Nida Təhlil
27 Sentyabrın mesajı: 44 günlük müharibə Azərbaycanın taleyini necə dəyişdi?
27 Sentyabr - Anım Günü Azərbaycan xalqının yaddaşında Vətən müharibəsinin başlandığı gün kimi xüsusi yer tutur. 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük müharibə Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində dönüş nöqtəsi oldu. Uzun illər davam edən işğal və nəticəsiz danışıqlardan sonra Azərbaycan öz hərbi-siyasi iradəsini ortaya qoyaraq torpaqlarının azad edilməsi üçün mübarizəyə başladı. Müharibə nəticəsində işğal altında olan ərazilərin böyük hissəsi azad edildi və regionda yeni reallıqlar formalaşdı. Bu qələbə sonrakı mərhələdə Azərbaycanın öz ərazilərində suverenliyini tam təmin etməsi üçün də mühüm zəmin yaratdı.
Publika.az mövzu ilə bağlı hərbi jurnalist, müharibə iştirakçısı, yazıçı, polkovnik-leytenant İbrahim Rüstəmlinin fikirlərini öyrənib.
İbrahim Rüstəmli bildirdi ki, Azərbaycan 44 günlük müharibəyə qədər uzun müddət ərzində münaqişənin sülh yolu ilə həllinə üstünlük verib. Bununla yanaşı, dövlət səviyyəsində ordu quruculuğu və hərbi potensialın gücləndirilməsi daim prioritet istiqamətlərdən biri olub. İllər ərzində ordunun maddi-texniki təminatı, şəxsi heyətin hazırlığı və döyüş qabiliyyətinin artırılması istiqamətində mühüm işlər görülüb.
Onun sözlərinə görə, 2020-ci ilin sentyabrına qədər danışıqlar prosesində real nəticə əldə olunmaması Azərbaycanın qarşısında başqa seçim qoymadı. Nəticədə 27 sentyabrda başlayan Vətən müharibəsi 44 gün davam etdi və Azərbaycan Ordusu qarşıya qoyulan hərbi-siyasi məqsədlərə nail oldu.
Müsahibimiz vurğuladı ki, 44 günlük müharibənin əhəmiyyəti yalnız azad edilən ərazilərlə məhdudlaşmır. Bu müharibə Azərbaycanın siyasi iradəsini, ordusunun hazırlığını və qarşıya qoyduğu məqsədləri reallaşdırmaq imkanını ortaya qoydu. Eyni zamanda, uzun illər davam edən işğal reallığını dəyişdirdi və regionda yeni siyasi mənzərə yaratdı.
44 günlük qələbədən antiterror əməliyyatına
İbrahim Rüstəmli qeyd etdi ki, müharibədən sonra Azərbaycan ərazisində Ermənistan silahlı qüvvələrinin qalıqları və qanunsuz silahlı dəstələr qalmaqda davam edirdi. Bu qüvvələrin mövqelər qurması və təxribat fəaliyyəti göstərməsi yeni təhlükələr yaradırdı.
Onun fikrincə, "Fərrux" və "Qisas" əməliyyatları, daha sonra isə 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri 44 günlük müharibənin yaratdığı nəticələrin məntiqi davamı idi. Antiterror əməliyyatı ilə Azərbaycanın öz ərazisində suverenliyini tam bərpa etməsi mümkün oldu.
“44 günlük müharibənin qələbəsi ilə başlayan proses sonrakı mərhələlərdə də davam etdirildi”, - deyə hərbi jurnalist bildirdi.
O əlavə etdi ki, Laçın istiqamətində görülən tədbirlər və digər hərbi əməliyyatlar da bu ümumi prosesdən ayrı qiymətləndirilməməlidir. Laçın istiqamətində mürəkkəb relyefə malik ərazilərin nəzarətə götürülməsi və sonrakı antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam təmin olunması prosesinin mühüm mərhələləri olub.

27 Sentyabr - qələbəyə aparan yolun başlanğıcı
Polkovnik-leytenantın sözlərinə görə, 27 Sentyabr yalnız müharibənin başlanma tarixi deyil, həm də Azərbaycan xalqının qarşısında duran tarixi vəzifənin reallaşdırıldığı yolun başlanğıcıdır. Bu baxımdan Anım Günü 44 günlük müharibədə şəhid olanların xatirəsinin yad edilməsi ilə yanaşı, Azərbaycanın keçdiyi mübarizə yolunun xatırlanması baxımından da mühüm əhəmiyyət daşıyır.
İbrahim Rüstəmli bildirdi ki, həmin müharibədə Azərbaycan Ordusunun nümayiş etdirdiyi döyüş hazırlığı və əməliyyatların planlaşdırılması ölkənin hərbi potensialını ortaya qoydu. 44 günlük müharibə Azərbaycanın öz siyasi məqsədlərini hərbi imkanları ilə təmin edə bildiyini göstərdi.
O, şəhidlərin xatirəsinin daim ehtiramla yad edilməsinin və qazilərə diqqətin vacibliyini vurğuladı.
Yeni mərhələ: Azərbaycan və Ermənistan arasında münasibətlər
Müsahibimiz hesab edir ki, 44 günlük müharibədən sonra regionda yaranan yeni reallıqlar Azərbaycan-Ermənistan münasibətlərinə də təsir edib. Onun sözlərinə görə, artıq Ermənistanın qarşısında Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması məsələsi dayanır.
İbrahim Rüstəmli Ermənistan baş naziri Nikol Paşinyanın regiondakı reallıqları nəzərə alan siyasət yürütməyə çalışdığını düşünür. Onun fikrincə, Ermənistanın iqtisadi və siyasi inkişafı baxımından Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması mühüm əhəmiyyət daşıyır.
“Cənubi Qafqaz dövlətləri - Azərbaycan, Ermənistan və Gürcüstan arasında münasibətlər nə qədər normal və mehriban olarsa, region xalqları da bir o qədər təhlükəsiz və firavan şəraitdə yaşaya bilər”, - deyə o əlavə etdi.
Hərbi jurnalistin fikrincə, 44 günlük müharibədən sonra yaranmış yeni reallıqlar indi regionda hərbi qarşıdurmadan daha çox siyasi və diplomatik münasibətlərin inkişaf etdirilməsi üçün imkanlar yaradır.
Müəllif: Adəm Abbaslı
-
Qarabağ 13:10Şəhid anası: "Anladım ki, onun üçün öncə Vətən, sonra ana gəlirmiş..."
-
MDB12:33Gürcüstanın Baş naziri: Azərbaycanla heç bir gərginliyimiz yoxdur!
-
Nida Xəbər 12:10Slovakiyalı səfirdən Azərbaycanla bağlı təsirli paylaşım
-
Sosial12:01Şəhid anası: “Rasim mənim yeganə oğlum idi..."
-
MDB10:20Uğursuz səfirlər - Moskva və İrəvan yeni namizəd axtarışındadır
-
Qarabağ 09:35Hərbi Memorial Məzarlığa ziyarət başlayıb
-
MDB08:12Bu adlar uşaqlara verilə bilməz - Rusiyada YENİ QADAĞA
-
Ekologiya07:17Bakıda 29 dərəcə isti olacaq - Proqnoz









.jpg)

























.jpg)


