Səfirin etirafı: İran Ermənistanı Azərbaycana qarşı silahlandırır
Bizi izləyin

Nida Təhlil

Səfirin etirafı: İran Ermənistanı Azərbaycana qarşı silahlandırır

Səfirin etirafı: İran Ermənistanı Azərbaycana qarşı silahlandırır

İranın Ermənistandakı səfiri Xəlil Şirqulaminin Bakı və İrəvan arasındakı sülh prosesi ilə bağlı açıqlaması Tehranın Cənubi Qafqazda erməni vektorlu siyasəti fonunda o qədər də təəccüblü deyil, həm də cənubdan regiona müdaxilə cəhdlərinin davam etdiyinin etirafı hesab oluna bilər.

Şirqulami iddia edir ki, regionda sülhə nail olmaq üçün Azərbaycan və Ermənistan arasında güc balansının təmin edilməsi vacibdir.

“Sülh haqqında ritorika yaxşıdır, lakin bu, sülhün bərqərar olması və qorunmasına kifayət etmir. İran regionda məhz buna can atır. Davamlı, uzunmüddətli sülhün real təminatı güc balansıdır. Belə bir balans olmadan tərəflərin niyyəti müsbət olsa belə, vəziyyət kövrək olacaq”, - səfir bildirib.

İranın Ermənistandakı diplomatlarının Azərbaycana qarşı açıqlamaları yeni deyil, Şirqulami sələfi Mehdi Subhaninin “mirasını” davam etdirir və bu, təkcə Tehranın regional siyasətində Bakıya qarşı sərgilədiyi mövqedən yox, Ermənistanla münasibətlərdə Azərbaycan üzərindən divident qazanmaq cəhdlərindən qaynaqlanır. Şirqulaminin bu iddialarının mövcud vəziyyətdə iki hədəfə hesablandığı da görünür.

Birincisi, səfir ölkəsinin Ermənistana hərbi dəstəyinin “davamlı sülhü təmin etmək” məqsədi daşıdığını göstərməyə, bununla Azərbaycana qarşı siyasəti legitimləşdirməyə çalışır;
İkincisi, Ermənistana “məqsədimiz sizi qorumaqdır” mesajı verir və İranla hərbi əməkdaşlığın davam etdirilməsinin “əhəmiyyətini” nümayiş etdirir.

Burada Tehranın İrəvanı mövcud sülh prosesindən çəkindirmək istəkləri aydın görünür və bu, İranın regionla bağlı təhlükəli planından xəbər verir. 44 günlük müharibədən sonra İran Ermənistanı “Azərbaycan qarşısında müdafiə etməklə” Cənubi Qafqazda risk altına düşən mövqelərini qorumağa çalışırdı. Lakin Bakı-İrəvan xəttində sülhün əldə edilməsi bir tərəfdən İranı Ermənistanla münasibətlərdə istifadə etdiyi “səbəbdən” məhrum edəcək, digər tərəfdən, ABŞ-ın sərhədlərinə yerləşməsi ilə nəticələnəcək. Bu baxımdan, İran Azərbaycan-Ermənistan sülh prosesinin baş tutmamasında, ən azı mümkün qədər gecikməsində maraqlı tərəfdir və Şirqulaminin İrəvandakı açıqlamalarının Tehranda tərtib edildiyi sirr deyil.

Lakin İran anti-sülh siyasətini təkcə ritorik müstəvidə yox, həm də Ermənistana hərbi dəstəklə həyata keçirir. Şirqulami də “balans yaratmaq” adı ilə İranın bunu etdiyini etiraf edir. Ermənistanın 28 mayda keçirdiyi hərbi paradda İran istehsalı olan silahları nümayiş etdirməsi bunun son nümunələrindəndir.

Bu, Bakı-Tehran xəttində problemlərin arxada qaldığı, yaxud münasibətlərin normallaşmasının İran üçün regional ambisiyalarına əsaslandığı fikrini ön plana çıxarır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm