sanksiyalar 1992-ci ildə, Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında olduğu bir vaxtda ölkəmizin “Ermənistanı blokadada saxlaması” barədə qondarma ittihamla tətbiq edilmişdi. Bu sanksiyalar 2001-ci ildə, ABŞ-nin öz yüklərini hava, quru və dəniz yolu ilə Azərbaycan ərazisindən Əfqanıstana tranzit daşımalı olduğu vaxt aradan qaldırılmışdı. Partiya mənsubiyyətindən asılı olmayaraq, Birləşmiş Ştatların Prezidenti ABŞ Əfqanıstandan qaçana qədər hər il bu sanksiyaları öz qərarı ilə ləğv edirdi. Bundan sonra bizə qarşı həmin sanksiyalar yenidən tətbiq olundu. Mən onları nankorluqda ittiham edəndə, hesab edirəm ki, bu, həmin kontekstdə istifadə olunacaq ən sərt söz deyil”.

İnsan hüquqları, yoxsa erməni kaprizləri?

Son illər dünyanın müxtəlif guşələrində ABŞ-yə qarşı reaksiyanın sərtləşməsinin, birqütblü formatın sürətlə çoxqütblüyə doğru dəyişilməsinin əsasında Qərbin gözü götürmədiyi, onun siyasəti ilə razılaşmayan dövlətlərə qarşı haqsız münasibəti durur. Amerikanın maraqlarından asılı olaraq, bu və ya digər dövlətə qarşı yanaşmasının kardinal formada dəyişməsinə artıq hamı bələddir. Qonşu Gürcüstan 2008-ci ildə məhz Qərbin avantürist siyasəti və şıltaqlığının güdazına gedərək ərazilərinin bir qismini faktiki itirilmə reallığı ilə üz-üzə qaldı. Hazırkı hakimiyyət milli maraqları naminə Rusiya ilə əlaqələrini normal müstəviyə daşımaq istəyən kimi ABŞ-dəkilərin üzü dönməyə başladı. Cənubi Qafqazın “azadlıq bastionu” qəflətən “demokratiyanın boğulduğu” ünvana çevrildi.

Ancaq nədənsə bu paradiqma heç də hər dövlətə münasibətdə işləmir. Biz ABŞ-ni və kollektiv Qərbi onillər boyu Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını malalamaqda, ört-basdır etməkdə və qanuniləşdirmək cəhdində qınamışıq. Bu illər boyu olduqca vacib bir məqamın üzərində isə az dayanmışıq. Bu gün Ermənistan ABŞ-nin rəsmi şəkildə regionda sevimli ərkəsöyün “övlad”ına çevrilib. Qərb bunu Paşinyan hökumətinin “demokratikliyi” ilə pərdələyir. Məgər Vaşinqton Köçəryan və Sarqisyan kimi canilərin hakimiyyətlərinə qarşı hansısa hədə-qorxu, sanksiya hədələri edirdimi? Köçəryan-Sarqisyan dönəmində Ermənistan düşmən Rusiyanın regional forpostu və jandarmı idi. Ermənistan şirkətləri dəfələrlə İrana qadağan edilmiş məhsulların satışı və tranzitində ifşa olunmuşdular. Amma İrəvana bir dəfə də olsun barmaq silkələndiyini gördükmü?

Sanksiyalar Qərbin əlindəki dəyənək rolunda

Sanksiya və embarqoların Qərbin əlində bir dəyənək olduğunu hamı bilir. Özü də bu dəyənəyin dişsizliyi və gücsüzlüyü gündən-günə daha aydın hiss olunur. İki ildən çoxdur Rusiyaya qarşı saysız-hesabsız məhdudiyyətlər tətbiq olunub, ancaq bu, Ukrayna cəbhəsindəki fiaskonu kompensasiya etmək üçün yetərli deyil. Ayaq altında qalan Ukrayna xalqıdır. Tehrana qarşı sanksiyalar 40 ildən çoxdur qüvvədədir, ancaq İranın ballistik raketlər istehsal etməsinin qarşısını ala bilmirlər.

Kollektiv Qərbin bu riyakar və nankor yanaşması haqlı olaraq bütün dünya boyu əks-təsir effektini gücləndirməkdədir. Dövlətlər və xalqlar anlayırlar ki, bu ədalətsizliyə qarşı yalnız deyil, birgə şəkildə hərəkət etməyin daha böyük effekti ola bilər. BRİCS, Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar səbəbsiz yerdən yaranmayıblar. İqtisadi potensialları daha zəngin olan xalqların konsolidasiya istəyinin əsas hədəfi Qərbin nahaq siyasətinə qarşı birgə mübarizədir. ("Kaspi" qəzeti)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm