Əflatun Amaşov: ""Yeni Müsavat" Rauf Arifoğlunun özünə bənzəyir"
Bizi izləyin

Nida Xəbər

Əflatun Amaşov: ""Yeni Müsavat" Rauf Arifoğlunun özünə bənzəyir"

Azərbaycanda xalq hərəkatını, ziddiyyətli və kəskin prosesləri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin başlanma dövrünü və həmin dövrün çox gərgin hərbi əməliyyatlarını, Azərbaycanda dövlət strukturlarının formalaşmasını, dövlətçilik ənənəsinin bərpa olunmasını, ölkənin sabit inkişaf mərhələsinə qədəm qoyması, sonrakı dövrdə güclənməsi və beynəlxalq birliyin layiqli üzvünə çevrilməsini, öz gücü və mövqeyini dünyada nümayiş etdirmək imkanlarını-bütün bu salnaməni öz səhifələrində əks etdirən çox azsaylı qəzet var. Təbii ki, onlardan biri də “Yeni Müsavat”dır. Ötən 30 ildə “Yeni Müsavat” bu kimi mühüm hadisələri öz səhifələrində əks etdirmək, öz oxucularına çatdırmaq kimi missiyanı uğurla yerinə yetirib.

Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev "Yeni Müsavat" qəzetində 30 illik yubiley mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün “Yeni Müsavat” milli jurnalistikamızın təməl prinsiplərini rəhbər tutaraq cəmiyyəti obyektiv şəkildə məlumatlandırmaq, Azərbaycan dövlətinin və xalqının maraqlarını müdafiə etmək, cəmiyyətdə gedən inkişaf proseslərini olduğu kimi təqdim etmək, cəmiyyəti qayğılandıran problemlərin müzakirə platformasına çevrilmək, problemlərdən çıxış yollarını göstərmək, eyni zamanda Azərbaycan xalqının adət-ənənələrinin, mədəni irsinin qorunmasına töhfə verən bir mətbuat orqanı kimi uğurla fəaliyyət göstərir: "Təbii ki, bu uğurların təməlində dayanan əsas amillərdən biri jurnalist peşəkarlığıdırsa, başqa tərəfdən idarəetmənin düzgün qurulmasıdır. Amma digər tərəfdən unutmayaq ki, bu nailiyyətlərin əldə olunmasının əsas səbəblərindən biri də ölkədə mövcud olan mühit, söz və mətbuat azadlığının təmin olunması, dövlətin mediaya verdiyi dəstəkdir. Əgər bu gün Azərbaycan jurnalistləri, o cümlədən “Yeni Müsavat”çılar dövlətin yaratdığı şəraitdən bəhrələnirlərsə, Kütləvi informasiya vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun qəzetlərə verdiyi maliyyə vəsaitindən “Yeni Müsavat” qəzeti də faydalanırsa, aparıcı jurnalistlər, Azərbaycan jurnalistikasının inkişafında xidmətləri olan qələm əhli dövlət mükafatlarına layiq görülürsə, sosial problemləri olan jurnalistlərə, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan jurnalistlərlə dövlət tərəfindən dəstək göstərilirsə, təbii ki, bu qəzetin inkişafında, gələcək uğurlarının bir növ bazasının yaranmasında dövlətin də rolu var. Həqiqət budur ki, əgər bir qəzet 30 il müddətində yayırsa, müəyyən çətin və asan dövrdə özünü cəmiyyətdə təsdiq edirsə, onun bundan sonra da yaşayıb inkişaf etməyə, Azərbaycan xalqına və dövlətinə xidmət göstərməyə haqqı var. Mən bu yolda “Yeni Müsavat” qəzetinə uğurlar arzu edirəm”.

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov çıxışında bildirib ki, "Yeni Müsavat" qəzeti Mətbuat Şurasının təsisçilərindən biridir: "Ona görə də sonuncu iclasımızı "Yeni Müsavat" qəzetinin 30 illik yubileyinə həsr etdik. Bu qəzet "Yeni Müsavat" xalqımızın salnaməsi, ümummilli qəzetdir. Bu qəzet həm də məktəbdir. "Yeni Müsavat" Rauf Arifoğlunun özünə bənzəyir. Hazırda Müsavat Media Qrup çox baxımlı, oxunaqlıdır, böyük regionun aparıcı media qurumuna çevrilib".

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral qeyd edib ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması uğrunda böyük fədakarlıqla çalışıb: "Sırf bu səbəbdən təbriki haqq edir, 30 il ərzində müstəqil olmaqla inkişafa imza atıb, Azərbaycan mətbuatında öz payına düşəni alıb. Bu qəzetin mayasında millilik dayanıb. Texnologiyanın inkişafı mətbuatın işini çətinləşdirsə də "Yeni Müsavat" bu tenxologiyaya ayaq uydurmaqda geri qalmayıb, televiziya və internet saytları ilə böyük media orqanı yaradıb. Qəzetin kollektivini 30 ildə əldə etdiyi uğurlara görə təbrik edirəm".

Deputat Fəzail Ağamalı 30 ildir hər gün " Yeni Müsavat" qəzetini oxuduğunu söyləyib: "Hər gün işə bu qəzeti oxumaqla başlayıram. Məni bəzən kəskin notlarla tənqid etsəniz də, hər zaman bu qəzetə qarşı oxucu sədaqətini nümayiş etdirmişəm. Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə canla-başla çalışmısınız, lakin bir müddət firqə qəzeti oldunuz. Bilirəm sizin fəaliyyətinizdə çətinliklər oldu, işinizi firqənin çərçivəsi daxilində qurdunuz. Amma Rauf Arifoğlu firqə çərçivəsində qalacaq insan deyildi. Çərçivədən çıxıb müstəqil qəzet yaratdınız, 10 ildir ki, ümumilli qəzetə çevrildiniz, "Yeni Müsavat" xalq qəzeti adı qazanıb".

Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Şurasının (KİVDF) İcraçı direktoru Vüqar Səfərli "Yeni Müsavat" qəzetinin tiraj və yayımı ilə öndə getdiyini bildirib. Onun sözlərinə görə, qəzet 10 ildir KİVDF ilə əməkdaşlıq edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm