Türkiyənin imperiya təfəkkürü müttəfiqləri ilə münasibətlərinə ciddi zərər vurur
Bizi izləyin

Nida Təhlil

Türkiyənin imperiya təfəkkürü müttəfiqləri ilə münasibətlərinə ciddi zərər vurur

Türkiyənin imperiya təfəkkürü müttəfiqləri ilə münasibətlərinə ciddi zərər vurur

Müasir Türkiyənin xarici siyasət kursu beynəlxalq münasibətlərin ən mübahisəli məqamlarından biridir. Müstəqil güc mərkəzi statusunu möhkəmləndirməyə çalışan Ankara, tarixən Osmanlı imperiyasının təsir dairəsinə daxil olmuş bölgələrdə diplomatik, iqtisadi və hərbi mövcudluğunu genişləndirməyi hədəfləyir.

Məhz bu kontekstdə neo-osmançılıq, Ankaranın “ərəb baharı” inqilablarında aktiv rolu, Misirdəki siyasəti, Liviyada hərbi mövcudluğu və Suriya hadisələrində iştirakı çoxlu suallar yaradır. Bu baxımdan, müxtəlif amillərin regional liderlik ambisiyaları ilə birləşməsi Türkiyə diplomatiyasının elan edilmiş prinsipləri ilə onun praktik nəticələri arasında ciddi ziddiyyətlər yaradır.

“Ədalət və İnkişaf Partiyası” (AKP) 2002-ci ildə hakimiyyətə gəldikdən sonra Türkiyə xarici siyasətinin ənənəvi Qərb modelinin sərhədlərindən kənarda mövqeyini fəal şəkildə gücləndirməyə başladı. Ankara ərəb ölkələri ilə iqtisadi əlaqələrini genişləndirdi, humanitar əməkdaşlığı inkişaf etdirdi, regional münaqişələrdə vasitəçilik etdi, müsəlman dünyasında siyasi və iqtisadi inkişaf üçün bir model kimi özünü göstərməyə çalışdı.

Əvvəlcə bu strategiya Türkiyəyə əhəmiyyətli diplomatik üstünlüklər qazandırdı. Lakin tədricən onun siyasəti qonşu dövlətlərdəki siyasi proseslərə təsir göstərmək üçün daha iddialı cəhdlərə transformasiya olundu. Keçmiş Osmanlı əraziləri ilə tarixi əlaqələr getdikcə Ankaranın bölgənin gələcəyini müəyyənləşdirmək iddialarının lehinə olan arqumentə çevrildi.

Lakin tarixi irs müasir dövlətə digər ölkələrdə siyasi təsir göstərmək üçün müstəsna hüquqlar vermir. Çünki həmin dövlətlərin öz tarixi yaddaşları, milli maraqları və suverenlik anlayışları var.

Nəticədə, Türkiyə diplomatiyası fundamental ziddiyyətlə üzləşdi: Ankara müstəqil güc mərkəzi kimi rolunu təmin etməyə nə qədər fəal şəkildə çalışırsa, onun addımlarının qonşuları tərəfindən həmrəylik əlaməti kimi yox, siyasi asılılıq yaratmaq cəhdi kimi qəbul edilir.

Əslində, Ankaranın Osmanlı imperiyası təfəkkürünə qayıdışı siyasətinin Türkiyənin xarici siyasətində ciddi problemlərin yaranması dövrü kimi tarixə düşəcək.

2010-2011-ci illərdə başlayan “ərəb baharı” hadisələri Türkiyənin xarici siyasət strategiyası üçün ciddi sınaq oldu. Bəzi ərəb ölkələrindəki hakimiyyətə qarşı Qərbin apardığı oyunlara qoşulan Türkiyə əvvəlki siyasi elitaların devrildiyi ölkələrdə təsirini genişləndirmək siyasətinə başladı.

Ankara Qərbin ortaya atdığı “mötədil islam dövləti modeli” konsepsiyası çərçivəsində həmin ölkələrdə yeni hökumətlərin Türkiyə modelinə yönələcəyinə və ona təbii tərəfdaş olacağı ümidi ilə mülayim siyasi islamla əlaqəli bir sıra siyasi qüvvələri fəal şəkildə dəstəklədi. Lakin bu hesablamalar ərəb cəmiyyətlərinin müxtəlifliyini, rəqabət aparan yerli siyasi hərəkatları və Türkiyənin yüksəlişi ilə razılaşmayan dövlətlərin müqavimətini tam nəzərə almırdı.

Bu mənada, Misir nümunəsi, öz siyasi modelinin başqa bir dövlətə köçürülməsi cəhdlərinin məhdudiyyətlərini xüsusilə aydın şəkildə göstərir.

2011-ci ildə Hüsnü Mübarəkin devrilməsindən sonra Türkiyə Misirdəki yeni siyasi qüvvələrlə münasibətləri gücləndirməyə çalışdı. Ankaranın fəal şəkildə dəstəklədiyi “Müsəlman Qardaşları” təşkilatının nümayəndəsi Məhəmməd Mursinin qələbəsi iki ölkə arasında yaxınlaşma üçün şərait yaratdı.

Lakin özünəməxsus xüsusiyyətlərə malik olan Misirin Silahlı qüvvələri, dövlət bürokratiyası, dünyəvi siyasi hərəkatları və müxtəlif sosial qruplar əhəmiyyətli təsirlərini qoruyub saxladı. Dövlət idarəçiliyində heç bir səriştəsi olmayan Mursi hökuməti kəskin daxili ziddiyyətlərlə üzləşdi, cəmiyyətin bir hissəsi və dövlət qurumları ilə onun münasibətləri kəskin şəkildə pisləşdi.

2013-cü ilin iyul ayında Ankaranın ciddi-cəhdlə dəstəklədiyi Mursinin devrilməsi və hərbi elitanın nümayəndəsi Əbdülfəttah əs-Sisinin hakimiyyətə gəlməsi Misir-Türkiyə münasibətlərində çox ciddi problemlər yaratdı. Bunu öz regional ambisiyaları üçün müttəfiq saydığı siyasi qüvvənin məğlubiyyəti kimi qiymətləndirən Ankkara Misirin yeni rəhbərliyinə qarşı çıxdı.

Diplomatik baxımdan bu reallıq Türkiyə üçün ciddi məğlubiyyət demək idi. Müəyyən bir siyasi hərəkatı dəstəkləmək Ankaranın Misir dövləti üzərində davamlı təsirini təmin etmədi. Əksinə, ideoloji fikir ayrılıqları və qarşılıqlı inamsızlıq uzun illər münasibətlərin normallaşmasına mane oldu.

Eyni zamanda, Liviya münaqişəsi də Türkiyənin xarici siyasətinin regional güc mübarizələrində birbaşa iştiraka doğru transformasiyasının arzulanan nəticəni vermədiyini sərgiləyir.

2011-ci ildə Müəmmər Qəddafi rejiminin süqutundan sonra Liviya sabit siyasi sistem qura bilmədi. Rəqabət aparan silahlı qruplar arasındakı mübarizə, siyasi mərkəzlər arasındakı rəqabət və dövlət qurumlarının zəifliyi uzunmüddətli böhrana səbəb oldu. Müxtəlif xarici oyunçular isə öz hərbi, siyasi və iqtisadi maraqlarını güdərək qarşı tərəfləri dəstəklədilər.

Türkiyə bu dövrdə beynəlxalq səviyyədə tanınmış Tripoli mərkəzli hakimiyyətə əhəmiyyətli dəstək verdi. Ankaranın silah təchizatı və müttəfiq qüvvələrə dəstək də daxil olmaqla hərbi yardımı 2019-2020-ci illərdə güc balansının dəyişməsində mühüm rol oynadı. Ankara bununla Şərqi Aralıq dənizinin enerji perspektivləri, dəniz yurisdiksiyası, iqtisadi müqavilələr və Şimali Afrikadakı mövqeyi baxımından öz mövqeyini gücləndirməyə çalışır.

Bu, Türkiyənin Liviyadakı siyasətinin fundamental ziddiyyətlərini üzə çıxarır. Belə ki, Liviyada bir tərəfin dəstəklənməsi hərbi balansı dəyişməklə yanaşı, Liviyadakı siyasi prosesin xarici havadarlardan asılılığını möhkəmləndirdi. Beləliklə, dövlət quruculuğu regional güclərin rəqabətinin girovuna çevrilir ki, bu da davamlı milli kompromisə nail olmaq imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır.

Maraqlıdır ki, son vaxtlar Ankara Liviya mərkəzi hökumətinə müxalif mövqe tutan şərqi Liviya siyasi və iqtisadi mərkəzləri ilə də əlaqələr qurur. Deməli, öz geosiyasi iddialarını gerçəkləşdirmək üçün Ankara istənilən qüvvələrlə əməkdaşlıq etməyə hazırdır.

“Ərəb baharı” inqilabının son akkordu olan Suriyadakı dövlət çevrilişi isə Türkiyənin regional ambisiyaları üçün ən mürəkkəb və uzunmüddətli sınaq nöqtəsinə çevrilib.

2011-ci ilə qədər Dəməşqlə ardıcıl olaraq siyasi və ticari əlaqələri inkişaf etdirən Ankara, Suriya üsyanının başlanması və sonrakı silahlı münaqişə vəziyyəti fonunda mövqeyini köklü şəkildə dəyişdirdi. Bəşər Əsədə qarşı Suriya müxalifətini fəal şəkildə dəstəkləyən Ankara Dəməşqdə hakimiyyət dəyişikliyi üçün mübarizəyə girdi.

Sonrakı illərdə Türkiyə müxtəlif müxalifət qüvvələrinə siyasi, maddi və hərbi dəstək verdi, eyni zamanda Suriya ərazisində hərbi əməliyyatlar həyata keçirdi.

2024-cü ilin dekabrında silahlı müxalifətin hücumları nəticəsində Əsəd rejiminin süqutundan sonra Türkiyə bir neçə müxalifət qrupu ilə əlaqələri, coğrafi yaxınlığı və Suriya cəbhəsindəki mövcudluğu sayəsində sonrakı hadisələrə əhəmiyyətli dərəcədə təsir göstərdi.

Amma Türkiyənin təsirinin artmasının heç də Suriya dövlətçiliyinin bərpasına və ya mövcud bölünmələrin möhkəmlənməsinə gətirib çıxaracağına dəlalət etmir. Çünki böyük xarici siyasi uğurlar belə davamlı regional liderliyə zəmanət vermir. Ayrı-ayrı ərazilər üzərində nəzarət, silahlı qruplar üzərində təsir və yeni hökumətin formalaşmasında iştirak uzunmüddətli sabitliyə nail olmaq fərqli məsələlərdir.

Yeri gəlmişkən, öz geosiyasi ambisiyaları çərçivəsində Ankaranın dövlət çevrilişlərində iştirak etdiyi Liviya və Suriya son 20-25 ildə Yaxın Şərqdə ciddi iqtisadi yüksəlişə nail olmuş ölkələr sırasında idilər. Məlum hadisələrdən sonra isə faktiki olaraq 2-3 yerə parçalanmış bu dövlətlərdə əhali sərt sosial problemlər burulğanında boğulur.

Xatırladaq ki, müasir Türkiyə diplomatiyasının ən məşhur prinsiplərindən biri 2009-2014-cü illərdə ölkənin xarici işlər naziri Əhməd Davudoğlunun irəli sürdüyü “qonşularla sıfır problem” anlayışı olub. Onun ilkin məntiqi gərginliyi azaltmaq, iqtisadi əməkdaşlığı genişləndirmək və Türkiyənin coğrafi mövqeyini regional üstünlük mənbəyinə çevirmək idi.

Lakin “ərəb baharı” hadisələri bu konsepsiya ilə Ankaranın qonşu dövlətlərdəki siyasi transformasiyalara aktiv şəkildə təsir etmək istəyi arasında ziddiyyətləri ortaya qoydu. Bəzi qüvvələrə dəstək, digərləri ilə qarşıdurma, hərbi mövcudluq və regional liderlik uğrunda rəqabət Türkiyənin bir sıra ölkələrlə münasibətlərini tədricən çətinləşdirdi.

Beləliklə, əslində “qonşularla sıfır problem” siyasətinin “problemsiz sıfır qonşu” siyasətinə transformasiya olunduğu aydınlaşdı. Türkiyənin ərəb dövlətləri ilə qeyir-bərabər olan münasibətləri şəraitdən asılı olaraq dəyişir. Misir və Türkiyə əlaqələri bərpa olunub, Ankara Fars körfəzi dövlətləri ilə münasibətləri inkişaf etdirir, Liviyada isə müxtəlif siyasi mərkəzlərlə əlaqələr saxlayır. Lakin təhlükəsizlik məsələləri, regional münaqişələr və təsir bölgüsü ilə bağlı ciddi fikir ayrılıqları davam edir.

Müttəfiqlik münasibətlərini bir dövlətin məqsədlərinə çatmaq üçün vasitəyə çevirmək cəhdləri isə vəziyyəti daha da kəskinləşdirir. Türkiyə tərəfdaşlarının öz milli maraqlarını kifayət qədər nəzərə almadan Ankaranın təşəbbüslərini dəstəkləməsinə çalışmaqda davam edərsə, ikitərəfli əməkdaşlığa ciddi zərbə dəyəcək. Bu halda, hətta qarşılıqlı faydalı layihələr belə siyasi fikir ayrılıqlarının girovuna çevrilə bilər. Bu səbəbdən də Türkiyə bütün müttəfiqlərinin onun geosiyasi ambisiyalarına xidmət etməli olduqları barədə yeni imperiyaçılıq xülyalarından əl çəkməlidir.

Bu baxımdan, son illərdə məhz Azərbaycanın yaratdığı yeni geosiyasi konfiqurasiya nəticəsində Cənubi Qafqazda müəyyən nüfuz qazanmış Türkiyənin siyasi isteblişmenti bu regionda əsas söz sahibinin Azərbaycan olduğunu unutmamalı və Bakı ilə mentor tonunda danışmaq iddiasından əl çəkməlidir. Bunun üçün isə rəsmi Ankara Azərbaycanın daxili işlərinə qarışmağa və ona təzyiq etməyə cəhd göstərən Türkiyədəki dairələrə qarşı sərt tədbirlər görməlidir. Əks halda həmin qüvvələrə qarşı Azərbaycanın özü sərt reaksiya sərgiləyə bilər və bunun üçün kifayət qədər resurslara malikdir.

Yeri gəlmişkən, 2009-2010-cu illərdə Qərbin təzyiqi altında “Sürix protokolları” adlanan siyasi avantüraya gedən Ankaranın təşəbbüslərinə Azərbaycan Prezidenti İlham Əliyevin həmin vaxt verdiyi sərt və qətiyyətli cavab bunun ən bariz nümunəsidir.

Məhz Azərbaycanın belə qətiyyətli mövqeyi o zaman Türkiyəni təcavüzkar siyasət yürüdən Ermənistan qarşısında diz çökməkdən xilas etdi. Əsl qardaşlıq və müttəfiqlik budur!

Sahil İsgəndərov,

politoloq

Oxumağa davam et
Reklam
Reklam

Gündəm