Cəlil Məmmədquluzadənin nəticəsi irs fondunda
Bizi izləyin

Nida Xəbər

Cəlil Məmmədquluzadənin nəticəsi irs fondunda

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və Qazaxıstan, Qırğız və Türkiyə Respublikalarının dövlət başçılarının dəstəyi ilə təsis edilib.

Bu sözləri Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə əlaqədar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edən qonaqlara fondun prezidenti Günay Əfəndiyeva bildirib.

Publika.az xəbər verir ki, qonaqlar öncə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda türk dünyasının tarixindən, mədəniyyət və irsindən bəhs edən eksponatlarla tanış olublar. Daha sonra fondun prezidenti Günay Əfəndiyeva hər kəsi salamlayaraq bildirib ki, bu ilin oktyabr ayında Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə toplantısı çərçivəsində fondun binasının rəsmi açılış mərasimi üzv ölkələrin xarici işlər nazirlərinin və beynəlxalq türkdilli təşkilatların rəhbərlərinin iştirakı ilə gerçəkləşdirilib.

Günay xanım Əfəndiyeva, görüşdə iştirak edən Cəlil Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri və onun oğlu Pşemislava mütəfəkkir və yazıçının həyatından danışıb. Ağır həyat sürdüyünə baxmayaraq, əsərlərindəki incə yumorla xalqının təfəkkürünü aydınlatmaq istəyindən bəhs edib. Fondun məqsədi fəaliyyət, layihə və proqramların dəstəklənməsi və həyata keçirilməsi vasitəsilə türkdilli xalqların mədəniyyəti və irsinin öyrənilməsi, qorunmasından danışan Günay Əfəndiyeva, Mirzə Cəlilin yubiley ili çərçivəsində xarici ölkələrdə, o cümlədən Polşada da bu qəbildən olan tədbirlərinin keçirilməsini təklifini irəli sürdü.

Görüşdə iştirak edən Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun gördüyü işlərin türk dünyası və xalqlarının irsi üçün olan böyük əhəmiyyətindən danışdı. Bildirdi ki, bu ocaq türk dünyası, ümumilikdə bütün xalqların mədəni tədbirləri üçün əhəmiyyətli məkandır. Burada keçirilən tədbirlər Türk xalqlarının birliyini möhkəmləndirməyə xidmət edəcək.

TÜRKSOY-un baş katibinin müavini Bilal Çakıçı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna ilk gəlişinin böyük mütəfəkkirin xatırlandığı günlərə təsadüf etdiyindən məmnun olduğunu, bu ocaqda türk dünyasının milli mədəni irsinin qorunması və gələcək nəsillərə çatdırılması üçün böyük işlər görüləcəyinə inandığını vurğuladı. Eyni zamanda, TÜRKSOY-un bu istiqamətdə apardığı işlərdən bəhs etdi.

Cəlil Məmmədquluzadənin povest və hekayələrini özbək dilinə tərcümə edən yazıçı Hemidulla Baltabayev Özbəkistanın bu ildən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna üzv olmağından məmnunluğunu dilə gətirdi.

Tədbirin digər qonağı Bolqarıstan Elmlər Akademiyyasının Ədəbiyyat İnstitutunun nümayəndəsi İvan Xristov Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondu ilə Bolqarıstandakı türk izlərinin öyrənilməsində birlikdə əməkdaşlıq etməyə hazır olduqlarını bildirdi. Bu iş birliyinin iki xalqın mədəni və ədəbi həyatında müsbət təkan olacağına əmin oduğunu dedi.

Sonda Cəlil Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri və oğlu Pşemislav təşkilatçılara minnətdarlıqlarını bildirdilər. Martin Cavanşiri təəssüratlarını bölüşərək “Azərbaycana dəvət mənim üçün gözlənilməz oldu. Ona görə də öz oğlumu da ulu babamızın vətənini görməyə gətirdim. Çox şadam ki, ulu babam Azərbaycan mədəniyyətinə belə böyük töhfələr verib. Ümid edirəm ki, Fondla əməkdaşlığımız gələcəkdə də davam edəcək” sözlərini dilə gətirdi.

Görüşün yekun hissəsində qonaqlar Fondun kitabxanasına qiymətli kitablar hədiyyə etdilər. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva da öz növbəsində qonaqlara xatirə hədiyyələri təqdim etdi. Mirzə Cəlilin kötükçəsi Pşemişlavın başına Azərbaycan milli papağını qoydu.

Leyla Sarabi,

Foto: Pərviz Həşimi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm