Keçmişi unutmadan gələcəyə: Qarabağda yeni mərhələ
Bizi izləyin

Nida Təhlil

Keçmişi unutmadan gələcəyə: Qarabağda yeni mərhələ

Keçmişi unutmadan gələcəyə: Qarabağda yeni mərhələ

"Azərbaycan Ermənistanla sülh prosesini dəstəkləyir və onun baş tutması üçün bütün imkanlardan istifadə edəcək. Lakin eyni zamanda tarixdə baş verənlər də unudulmayacaq”.

Bu sözləri Publika.az-a açıqlamasında politoloq Oqtay Qasımov bildirdi.

O qeyd etdi ki, Ermənistanın işğalı dövründə Azərbaycan ərazilərində baş verən hadisələr etnik terror, ekoterror, etnik təmizləmə, soyqırımı və digər ağır cinayətlərlə xarakterizə olunan proseslər olub:

"Üç yüzdən artıq Azərbaycan yaşayış məntəqəsi yerlə-yeksan edilib. Yüz minlərlə insan öz torpaqlarından qovulub, minlərlə insan həyatını itirib. Tarixi, milli və dini abidələrimiz təhqir olunub, dağıdılıb və yer üzündən silinib.

Biz bunları unutmamalıyıq. Amma eyni zamanda nəzərə almaq lazımdır ki, tarixi bilgiləri qoruyub saxlamaqla yanaşı, gələcəyə baxmaq və münasibətlərin normal məcrada inkişafına nail olmaq lazımdır. Bir çox Avropa ölkələri bunu bacarıblar. Vaxtilə Almaniya, Fransa, İngiltərə və digər ölkələr arasında onilliklər, bəzən isə yüz illər davam edən münaqişələr olub. Amma indi onlar həmin tarixi faktları bilərək gələcəyi qurmağa çalışıblar və xeyli dərəcədə də buna nail olublar. O baxımdan biz də tarixi yaddaşımızı unutmamalı və eyni zamanda gələcəyə baxmalıyıq”.

Ekspert gələcək münasibətlərin formalaşmasında hər iki cəmiyyətin yanaşmasının mühüm rol oynadığını vurğuladı. O qeyd etdi ki, bu baxımdan həm Azərbaycan, həm də xüsusilə erməni cəmiyyəti keçmişlə bağlı məsuliyyətini dərk etməlidir:

“Çünki son yüz ildə bu bölgədə qonşularına qarşı müxtəlif iddialarla daha çox cinayətlər törədən tərəf məhz erməni cəmiyyəti olub və bu gün də Cənubi Qafqazdakı problemlərin kökündə məhz bunlar dayanır.

Cəmiyyətlər öz keçmişlərini bilməli, lakin gələcəklərini qurmaq naminə məhz həmin keçmişin təsirində qalmamalıdırlar. Azərbaycan və Ermənistan arasında uzunmüddətli münaqişə, təbii ki, yaddaşlardan silinmir. Amma eyni zamanda bu münaqişənin təsirlərini aradan qaldırmaq və gələcəyi qurmaq üçün səylər göstərilməlidir. Bu, uzunmüddətli bir prosesdir, amma buna nail olmaq mümkündür".

Müəllif: Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm