III Dünya müharibəsi qorxusu artır: Azərbaycanı hansı risklər gözləyir?
Bizi izləyin

Nida Təhlil

III Dünya müharibəsi qorxusu artır: Azərbaycanı hansı risklər gözləyir?

III Dünya müharibəsi qorxusu artır: Azərbaycanı hansı risklər gözləyir?

Dünya son aylarda təhlükəsizlik baxımından olduqca mürəkkəb mərhələdən keçir. Bir tərəfdən Ukrayna və Yaxın Şərqdə müharibələr davam edir, digər tərəfdən ABŞ-Rusiya və NATO-Rusiya münasibətlərində gərginlik, ABŞ-Çin rəqabəti və Avropanın sürətlə hərbi imkanlarını artırması qlobal qarşıdurma riskləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Dövlətlərin silahlanmaya daha çox vəsait ayırması, ordularını gücləndirməsi və hərbi təlimlərin intensivləşməsi isə “III Dünya müharibəsi” ehtimalı ilə bağlı narahatlıqları artırır.

Publika.az-ın mövzu ilə bağlı müsahibi politoloq Oqtay Qasımovdur.

- Oqtay müəllim, son aylarda ABŞ-Rusiya, NATO-Rusiya və ABŞ-Çin münasibətlərində baş verən prosesləri nəzərə alsaq, dünyada böyük müharibə riskinin real olaraq artdığını söyləmək mümkündürmü, yoxsa tərəflər daha çox çəkindirmə siyasəti aparırlar?

- Əlbəttə, hazırda dünyada çox ciddi proseslər gedir və beynəlxalq gərginlik kifayət qədər yüksək səviyyədədir. Hazırda həm ABŞ-İran, həm də Rusiya-Ukrayna müharibələri bu gərginliyi tətikləyən əsas amillərdir. Amma nəzərə alsaq ki, dünyada müxtəlif digər coğrafiyalarda da münaqişə ocaqları var və onlar istənilən an partlaya, alovlana bilər, bu da beynəlxalq təhlükəsizliklə bağlı ciddi problemlər yarada bilər.

Hazırda əsas qarşıdurmalar arasında ABŞ-Rusiya, NATO-Rusiya, ABŞ-Çin, ABŞ-İran və digər istiqamətlərdəki münasibətləri qeyd etmək olar. Amerikanın Rusiya ilə ciddi qarşıdurmada olduğunu söyləmək doğru olmaz. Amma şübhəsiz ki, tərəflər arasında rəqabət var. Xüsusilə də beynəlxalq nizam, dünyanın idarə olunması, kosmos və Arktika ilə bağlı kifayət qədər ciddi fikir fərqləri mövcuddur.

Digər tərəfdən, ABŞ hazırda Ukraynada müharibə aparan Rusiyaya qarşı Ukraynanı dəstəkləyir. Doğrudur, Tramp administrasiyası dövründə bu dəstək Bayden administrasiyası dövründə olduğundan daha az qabardılır. Amma nəzərə alsaq ki, bir müddət öncə ABŞ Konqresi Rusiyaya qarşı olduqca sərt sanksiyalar paketini qəbul etdi və Tramp da bu sənədi imzaladı, bu baxımdan tərəflər arasında müəyyən gərginliyin olduğu aşkardır.

NATO-Rusiya münasibətlərinə gəldikdə, bu, hər zaman müəyyən problemlərlə müşahidə olunan münasibətlərdir. Amma Ukraynada başlayan savaş tərəfləri açıq şəkildə qarşı səngərlərə yönləndirdi və NATO tam gücü ilə Ukraynanı Rusiya qarşısında dəstəkləməyə çalışır. Bu da İkinci Dünya müharibəsindən sonra Avropada və dünyada bərqərar olmuş nizamın qorunması ilə bağlıdır. Tərəflərin hazırkı mövqeyi, hesab edirəm ki, həm gələcəkdə hansısa real müharibə riskinə hazırlaşmaqla, həm də öz potensiallarını artırmaqla çəkindirmə imkanlarını genişləndirmək istəyindən irəli gəlir.

- Avropa ölkələrinin hərbi xərcləri artırması, ordularını gücləndirməsi və genişmiqyaslı hərbi təlimlər keçirməsi nə ilə bağlıdır: real müharibəyə hazırlıq, yoxsa mümkün müharibənin qarşısını almaq strategiyası?

- Avropa ölkələrinin mövqeyinə gəldikdə isə hesab edirəm ki, Avropa ölkələri son illər daha çox öz hərbi potensialını gücləndirmək barədə düşünür. Xüsusilə Donald Tramp hakimiyyətə gələndən sonra Avropanın təhlükəsizliyi ilə bağlı Birləşmiş Ştatlar müəyyən qədər geri addım atdı və 80 ildən bəri Avropa ölkələrində mövcud olmuş nizamda müəyyən dəyişikliklər baş verməkdədir.

Belə ki, ABŞ artıq Avropanın xarici təhdidləri qarşısında təhlükəsizliyinə təminat verməkdə əvvəlki qədər maraqlı görünmür. Bunun əsas səbəbi ondan ibarətdir ki, Tramp administrasiyası hesab edir ki, Avropa ölkələri son 80 ildə Amerikanın təhlükəsizlik çətiri altında olublar və müdafiə xərclərinə ciddi vəsaitlər ayırmayıblar. Ona görə də Tramp tələb edir ki, Avropa ölkələri, yəni NATO ölkələri özlərinin müdafiə xərclərini ümumi daxili məhsulun 5 faizinə qədər artırsın.

Avropada da hazırda ciddi şəkildə bu istiqamətdə addımlar atılmaqdadır. Xüsusilə də böyük dövlətlər olan Almaniya, Fransa, İngiltərə, Polşa və digərləri özlərinin hərbi büdcələrini və hərbi xərclərini ciddi şəkildə artırmaqdadırlar. Çünki bu, Avropanın həm öz təhlükəsizliyini təmin etməklə bağlı atdığı addımlar kimi dəyərləndirilməlidir, eyni zamanda bu potensialı gücləndirərək çəkindirmə vasitəsi kimi bundan istifadə etməyə çalışırlar.

Çünki Avropada hesab edirlər ki, Rusiya nə zamansa Avropa ilə də müharibə edə bilər, xüsusilə də Şərqi Avropadan söhbət gedir. Bu baxımdan bu siyasəti həm çəkindirmə, həm də gələcəkdə ehtimal olunan savaşa hazırlıq kimi dəyərləndirmək, məncə, daha doğru olar.

- Qlobal qarşıdurmaların və hərbi-siyasi gərginliyin artdığı bir şəraitdə Azərbaycan üçün əsas təhlükəsizlik riskləri varmı, varsa nələrdir və Bakı bu yeni geosiyasi reallıqda hansı xətti davam etdirməlidir?

- Qlobal təhlükəsizliklə bağlı problemlərin olduğu şəraitdə şübhəsiz ki, Azərbaycan üçün də risklər var. Hazırda Azərbaycan özü kifayət qədər gərgin bir bölgədə yerləşir. Həm şimalımızda, həm də cənubumuzda qeyd etdiyimiz iki böyük savaş getməkdədir. Doğrudur, Yaxın Şərqdə hələlik proseslər dayandırılıb və diplomatiyaya üstünlük verilir, amma ümumən gərginlik aradan qaldırılmayıb.

Hesab edirəm ki, Azərbaycan bu risklərdən qaçmaq imkanlarına malikdir. Bunun üçün bu günə qədər davam etdirilən balanslı və çoxvektorlu xarici siyasət davam etdirilməlidir. Azərbaycan müəyyən riskləri ehtiva edən addımlara da diqqət yetirməlidir və güc mərkəzləri ilə münasibətlər, qeyd etdiyimiz kimi, balanslı şəkildə qorunmalı, davam etdirilməli və həm də gücləndirilməlidir. Düşünürəm ki, məhz bu siyasət daha doğru bir siyasət olaraq qəbul olunmalıdır.

Müəllif: Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm