Qumda hazırlanan təxribat planı: Məktəblərə “Nardaran ssenarisi” ilə hücum
Bizi izləyin

Nida Təhlil

Qumda hazırlanan təxribat planı: Məktəblərə “Nardaran ssenarisi” ilə hücum

Qumda hazırlanan təxribat planı: Məktəblərə “Nardaran ssenarisi” ilə hücum

Bu gün “hicab qadağası” iddiası ilə məktəblərə edilən hücumların birində “İmam zaman canazadə dəftəri” sözlərinin keçdiyi mərsiyə deyilirdi. Mərsiyəni deyən, şagirdləri etiraza səsləyən məktəbli deyil, onun valideyn olub-olmadığı da bilinmir. Bilinən budur ki, məktəbli formasının tətbiqini “hicab qadağası” manipulyasiyasına çevrilməsi ilə başlanan hücumların koordinasiya edildiyi göz önündədir. Detallar hər şeyi göstərir.

1. Hələ ötən həftə 12 oktyabr tarixində “hicaba dəstək” aksiyası təyin edilmişdi və bu gün səhər saatlarından etibarən müxtəlif məktəblərə hücumlar eyni vaxtda başlandı;
2. Aksiyanın iştirakçıları kimi öndə dayanan məktəblilər olsa da, onların yönləndirildiyi müşahidə edilir;
3. Məktəblərin birində qapı-pəncərənin sındırılması ilə nəticələnən hücumda yeniyetmə şagirdlərin də iştirak etdiyi görünür. Onları buna sövq edən kimlərdir?

İlk baxışda məktəblilərin önə çıxdığı hücumların arxasında valideynlərin dayandığını düşünmək olar, hərçənd, əksər valideyn öz övladını qabağa verərək, onu hücuma sövq etməz, hətta, hicab məsələsinə görə etiraz etsə belə. Məhz bu məqam məktəb hücumlarının müəyyən qruplar tərəfindən idarə edildiyini deməyə əsas verir.

İzlər hara aparır?

Səslənən şüarlar, hücumların təşkili tanış səhnələrdir. Nardaranda və Gəncədə də eyni metodologiyadan istifadə etmişdilər, indi də eyni ssenari tətbiq olunur. Vaxtilə Nardaranda polis maşınlarını yandıranlar bu gün Qaradağda məktəb direktorunun avtomobilinə od vurdu. Yasamalda isə məktəb binalarının birinin yandırılması cəhdinin qarşısı alınıb.

Bütün bu xaosun, təxribatın arxasında dayanan qüvvə İrandır. Bunu ispat edən amillər təkcə “Azərbaycanda hicab qadağası” iddiasının hər zaman İran tərəfindən ictimai rəyi manipulyasiya etmək məqsədilə ortaya atıldığı, Nardaranda konstitusiya quruluşunu devirmək planının, ardınca Gəncə terrorunun bu ölkədən həyata keçirildiyi faktları deyil. Məktəblərdə vahid geyim formasının “hicab qadağası” kimi təqdim edilməsi və hadisələri bugünkü vəziyyətə doğru inkişaf etdirilməsi məhz Qumdan başlandı.

Sentyabrın 30-da Qumda bir qrup “Azərbaycanlı ruhanilər və tələbələr” “hicab qadağası” iddiası ilə konfrans keçirildi. Konfransda məktəblərdə vahid geyim forması “Azərbaycanda hicaba qadağa” kimi təqdim edilirdi. Ardınca məsələ ətrafında geniş təbliğat kampaniyasına start verildi. Bu kampaniyanın öncədən planlaşdırılmış olduğuna dəlalət edən detallar var.

- Sosial mediada “hicab qadağası” iddialarını tirajlayan və radikal addımların atılması çağırışı edənlər əsasən İrandan idarə edilən profillər, eləcə də dini-klerikal dairələrə simpatiya bəsələyənlər idi.
- Qısa müddətdə məktəb direktorlarının məlumatları toplanaraq, “hədəf siyahısı” hazırlandı.


Məktəb direktorlarının “siyahısı” İrana bağlı olan “Müsəlman Birliyi Hərəkatı”nın “Avropa nümayəndəliyi”nin üzvləri tərəfindən paylaşılmış və onlara hücum edilməsi çağırışları edilmişdi. Bu siyahıların hazırlanması 30 sentyabrda Qumdakı konfransdan sonra həyata keçirilib. Azərbaycanda İrana bağlılığını gizlətməyən müəyyən şəxslərin “hicab qadağası olan məktəblərlə bağlı məlumat verin” paylaşımları da bunu deməyə əsas verir.

Ssenarinin necə həyata keçirildiyi aydındır: təxribatlar Qumda planlaşdırılıb; məktəb direktorlarının siyahısı hazırlanıb; “hicab qadağası” kampaniyası ilə ictimai rəy böyük ölçüdə manipulyasiya edildi; 12 oktyabr tarixinə aksiyanın keçirilməsi təyin olundu və nəhayət, hücuma keçdilər.

Ən dəhşətlisi aparılan kampaniyada azyaşlı uşaqların təbliğat vasitəsi kimi istifadə edilməsi, təxribat hücumlarında da məktəblilərin alətə çevrilməsidir. Təcrübə ilə təsdiq olunub ki, İran üçün dini-ideoloji təxribatlarda uşaqların istifadə edilməsi “qırmızı xətt” deyil. Bu gün Azərbaycan dövlətinin təhsil ocaqlarında vahid geyim formasını tətbiq etməsi də övladlarımızın-gələcəyimizin məhz xarici qüvvələrin dini-ideoloji təxribatlarının qurbanına çevrilməsinin qarşısını almaq məqsədi daşıyır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm