Valentina Matviyenko: Rusiya ilə Azərbaycan strateji tərəfdaşlardır
Bizi izləyin

Nida Xəbər

Valentina Matviyenko: Rusiya ilə Azərbaycan strateji tərəfdaşlardır

Aprelin 11-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov ölkəmizdə rəsmi səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenko ilə görüşüb.

Publika.az xəbər verir ki, əvvəlcə parlament sədrlərinin təkbətək görüşü olub. Sonra görüş geniş tərkibdə davam etdirilib.

Milli Məclisin sədri Oqtay Əsədov bu səfərin Azərbaycan-Rusiya münasibətlərinin inkişafına, həmçinin parlamentlərarası əlaqələrimizə yeni impuls verəcəyinə əminliyini ifadə edib. “Rusiya Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdəndir. O zamanlardan bəri ölkələrimiz arasında güclü strateji tərəfdaşlıq formalaşıb. Dövlətlərimizin başçıları ikitərəfli münasibətlərimizin inkişafına böyük töhfə veriblər. Onların arasında dərin siyasi münasibətlər, sıx dostluq əlaqələri mövcuddur”, - deyə Oqtay Əsədov bildirib.

Azərbaycan parlamentinin sədri deyib ki, dövlətlərimizin başçılarının çoxsaylı görüşləri və səfərləri ikitərəfli möhkəm hüquqi baza yaranmasına imkan verib. Azərbaycanla Rusiya arasında dövlət və hökumət səviyyəsində 227 ikitərəfli sənəd imzalanıb.

Qeyd edilib ki, ölkələrimiz arasında iqtisadi münasibətlər də yüksək səviyyədədir. Rusiya Azərbaycanın ən vacib ticarət tərəfdaşlarından biridir. 2018-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 19 faiz artıb. Hər il Rusiya-Azərbaycan Regionlararası Forumu keçirilir. Rusiyanın subyektləri ilə Azərbaycan arasındakı münasibətlər də gündən-günə genişlənməkdədir.

“Humanitar səviyyədə də əlaqələrimiz inkişaf edir. Azərbaycanda hər zaman rus dilinə və mədəniyyətinə diqqətlə yanaşılıb. Bu gün Azərbaycanda Slavyan Universiteti, 300-dən çox rusdilli orta məktəb fəaliyyət göstərir. Ölkəmizin 27 ali məktəbində rus dilində dərslər tədris olunur. Azərbaycanda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filiallarında azərbaycanlı tələbələr təhsil alır. Ölkəmizdə ən böyük icma rus icmasıdır”, - deyə Oqtay Əsədov bildirib.

Milli Məclisin sədri Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışaraq, bu məsələnin sülh yolu ilə tezliklə aradan qaldırılmasının region üçün əhəmiyyətini vurğulayıb. Bildirilib ki, Azərbaycanın münaqişənin həlli ilə bağlı mövqeyi beynəlxalq ictimaiyyətə yaxşı məlumdur. Münaqişə beynəlxalq hüququn normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz ədalətli həllini tapmalıdır.

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenko deyib ki, ölkələrimiz arasında sıx əlaqələr mövcuddur. Bunun sayəsində biz hər zaman açıq dialoq aparırıq, ikitərəfli münasibətlərimizin inkişafı məsələlərini, mövcud problemlərin aradan qaldırılması yollarını müzakirə edirik. Bu dialoq çox dəyərlidir. Xalqlarımızı həm də çoxəsrlik dostluq əlaqələri, ortaq tarix, mədəniyyət birləşdirir.

Rusiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçdiyini deyən Valentina Matviyenko qeyd edib ki, ötən müddət ərzində əməkdaşlığımız bütün sahələrdə genişlənib və strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Dövlətlərimizin başçıları arasında sıx şəxsi dostluq əlaqələri və etibarlı münasibətlər var. Bu da Rusiya-Azərbaycan münasibətlərinin ab-havasını təyin edir. Şadıq ki, hökumətlərarası münasibətlərimiz də inkişaf edir.

“Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il sentyabrın 1-də Rusiyaya səfəri Rusiya-Azərbaycan münasibətlərinin ən vacib hadisələrindən biri olub. Həmin səfər zamanı dövlətlərimizin başçıları arasında konstruktiv danışıqlar aparılıb, 15-dən çox vacib sənəd imzalanıb”, - deyə Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri bildirib.

Ticari-iqtisadi əməkdaşlıqdan danışan Valentina Matviyenko deyib ki, keçən il ölkələrimiz arasında ticarət dövriyyəsi 2,5 milyard ABŞ dolları təşkil edib. Rusiya Azərbaycanla iqtisadi əməkdaşlığa önəm verir. Rusiya Azərbaycan iqtisadiyyatına 1,5 milyard ABŞ dolları məbləğində investisiya yatırıb. Rusiyadan Azərbaycana gələn turistlərin sayı da artıb. Keçən il 800 min rusiyalı turist Azərbaycanı ziyarət edib.

Ölkəmizin inkişafından danışan xanım Valentina Matviyenko qeyd edib ki, Azərbaycan sürətlə inkişaf edir. Burada mədəni, idman tədbirlərin keçirilməsi üçün gözəl imkan var.

Valentina Matviyenko deyib ki, Rusiya ilə Azərbaycan arasında humanitar əməkdaşlıq da sürətlə inkişaf edir. Rusiyanın ali məktəblərində təqribən 15 min azərbaycanlı tələbə təhsil alır. Azərbaycanda rus dilinin və mədəniyyətinin qorunması Rusiyada yüksək dəyərləndirilir. Rusiya da, həmçinin Azərbaycan dilinin, mədəniyyətin qorunub saxlanılmasına çalışır.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri bildirib ki, onun ölkəsi münaqişənin sülh yolu ilə həll olunmasına səy göstərir. Bu münaqişənin həllinin başqa yolu yoxdur. Rusiya Dağlıq Qarabağ probleminin həlli istiqamətində səylərini azaltmayacaq.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm