Azərbaycanı böyük uğurlar gözləyir: Zəngəzur dəhlizi hər şeyi dəyişəcək
Bizi izləyin

Nida Təhlil

Azərbaycanı böyük uğurlar gözləyir: Zəngəzur dəhlizi hər şeyi dəyişəcək

Azərbaycanı böyük uğurlar gözləyir: Zəngəzur dəhlizi hər şeyi dəyişəcək

Naxçıvanın böyük inkişaf potensialına malik olması və gələcəkdə regionun mühüm iqtisadi-logistik mərkəzlərindən birinə çevrilməsi gözlənilir.

Millət vəkili Aydın Mirzəzadə Prezident İlham Əliyevin Naxçıvana səfəri və Azərbaycan Televiziyasına (AzTV) verdiyi müsahibəsi ilə bağlı Publika.az-a açıqlamasında bölgənin gələcək perspektivlərindən danışıb.

Deputat Naxçıvanın coğrafi mövqeyinin, turizm və iqtisadi potensialının, eləcə də əmək resurslarının bölgənin inkişafı üçün mühüm imkanlar yaratdığını bildirib.

Naxçıvanın inkişaf potensialı çox böyükdür

A.Mirzəzadənin sözlərinə görə, Naxçıvanın üç ölkənin qovşağında yerləşməsi onun gələcək inkişafında mühüm rol oynayacaq:

Naxçıvanın inkişaf potensialı çox böyükdür. Onun üç ölkənin qovşağında yerləşməsi, turizm potensialı, vaxtilə olmuş və indi də yaradılan iqtisadi potensialı, ən əsası isə işlək, sahibkarlıq bacarığı olan işçi qüvvəsi var. Bütün bunlar Naxçıvanın gələcəkdə çox inkişaf edən, regionun bütün potensialını göstərə bilən bir bölgəyə çevrilməsi imkanı verir”.

Deputat qeyd etdi ki, Naxçıvanın inkişafı dövlətin diqqət mərkəzindədir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin səfərindən sonra bölgənin sosial-iqtisadi inkişafı üçün 258 milyon manat vəsait ayrılması da bunu göstərir:

Cənab Prezidentin Naxçıvan səfərindən sonra onun sosial-iqtisadi inkişafı üçün 258 milyon vəsait ayrılması və istiqamətlərin hamısının dəqiq göstərilməsi bir daha sübut edir ki, Naxçıvanın inkişafı ölkə rəhbərliyinin diqqətində olacaq”.

A.Mirzəzadə bildirdi ki, sosial infrastrukturun inkişaf etdirilməsi, yeni sənaye obyektlərinin açılması, sahibkarlığa dəstək verilməsi və Naxçıvanın logistik mərkəzə çevrilməsi real perspektivlərdir.

Zəngəzur dəhlizi açıldıqdan sonra yüklərin Türkiyəyə, oradan isə Avropa və ərəb ölkələrinə daşınması Naxçıvanın əhəmiyyətini yüksək dərəcədə artıracaq. Cənab Prezident orada etdiyi açılışlarda, çıxışlarda, ən əsası isə Azərbaycan Televiziyasına verdiyi müsahibəsində bütün bu məsələləri bir daha diqqətə çatdırdı”, - deyə deputat vurğuladı.

O qeyd etdi ki, qarşıdakı dövrdə Prezidentin Naxçıvanın sosial-iqtisadi inkişafı ilə bağlı Sərəncamının icrasının nəticələri də özünü göstərəcək:

Hesab edirəm ki, biz zaman-zaman Naxçıvanın sosial-iqtisadi inkişafına dair Prezidentin Sərəncamının necə uğurla yerinə yetirilməsinin şahidi olacağıq”.

Zəngəzur dəhlizi ideyası Prezident İlham Əliyevə aiddir

Deputat Zəngəzur dəhlizinin açılması məsələsinə də toxundu. Bildirdi ki, bu layihənin ideyası Prezident İlham Əliyevə məxsusdur:

Zəngəzur dəhlizi ideyası cənab Prezident İlham Əliyevə aiddir. Hələ 2020-ci il 10 noyabrında Azərbaycan-Ermənistan-Rusiya birgə Bəyanatı imzalanarkən Zəngəzur dəhlizinin açılması məsələsi çox ciddi şəkildə qoyulmuşdu. Ermənistanın hələ bu məsələdə hansı rəyə gəlməsindən asılı olmayaraq, Azərbaycan buna hazırlığını görürdü”.

A.Mirzəzadə vurğuladı ki, Ermənistan sərhədinə qədər dəmir və avtomobil yollarının yenilənməsi, eləcə də Naxçıvanda bununla bağlı hazırlıq işlərinin aparılması dəhlizin açılması üçün şərait yaradıb.

Onun sözlərinə görə, ABŞ-ın da layihəyə maraq göstərməsi və investisiya yönəltməsi prosesin daha da sürətlənməsinə səbəb olub:

Sonradan ABŞ-ın bu məsələyə maraq göstərməsi və həmin layihənin Tramp marşrutu (TRIP) adlandıraraq oraya investisiya yönəltməsi məsələnin həllini daha da sürətləndirdi. Və artıq Ermənistanın özündə bunu çox ciddi qəbul edirlər. Məsələnin həlli üçün hərtərəfli ciddi hazırlıq gedir”.

Yeni iş yerləri və investisiya

Deputat hesab edir ki, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması regionun iqtisadi inkişafına ciddi təsir göstərəcək:

Bu onu göstərir ki, çox uzun çəkməyən bir zamandan sonra artıq bu dəhliz işə başlayacaq. Bu, yeni iş yerləri, investisiya, büdcə gəlirlərinin artması deməkdir. Və bu infrastrukturun açılışı ilə onun ətrafında iqtisadiyyatın yeni sahələrinin yaranması gözlənilir”.

O sonda vurğuladı ki, dəhlizin açılması Azərbaycan, Ermənistan və Naxçıvanın inkişafına mühüm töhfə verəcək:

“Bir sözlə, Zəngəzur dəhlizinin açılması Azərbaycanın bu hissəsinin, Ermənistanın, Naxçıvanın güclü inkişafına dəstək verəcək. Cənab Prezidentimizin uzaqgörənliklə bu layihəni vaxtilə irəli sürməsi, onun həlli üçün ciddi addımların atılması artıq heç kimdə Zəngəzur dəhlizinin dünyanın ən əhəmiyyətli layihələrindən birinə çevriləcəyinə şübhə yaratmır”.

Müəllif: Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm