Bakıda mühüm görüşlər: Türk dünyasının gündəliyi dəyişir
Bizi izləyin

Nida Təhlil

Bakıda mühüm görüşlər: Türk dünyasının gündəliyi dəyişir

Bakıda mühüm görüşlər: Türk dünyasının gündəliyi dəyişir

Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində mühüm görüşlər keçirilib. Qısa müddət ərzində təşkilatın həm dini liderlərinin, həm də təhlükəsizlik üzrə rəhbər şəxslərinin Bakıda bir araya gəlməsi Azərbaycanın TDT daxilindəki rolunu bir daha gündəmə gətirib. Xüsusilə təhlükəsizlik məsələlərinin müzakirə olunması təşkilat daxilində əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndiyini göstərir. Prezident İlham Əliyev də görüş zamanı Türk dövlətlərinin Təhlükəsizlik Şuraları arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Bu baxımdan Bakının Türk dünyasının müxtəlif məsələlərinin müzakirə edildiyi mühüm görüş məkanına çevrilməsi diqqət çəkir.

Publika.az mövzu ilə bağlı millət vəkili Aydın Hüseynovun fikirlərini öyrənib.

Aydın Hüseynov bildirdi ki, qısa müddət ərzində Bakıda Türk Dövlətləri Təşkilatının həm dini liderlərinin, həm də təhlükəsizlik üzrə rəhbər şəxslərinin bir araya gəlməsi Azərbaycanın təşkilat daxilində artan rolunu göstərən mühüm amillərdən biridir.

Deputat qeyd etdi ki, burada əsas məqam tədbirlərin Bakıda keçirilməsindən daha çox, Türk dünyasının gündəliyində olan müxtəlif məsələlərin müzakirəsi üçün Azərbaycanın önəmli görüş məkanına çevrilməsidir.

Təhlükəsizlik əməkdaşlığı ön plana çıxır

Millət vəkili vurğuladı ki, təhlükəsizlik sahəsində əməkdaşlığın gündəmə gəlməsi xüsusilə diqqət çəkir. Onun sözlərinə görə, Prezident İlham Əliyev çıxışında Türk dövlətlərinin Təhlükəsizlik Şuraları arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

“Terrorçuluq, transmilli cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi, kibertəhdidlər və digər təhlükələr artıq ayrı-ayrı dövlətlərin sərhədləri ilə məhdudlaşmır”, - deyə Aydın Hüseynov bildirdi.

Deputat qeyd etdi ki, bu səbəbdən həmin problemlərə qarşı məlumat və təcrübə mübadiləsi, əlaqələndirilmiş fəaliyyət və ortaq yanaşmalar getdikcə daha böyük əhəmiyyət qazanır.

Aydın Hüseynovun sözlərinə görə, Bakıda belə görüşlərin keçirilməsi Azərbaycanın TDT daxilində təhlükəsizlik gündəliyinin formalaşmasına verdiyi töhfəni də göstərir. O bildirdi ki, əvvəllər təşkilat daxilində əsasən iqtisadiyyat, nəqliyyat, ticarət, mədəniyyət və humanitar əlaqələr ön planda idisə, indi təhlükəsizlik məsələləri də əməkdaşlığın mühüm istiqamətlərindən birinə çevrilir.

“Bu isə TDT-nin fəaliyyət dairəsinin genişləndiyini göstərir”, - deyə deputat əlavə etdi.

Azərbaycan mühüm görüş platformasına çevrilir

Millət vəkili vurğuladı ki, Azərbaycanın beynəlxalq əhəmiyyətli məsələlərin müzakirəsi üçün etibarlı platformaya çevrilməsi Türk dövlətləri arasında daha sıx məsləhətləşmələr aparmaq üçün imkan yaradır.

Aydın Hüseynov qeyd etdi ki, dünyada geosiyasi vəziyyətin sürətlə dəyişdiyi bir vaxtda dövlətlərin ortaq problemləri müzakirə etməsi, bir-birinin mövqeyini daha yaxından öyrənməsi və mümkün əməkdaşlıq istiqamətlərini müəyyənləşdirməsi vacibdir.

Ortaq maraqlar əməkdaşlığı genişləndirə bilər

Deputat bildirdi ki, bu proses gələcəkdə TDT daxilində təhlükəsizlik, nəqliyyat, enerji, iqtisadiyyat və digər sahələr üzrə daha əlaqəli fəaliyyət üçün zəmin yarada bilər.

Onun sözlərinə görə, xüsusilə Orta Dəhliz, enerji təhlükəsizliyi, rəqəmsal təhlükəsizlik və sərhədlərarası təhdidlər kimi məsələlər Türk dövlətlərinin ortaq maraqlarının kəsişdiyi sahələrdir.

“Bu mövzular üzrə davamlı dialoqun aparılması dövlətlər arasında qarşılıqlı etimadı və əməkdaşlığın praktik tərəfini gücləndirə bilər”, - deyə Aydın Hüseynov qeyd etdi.

Millət vəkili əlavə etdi ki, burada Azərbaycanın coğrafi mövqeyi, nəqliyyat və enerji layihələrində iştirakı, həmçinin TDT çərçivəsində fəal diplomatik xətt yürütməsi də önəm daşıyır.

Aydın Hüseynov vurğuladı ki, Bakının müxtəlif səviyyəli görüşlərə ev sahibliyi etməsi Türk dövlətləri arasında əlaqələrin daha sıx qurulmasına xidmət edən amillərdən biri kimi çıxış edir.

Deputatın sözlərinə görə, son günlər Bakıda keçirilən görüşlər Türk Dövlətləri Təşkilatında əməkdaşlığın məzmununun genişləndiyini göstərir. O qeyd etdi ki, dini və humanitar məsələlərlə yanaşı, təhlükəsizlik və strateji mövzuların da eyni əməkdaşlıq müstəvisində müzakirə olunması yeni imkanlar açır.

"Azərbaycanın bu prosesdəki rolu müxtəlif sahələr üzrə dialoqun aparıldığı və ortaq məsələlərin müzakirə edildiyi platformanın formalaşmasına verdiyi töhfə ilə daha aydın görünür", - deyə Aydın Hüseynov sonda qeyd etdi.

Müəllif: Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm