Bugünkü uğurların başlanğıc nöqtəsi - Azərbaycan fəlakətdən belə xilas olub
Bizi izləyin

Nida Təhlil

Bugünkü uğurların başlanğıc nöqtəsi - Azərbaycan fəlakətdən belə xilas olub

Bugünkü uğurların başlanğıc nöqtəsi - Azərbaycan fəlakətdən belə xilas olub

15 İyun - Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixində ən çox müzakirə olunan və ölkənin gələcək inkişaf trayektoriyasına təsir edən tarixlərdən biri hesab olunur. Müstəqilliyin ilk illərində yaşanan siyasi və iqtisadi çətinliklər fonunda həmin dövr sonrakı proseslərin başlanğıcı kimi qiymətləndirilir.

Millət vəkili Aydın Mirzəzadə Publika.az-a açıqlamasında bildirib ki, Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonrakı ilk illər kifayət qədər mürəkkəb keçib.

Böhran içində keçən ilk illər

Deputatın sözlərinə görə, həmin mərhələdə dövlət quruculuğu prosesi ciddi maneələrlə üzləşmişdi və bu, ölkədə vəziyyəti daha da ağırlaşdırırdı.

“Azərbaycan dövlət müstəqilliyini 1991-ci il 18 oktyabrında bərpa etsə də, həmin dövrdən 1993-cü ilin 15 iyununa qədər çox böhranlı bir dövr yaşadı. Təsadüfi insanların hakimiyyətdə olması, ölkənin müstəqilliyinin möhkəmləndirilməsi ilə bağlı ciddi bir proqramların olmaması ölkədə olan böhranı daha da dərinləşdirirdi”, - deyə millət vəkili bildirib.

Aydın Mirzəzadə qeyd edib ki, paralel olaraq xarici faktorlar və daxili parçalanma meyilləri vəziyyəti daha da mürəkkəbləşdirirdi.

“Ermənistanın 1988-ci ildən Azərbaycana qarşı başladığı təcavüz böhranı daha da şiddətləndirirdi. Və 1993-cü ilin iyunun15-də ölkədə artıq vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. Nizamlı ordu yaratmaq mümkün olmamışdı”, - deyə deputat qeyd edib.

Deputatın fikrincə, həmin illərdə ölkənin həm siyasi, həm də iqtisadi dayaqları zəif idi.

“Beynəlxalq aləmdə Azərbaycan müttəfiqlər sistemi yarada bilməmişdi. Ölkədə milli birlik yox idi. İqtisadiyyatda inflyasiya baş alıb gedirdi”, - deyə o əlavə edib.

Cəmiyyət hansı çıxış yolunu görürdü?

Millət vəkili hesab edir ki, ölkədə yaranmış vəziyyət cəmiyyətdə çıxış yolu axtarışlarını gücləndirmişdi.

“Və bütün bunların hamısı Azərbaycan cəmiyyətində çıxış yolunun axtarışı müzakirəsini genişləndirirdi. Və insanlar çıxış yolunu o dövr Naxçıvan rəhbərliyində olan tanınmış və təcrübəli siyasətçi Heydər Əliyevin ali hakimiyyətə gəlməsi ilə bağlayırdı”, - deyə deputat bildirib.

Onun sözlərinə görə, həmin gözləntilərin formalaşmasında siyasi təcrübə və idarəçilik amili xüsusi rol oynayırdı.

“Təcrübəsi, Azərbaycanın inkişafı ilə bağlı ciddi və real fikirlərə malik olması, cəmiyyətdə yüksək nüfuzu bir daha göstərirdi ki, Azərbaycanı ancaq onun rəhbərliyi ilə həyata keçirilən siyasi kurs xilas edə bilər”, - deyə millət vəkili vurğulayıb.

Sonrakı mərhələdə hansı addımlar atıldı?

Aydın Mirzəzadənin sözlərinə görə, bundan sonra ölkədə vəziyyətin sabitləşdirilməsi istiqamətində addımlar atılmağa başladı.

“Bu baxımdan o ali rəhbərliyə dəvət edilsə də, vəziyyəti araşdırmaq üçün 9 iyunda Gəncəyə getdi, qiyamçıların rəhbəri ilə görüşdü. Sonra isə qayıdaraq milli birlik yaratmaq istiqamətində ciddi işlərə başladı”, - deyə deputat qeyd edib.

Deputat bildirib ki, sonrakı siyasi qərarlar ölkənin düşdüyü vəziyyətdən çıxmasına şərait yaratdı.

“15 iyunda onun Heydər Əliyevin o vaxtkı Ali Sovetin sədri seçilməsi, 24 iyunda isə prezident səlahiyyətlərinin icrasına başlaması Azərbaycanı tədricən düşdüyü ağır vəziyyətdən çıxarmağa başladı”, - deyə o bildirib.

Dövlət quruculuğundan bugünkü nəticələrə

Millət vəkilinin fikrincə, sonrakı mərhələdə atılan addımlar ölkənin uzunmüddətli inkişafının əsasını qoydu.

“Ulu Öndər Heydər Əliyevin gəlişi ilə ilk növbədə Azərbaycanın dövlət müstəqilliyini itirmək təhlükəsi aradan qalxdı. Azərbaycan daxili siyasətinə müdaxilə edən xarici qüvvələr Ümummilli Lider Heydər Əliyevin siyasi gücünü, milli birlik yaratmaq bacarığını gördülər”, - deyə deputat bildirib.

O əlavə edib ki, proses bununla yekunlaşmadı.

“Onun hakimiyyətə qayıdışı Azərbaycanda vətəndaş müharibəsinin qarşısını aldı. Bu olmasaydı, Azərbaycan onilliklərlə vətəndaş müharibəsinin içərisində böyük fəlakətlərlə üzləşə bilərdi”, - deyə millət vəkili vurğulayıb.

Deputatın sözlərinə görə, bundan sonra iqtisadi və hüquqi islahatlar mərhələsi başladı.

“Onun qayıdışı vahid ordu yaradılması istiqamətində ciddi bir addım atmağa imkan verdi. İqtisadi islahatların əsası qoyuldu, hüquqi islahatlar aparmaq üçün ciddi işlər aparıldı. Digər tərəfdən, beynəlxalq birlikdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün sistemli bir iş quruldu və bütün bunların hamısı öz nəticəsini verməyə başladı”, - millət vəkili əlavə edib.

Uğurların başlanğıcı

Aydın Mirzəzadə hesab edir ki, sonrakı inkişaf həmin dövrdə atılan addımların məntiqi nəticəsi olub.

“Ermənistan Azərbaycana qarşı olan təcavüzünü müəyyən bir mərhələdə dayandırmağa məcbur oldu. Azərbaycan ciddi islahatlar mərhələsinə qədəm qoydu. Kiçik islahatların keçirilməsi ilə böyük islahatlara yollar açıldı”, - deyə deputat bildirib.

Onun sözlərinə görə, 1995-ci il Konstitusiyasının qəbulu, yeni parlamentin seçilməsi, ondan sonra isə atılan ciddi addımlar Azərbaycanı bir dövlət kimi möhkəmləndirdi, inflyasiyanın qarşısını aldı.

“Azərbaycanın haqq səsi artıq dünya birliyində eşidilməyə başladı. İnvestisiyaların genişləndirilməsi, inflyasiyanın qarşısının alınması, aparılan ciddi danışıqlar nəticəsində neft kontraktının bağlanması və ilk neft pullarının Azərbaycana gəlişi tədricən problemlərimizin həllində böyük bir cəbhə açdı”, - deyə millət vəkili bildirib.

O sonda deyib ki, bugünkü uğurlarımızın başlanğıc nöqtəsi 15 iyun 1993-cü ildir və gənc nəsil həmin tarixi hadisənin bugünkü uğurlarımızın ilk fəsli olduğunun fərqindədir.

“Aparılan işlər sonradan güclü ordu yaratmağa, iqtisadiyyatı modernləşdirməyə, beynəlxalq birlikdə yüksək nüfuz qazanmağa imkan verdi. Həmçinin Azərbaycanda yaranan milli birlik, milli dövlətçiliyimizə bağlılığımız torpaqlarımızın işğaldan azad olunmasına, yeni layihələrin həyata keçirilməsinə, bütün sahələr üzrə yeniliklər edilməsinə imkan verdi və Azərbaycan Ulu Öndər Heydər Əliyevin yolu ilə getdikcə bundan sonra da böyük uğurlar qazanacağı gün kimi aydındır”, - deyə millət vəkili fikrini yekunlaşdırıb.

Müəllif: Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm