Nida Xəbər
Sonuncu mogikan: nizamişünaslığımızın patriarxı əbədiyyətə qovuşdu – FOTO
Əziz müəllimimiz, iki il ərzində bizə Gəncə Dövlət Universitetində “Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı” fənnindan mühazirələr deyən filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, “Şöhrət” ordenli, bütün bu fəxri adlar, titullarla yanaşı gerçəkdən yüksək mənəviyyat sahibi, əsl alim, əsl insan Xəlil Yusifli 87 yaşında əbədiyyətə qovuşub.
Xəlil Yusifli haqqında keçmiş zamanda danışmaq çox çətindir, ağırdır. Biz onun mühazirələrini dinləməkdən doymazdıq, partaların arası ilə gəzişə-gəzişə mühazirə deyər, sonra da sakitcə çıxıb gedərdi. Ümumiyyətlə, Xəlil Yusifli səs-küydən, pafosdan, hər cür dəbdəbədən, təmtəraqdan uzaq sakit, sadə, təvazökar bir ziyalı idi. Hər zaman sərbəst geyinərdi. Nadir hallarda qalstuk taxardı. Bu sadəliyi onu daha əzəmətli, daha vüqarlı edirdi.
Xəlil Yusifli filologiya fakültəsində rüşvət sözünü yaxına buraxmayan 3-4 müəllimdən biri idi. Bir Xəlil Yusifli, bir də professor Sabir Əliyev büllur kimi təmiz insanlar idi. Onlar həm həmyaşıd (hər ikisi 1935-ci il təvəllüdlü idi), həm dost, həm tələbə yoldaşı, həm də qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının əsas tədqiqatçılarından idilər. Bu iki görkəmli alimdən biri nizamişünas, digəri füzulişünas idi. Biz tələbə vaxtı, elə ondan sonra da tələbə yoldaşlarımızla söhbət edərkən onların ikisinin adını bir yerdə çəkərdik. Bu xatirə yazısını yazanda da Sabir Əliyevdən bəhs edəcəyimi planlaşdırmamışdım. Söz özü Sabir müəllimə doğru yol aldı. Virtual ensiklopediyada Sabir Əliyev haqda yazılır: “Ömrünün dünya ilə haqq-hesab çəkdiyi, elmlə məşğul olduğu dövrünü Azərbaycan-türk şeirinin tacidarı, dahi şairimiz Füzulinin tədqiqinə həsr edib. Məhəmməd Füzulinin yaradıcılığını tədqiq edənlərin, eləcə də onunla maraqlananların qeyd etdiyinə görə, Füzuli yaradıcılığının bütöv poetik sistem kimi tədqiqi görkəmli yazıçı və tədqiqatçı Mir Cəlaldan sonra füzulişünas Sabir Əliyevin adı ilə bağlıdır”.
Sabir müəllim 2007-ci ilin mayında Tiflisdə vəfat etmiş və doğma kəndi Qaracalarda (Qarayazı-Qardabani rayonu) dəfn edilmişdi. İş elə gətirdi ki, mən bir işlə bağlı həmin ərəfələrdə Gəncəyə getməli olmuşdum. Təsadüfən universitetin ətrafında Xəlil müəllimi gördüm və dostunun vəfatı ilə bağlı ona başsağlığı verdim. Xəlil müəllim yas içində idi, qısa hal-əhval tutandan dərhal sonra uzaqlaşdı. Bu bizim sonuncu görüşümüz oldu. Təvazökarlıqdan uzaq olmasın, ancaq bu yerdə fəxrlə bəyan etmək istəyirəm ki, həm Sabir Əliyevdən, həm də Xəlil Yusifli kimi müəllimlərdən əla qiymət almışam (universiteti fərqlənmə diplomu ilə bitirmişəm).
İndi orta ümumtəhsil məktəblərində IX siniflər üçün “Ədəbiyyat” dərsliyinin müəllifinin kim olduğunu bilmirəm. Ancaq biz orta məktəbdə oxuyan illərdə IX siniflər üçün “Ədəbiyyat” dərsliyinin müəllifi Xəlil Yusifli idi (Əliyar Səfərli ilə birgə). Bu dərslik 1994–2003-cü illərdə beş dəfə nəşr olunub. Biz onun yazdığı kitabı oxuyaraq ali məktəbə qəbul üçün hazırlaşırdıq. Abituriyent olanda heç ağlımıza da gəlməzdi ki, indi kitabını oxuyub ali məktəbə hazırlaşdığımız alim cəmi iki-üç il sonra bizim sevimli müəllimiz olacaq.
Xəlil Yusifli öz alim ömrünün çox böyük hissəsini Nizami Gəncəvinin həyat və yaradıcılığının tədqiqinə həsr edib. “Nizaminin lirikası”, “Şərqdə İntibah və Nizami Gəncəvi”, “Nizami Gəncəvi: sələflər, xələflər” və digər sanballı elmi monoqrafiyalar işləyib. Alim, həmçinin, Nizami Gəncəvi irsi ilə bağlı çoxsaylı məqalələrin müəllifi idi. Təsadüfi deyil ki, Xəlil Yusifli Nizami Gəncəvi irsinin tədqiqi və tədrisində uzunmüddətli səmərəli fəaliyyətinə görə (Prezident sərəncamında belə yazılıb) “Şöhrət” ordeni ilə təltif edilib.
Bu da təsadüfi deyil ki, Xəlil Yusifli 2008-ci ildə Gəncə Regional Elmi Mərkəzdə (hazırda AMEA Gəncə Bölməsi) Nizami Gəncəvinin irsinin öyrənilməsi məqsədi ilə yaradılmış Nizamişünaslıq şöbəsinə, sonra isə Nizami Gəncəvi Mərkəzinə rəhbər təyin edilib.
Sözsüz ki, Xəlil Yusiflinin vəfatı Azərbaycan filologiya elmi, xüsusən nizamişünaslığımız üçün ağır, yeri doldurulmayacaq bir itkidir. Çox təəssüf ki, artıq belə alimlər yetişmir. Gəncədən yaxşı tanıdığım qabiliyyətli jurnalist və tədqiqatçı Zakir Muradın yazdığı kimi Xəlil Yusifli nizamişünaslığımızın patriarxı idi. Zakir bəyin sözlərinə bir də bunu əlavə etmək qalır: o, nizamişünaslığın sonuncu mogikanı idi. Qoy bu məqalə də əziz müəllimimizin xatirəsinə bizim ehtiramımızın ifadəsi olsun. Xəlil Yusiflinin işqlı xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaqdır!
Səxavət Həmid
-
İdman09:16
Fernandu Santuş Rövşən Nəcəfin görüşünə gedir: İstefaya göndərilir - DETALLAR
-
Nəqliyyat08:12
Sərnişinin halı pisləşdi, təyyarə Bakıya təcili eniş etdi
-
Nida Xəbər 07:30
Qaiser Navabdan MESAJ: Azərbaycan elə bir gücə malikdir ki...
-
Ekologiya07:17
Bu gün hava necə olacaq? - PROQNOZ
-
Magazin105:15
Aynişan Maldivdə belə dincəlir - FOTO
-
ABŞ03:43
Tramp gitara satışına başladı
-
Səhiyyə01:41
Binanın üzərində Rəsulzadənin sözləri olmayacaq? - FOTO
-
MDB00:45
Zaxarovaya brifinq zamanı SİRLİ ZƏNG - Xəbərdarlıq aldı / VİDEO