Sizi və şanlı Ordumuzu ürəkdən təbrik edirik - Sahil Qasımov
Bizi izləyin

Nida Xəbər

Sizi və şanlı Ordumuzu ürəkdən təbrik edirik - Sahil Qasımov

Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib.

Publika.az-ın xəbərinə görə, məktubda deyilir: "Möhtərəm cənab Prezident! Müzəffər Ali Baş Komandan! Sizin komandanlığınızla rəşadətli Ordumuz tərəfindən tarixi mədəniyyət mərkəzimiz olan Şuşa şəhərinin 28 illik Ermənistan işğalından azad edilməsi xəbəri Avropada Avropa Azərbaycanlıları Konqresinin ətrafında sıx birləşən Azəbaycan diaspor təşkilatlarının böyük sevincinə səbəb oldu.

Sentyabrın 27-də Ermənistanın atəşkəs razılaşmasını pozaraq, genişmiqyaslı hərbi əməliyyatlara başlamasından dərhal sonra Sizin əmrinizlə şanlı Azərbaycan Ordusunün əks-hücum əməliyyatlarına başlayaraq işğalda olan Füzuli, Qubadlı, Zəngilan, Cəbrayıl şəhərlərini və 200-dən çox kəndlərimizi qısa müddətdə işğaldan azad etdi.

Möhtərəm cənab Prezident!

Sizin dediyiniz "Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar" ifadəsi vətənpərvərlik harayına çevrilmişdi. Şuşa Azərbaycanın incisidir, mədəniyyət və musiqi beşiyidir. Şuşa, heç şübhəsiz, işğaldan azad edilməli idi. Bu böyük işi Sizin komandanlığınızla müzəffər Azərbaycan Ordusu bacardı. Şuşanın Azərbaycana, Azərbaycanın Şuşaya olan 28 illik həsrətinə Siz son qoydunuz. Xalqımızın 30 ilə yaxındır həsrətində olduğu Şuşa şəhəri artıq düşməndən geri alınıb. Şəhidlərimizin qanı yerdə qalmadı! Şəhidlərimizin ruhu şaddır!

Möhtərəm Ali Baş Komandan!

Sizin adınız bu qələbə tarixinin ən gözəl səhifəsində qızıl hərflərlə yazılıb.

işğal altında olan hər qarış Vətən torpağının, xüsusilə də Şuşanın düşmən tapdağından azad edilməsi üçün göstərdiyiniz dəyanət, qətiyyət və səbrə görə Avropa Azərbaycanlıları Konqresi adından Sizi və şanlı Ordumuzu ürəkdən təbrik edirik.

Biz, Avropada yaşayan azərbaycanlılar Vətən üçün qəti sözünü deməyə çəkinməyən rəhbərimizin olması ilə fəxr edirik. Sizi dəstəkləyirik, Sizin yanınızdayıq və hər bir əmrinizi gözləyirik. İşimiz haqdır, qələbə bizimlədir!"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm