Ermənistanın MƏKRLİ PLANI: Qadağan edilən silahlarla dinc sakinləri bombalayan düşməni NƏ GÖZLƏYİR?
Bizi izləyin

Nida Xəbər

Ermənistanın MƏKRLİ PLANI: Qadağan edilən silahlarla dinc sakinləri bombalayan düşməni NƏ GÖZLƏYİR?

Ermənistan fəal şəkildə mülki əhalini atəşə tutmağa davam edir. İşğalçı ölkənin silahlı qüvvələri Azərbaycan ərazisindəki yaşayış məntəqələrinə, insanların sıx yaşadığı ərazilərə kasetli bombalar atır. Bu tip silahların hərbi cinayət, ən əsası isə insan orqanizmi üçün olduqca zərərli olmasına baxmayaraq, mənfur düşmən ordusu bu bombaları atmaq üçün insanların kütləvi şəkildə yaşadığı əraziləri seçir. Hazırda Ermənistan insanlığa, bütün bəşəriyyətə qarşı böyük cinayət həyata keçirir.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) operativ qərargahının rəisi İdris İsmayılov Publika.az-a açıqlamasında bildirib ki, kasetli bombalar çoxlu sayda kiçik bombacıqlardan ibarətdir və məhz bu xüsusiyyətinə görə bu silah növü böyük əraziləri dağıda bilir.

Buna görə kasetli bombaların insanların kütləvi şəkildə yaşadığı ərazilərə atılması qadağandır: “4-5 oktyabr tarixlərində düşmən tərəfindən Goranboy və Yevlax rayonu ərazilərinə kaset bombaları atılıb. Raketin tərkibində olan bu bombaların partlaması nəticəsində 598 ədəd bombacıq ətrafa səpələnib. Bunlar da 9M 525 model bombacıqlardır. Ətrafa səpələnən 56 ədəd bombacıq yerində zərərsizləşdirilib, çünki onlar tam olaraq döyüş vəziyyətinə gətirilmişdi. Digərləri isə agentliyin mərkəzi məhvetmə ərazisinə aparılaraq partlayış yolu ilə zərərsizləşdirilib”.

ANAMA rəsmisinin sözlərinə görə, kaset bombalarının Goranboy rayonuna atılması nəticəsində rayonun Qızılhacılı kəndindən olan bir nəfər dinc sakin həlak olub.

O qeyd edib ki, bu bombaların istifadəsi, xüsusilə də yaşayış məntəqələrinə atılması 2008-ci ildə “Kaset Sursatlar haqqında konvensiyaya” (CCM) uyğun olaraq qadağan edilib: “Bu bombalar qadağan olunmuş sursatlar sinfinə aid edilib. 1949-cu il tarixli Cenevrə Konvensiyasına uyğun olaraq onun yaşayış ərazisinə, dinc əhaliyə atılması qadağandır. Azərbaycan tərəfi bununla bağlı Ermənistanı cinayət məsuliyyətinə cəlb edə bilər”.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyev məsələnin hüquqi tərəflərinə aydınlıq gətirib.

O bildirib ki, bu xarakterli və bu qəbildən olan silahların dinc əhaliyə qarşı istifadə edilməsi Cenevrə Konvensiyasının müddəalarına ziddir.

Onun sözlərinə görə, bu kateqoriyadan olan silahların, o cümlədən də kasetli bombaların istifadəsinin qanunla qadağan olunmasına baxmayaraq, ermənilər həyasızcasına bundan istifadə edir və özləri üçün cəzasızlıq mühiti yaradıblar: “Düşünürlər ki, bu hərəkətlərinə görə onlardan heç bir şey soruşmayacaqlar. Ancaq Azərbaycan Respublikasının ərazisində dinc əhalinin həlak olmasına səbəb olan bütün hərəkətlərə görə günahkar şəxslər cavab verməli olacaq. Tarix bunu göstərəcək və bu, heç də uzaqda deyil. Hazırda hüquq-mühafizə orqanları, xüsusilə də Azərbaycan Respublikasının Baş Prokurorluğu hər qanunsuz hərəkət üzrə cəbhə zonasında materiallar toplayır. Bu materiallar gələcəkdə qanunsuzluğa yol vermiş insanların cinayət məsuliyyətinə cəlb edilməsinin əsası kimi çıxış edəcək. O cümlədən də kasetli bomba və bu qəbildən olan silahlardan istifadəyə görə Ermənistan cinayət məsuliyyətinə cəlb ediləcək. Əslində, bu müharibə cinayəti ilə yanaşı, həm də insanlığa qarşı olan cinayətdir. Həm Azərbaycan, həm də beynəlxalq qanunvericilik bu hərəkətləri pisləyir və bütün bunlara qarşı cinayət işi nəzərdə tutulur”.

İ.Vəliyev deyib ki, BMT Təhlükəsizlik Şurası, o cümlədən ATƏT və digər beynəlxalq qurumlar bu kimi məsələlərdə Ermənistana təzyiq göstərməlidirlər. Dinc əhaliyə qarşı bu silahlardan istifadə edilmə faktı təsdiqlənərsə, bunun çox acı nəticələri ola bilər: “Paşinyan müsahibələrində qeyd edir ki, bu məsələlər Dağlıq Qarabağda baş verən proseslərdir, bizi qarışdırmayın. Yəni, o bildirir ki, bu proses Dağlıq Qarabağda yaşayan ermənilərlə Azərbaycan arasında gedir. O, beynəlxalq məsuliyyətdən, o cümlədən beynəlxalq sanksiyalardan, gələcək cinayət məsuliyyətindən qorxur və özünü bu proseslərdən kənara çəkmək istəyir, hadisələri Dağlıq Qarabağdakı ermənilərlə bağlamağa çalışır. Bu da onların cinayətkar olduqlarını anladıqlarını göstərir. Erməni baş nazirinin bu çıxışı beynəlxalq hüquq normalarına hörmət etməmək, bu normaları nəzərə almamaqdır. Ancaq bu, mümkün deyil. Fakt faktlığında qalır, ordumuz irəliləməkdə davam edir. Düşünürəm ki, yaxın gələcəkdə Azərbaycanın ərazi bütövlüyü bərpa olunduqdan sonra bu məsələlərə yenidən qayıdılacaq. Ermənistan bu silahlardan istifadə etdiyinə görə beynəlxalq sanksiyalardan kənarda qala bilməz”.

Hərbi ekspert Üzeyir Cəfərov açıqlamasında bildirib ki, Ermənistan və beynəlxalq hüquq ayrı-ayrı anlayışlardır.

Onun sözlərinə görə, əgər Ermənistan beynəlxalq hüquqa hörmətlə yanaşsaydı, bu illər ərzində BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsini yerinə yetirərdi: “Beynəlxalq hüquq bu qətnamələri yerinə yetirmədiyi üçün Ermənistanı cəzalandırmalıdır. Hazırda ordumuz Ermənistanı cəzalandıraraq həm də BMT-yə kömək edir. Kaset başlıqlı mərmilərdən istifadə qanunla qadağandır. Ancaq Ermənistan heç bir qadağaya məhəl qoymur. Onların bunu istifadə etməkdə məqsədi Azərbaycan əhalisi arasında daha çox vahimə yaratmaq, itki və dağıntını artırmaqdır. Onlar ordumuzla bacarmadığına, əsgərinin hərbçilərimiz qarşısında aciz duruma düşdüyünə görə bu çirkin əməllərə əl atır.

Onların düşüncəsi olsaydı, bilərdilər ki, bizim imkanlarımız onları bütünlüklə yox etmək dərəcəsindədir. Buna baxmayaraq onlar yenə də mülki əhalinin yaşadığı əraziləri vururlar. Səhər saatlarında Gəncəni vurublar, gün ərzində Goranboy, Bərdə və Tərtəri hədəf alıblar. Onsuz da o evlər bərpa olunacaq. Ancaq dinc sakinlərimiz həyatlarını itirir. Raketi Xızıya, Gəncəyə, Mingəçevirə yönəldən yaramaz bir toplumdan hər şey gözləmək olar. Ona görə də Azərbaycan əsgəri onları yaxın günlərdə cəzalandıracaq”.

Qeyd edək ki, kasetli silahlardan tarix boyu bir çox müharibələrdə istifadə olunub. 1964-1973-cü illərdə Vyetnam müharibəsində təkcə bu silahlar səbəbindən 7 min insanın yaralandığı və öldüyü bildirilir. Bundan əlavə, kasetli bombalardan Birinci Çeçen müharibəsi (1995), Yuqoslaviya müharibəsi (1999), Sovet-Əfqan müharibəsi (1979–1989) və Qərbi Saxara böhranında (1975-1991) istifadə olunub.

Ermənistan Azərbaycana qarşı kasetli mərmilərdən istifadə etdiyi üçün bu kateqoriyadan olan silahlardan yararlanan ölkələr siyahısına əlavə edilib.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm