Fərid Şəfiyev: “İran Azərbaycanın qələbəsindən sarsıntı keçirir” - MÜSAHİBƏ
Bizi izləyin

Nida Xəbər

Fərid Şəfiyev: “İran Azərbaycanın qələbəsindən sarsıntı keçirir” - MÜSAHİBƏ

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Publika.az-a müsahibə verib. Müsahibəni təqdim edirik.

– Fərid müəllim, dünən Zəngilan Beynəlxalq Hava Limanının açılışı oldu. Zəngilan rayonu Azərbaycan, İran və Ermənistan sərhədinin kəsişməsində yerləşir. Bir növ qovşaqdır. Bu baxımdan hava limanının beynəlxalq logistika və geosiyasi baxımdan əhəmiyyəti barədə nə deyə bilərsiniz?

– İşğaldan azad olnmuş ərazilərdə hər hansı yeni irimiqyaslı layihənin həyata keçirilməsinin hər zaman siyasi əhəmiyyəti də var. Amma Zəngilan Beynəlxalq Hava Limanı ilk növbədə logistik baxımdan vacibdir. Çünki ölkənin ən qərb qurtaracağında yerləşir. Gələcəkdə orada bağlantı olsa, Zəngəzur dəhlizi açılsa, təbii ki, hava limanının əhəmiyyəti və rolu da böyüyəcək. Hava limanının Zəngilanın işğaldan azad olunmasının ikinci ildönümündə açılmasının siyasi mənası var. Bu məna da ondan ibarətdir ki, biz iki il ərzində ikinci böyük hava limanını açırıq. Bu da göstərir ki, Azərbaycan işğaldan azad olunmuş ərazilərin bərpasını sürətlə həyata keçirir. Artıq Zəngilanda Ağalı kəndinin bərpa olunması və əhalinin məskunlaşdırılması həyata keçirilib. Yəni, bizim məqsədlərimiz çox ciddidir və praktiki cəhətdən də həll olunur.

– Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın hava limanının açılışında iştirakını necə qiymətləndirirsiniz?

– Türkiyə Prezidentinin açılış mərasimində iştirak üçün Zəngilana səfər etməsi mühüm əhəmiyyət daşıyır. Təəssüflər olsun ki, hazırda ölkəmizə həm bəzi Qərb ölkələrindən, həm də İrandan eyni zamanda təzyiqlər göstərilir. Bu mesajdır ki, Türkiyə ilə Azərbaycanın müttəfiqliyi davam edir. Azərbaycan bütün bu təzyiqlərə baxmayaraq öz xarici siyasətini, özünün geosiyasi, iqtisadi və siyasi hədəflərini, planlarını həyata keçirir və bundan sonra da keçirəcək.

– Türkiyə Prezidenti artıq ikinci dəfədir, işğalda azad olunmuş ərazidə inşa olunmuş hava limanının açılışında iştirak edir. Eyni zamanda səfər zamanı bir sıra digər açılışlar da gerçəkləşdirildi. Prezidentlər Cəbrayıl şəhərində mətbuata birgə bəyanatlarla çıxış etdilər. Dövlət başçılarının çıxışları zamanı verilən əsas mesajları şərh etməyinizi istərdik…

– Bu səfərlə və verilən bəyanatlarla Türkiyə-Azərbaycan münasibətlərinin müttəfiq statusu təsdiq olunur. Bəli, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən hər bir böyük, irimiqyaslı layihənin açılışında Türkiyə Prezidenti iştirak edir. Cənab Ərdoğan bundan öncə keçən ilin oktyabrın 26-da hava limanının rəsmi açılış mərasiminə qatılmışdı.

Mən İranın bu səfərlə eyni vaxta təsadüf edən hərbi təlimləri haqda danışmaq istərdim. Düzdür, səfər əvvəlcədən planlaşdırılmışdı və İranın təlimləri ilə bağlı deyil. Amma hər halda qeyd etmək lazımdır ki, ümumiyyətlə gərgin geosiyasi vəziyyətdə Türkiyə Prezidenti yenə də Azərbaycana öz dəstəyini nümayiş etdirdi. Təkcə İran yox, bəzi Qərb ölkələri, o cümlədən Fransa Azərbaycana təzyiqlər göstərmək istəyir. Bu səfər bir daha göstərir ki, Azərbaycan və Türkiyə öz strateji planlarına uyğun olaraq əlaqələrini inkişaf etdirəcək və müvafiq layihələrini həyata keçirəcəklər.

– Dünən İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ermənistana rəsmi səfərə gəlib. Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, oktyabrın 21-də Ararat Mirzoyan və Hüseyn Əmir Abdullahian İranın Qafandakı Baş Konsulluğunun açılış mərasimində iştirak edəcəklər. İranın Qafanda Baş Konsulluğunun açılması qərarı Zəngəzur dəhlizinin açılmasını özündə ehtiva edən 9/10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan sonra verilib. Bu baxımdan Baş Konsulluğun açılması qərarının verilmə tarixi diqqət çəkir. Sizcə nə üçün belə bir qərar verilib? Bu qərarın verilməsində siyasi amillərin rolu nə qədərdir? Qafanda Baş Konsulluğun açılmasına nə dərəcədə ehtiyac var idi?

– Konsulluğun açılması iki ölkə arasında olan məsələdir. Onların suveren hüququdur. Hər bir ölkə digər ölkənin ərazisində istər səfirlik, istərsə də konsulluq aça bilər. Mən konsulluğun açılışını onların ikitərəfli işi kimi qiymətləndirərdim. Biz buna müdaxilə etmirik, edə də bilmərik. Sadəcə, ümumiyyətlə götürdükdə hadisələrə baxsaq, Azərbaycanın zəfərindən sonra İran çox narahatdır. Baxmayaraq ki, İran rəsmi olaraq Azərbaycanı təbrik edib, amma faktiki olaraq Azərbaycanın qələbəsi onlar üçün sarsıntı olub. Bundan irəli gələn və cərəyan edən prosesləri, yəni yeni reallıqları qəbul etmirlər. Azərbaycana təzyiq göstrərməyə çalışırlar. Bu fonda təbii ki, onlar Ermənistanla əlaqələrin inkişafı üçün digər yeni istiqamətlər axtarırlar. Baxmayaraq ki, onsuz da əlaqələri yaxşı idi. O cümlədən Zəngəzur bölgəsində müəyyən layihələr həyata keçirmək istəyirlər. Bu aydındır və verilən mesaj da aydındır. Qafanda da konsulluğun açılışı məhz buna yönəlib. Amma yenə deyirəm, biz bu işlərə qarışmırıq. Konsulluq onların öz hüquqlarıdır, açırlar açısınlar. Hər halda siz sual vermisiniz, mən də cavab verirəm ki, konsulluğun açılması özü hüquqi baxımdan iki ölkə arasında olan məsələdir. Azərbaycan buna müdaxilə etmir. Amma ümumən geosiyasi baxımdan biz görürük ki, İran Ermənistana yeni səviyyələrdə hər cür yardım göstərməyə çalışır və bir sıra addımları bu prinsipdən irəli gəlir.

– Bəs İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianın səfərinin cənab Ərdoğanın səfəri ilə eyni gündə başlaması sizcə, təsadüfdürmü?

– Səfərlər adətən əvvəlcədən planlaşdırılır. Ona görə də İran mediasına bir az baxmaq lazımdır. Bəlkə bu səfər doğrudan da əvvəlcədən planlaşdırılmışdı. Hər halda cənab Ərdoğanın Zəngilana səfəri ən azı bir ay əvvəl planlaşdırılıb və İranın təlimləri ilə bağlı hadisə deyil. Amma İran xarici işlər nazirinin Ermənistana səfəri il bağlı nəsə deməyə açığı çətinlik çəkirəm. Ola bilsin ki, o da əvvəlcədən planlaşdırılmışdı, ola bilsin onlar bizim ayın 20-də Zənglanda hava limanını açacağımızı eşidiblər. Onlar da deyiblər ki, biz də konsulluğu açırıq. Açırlar, açsınlar.

– Noyabrın 15-də Fransa Senatında Azərbaycana sanksiyalar tətbiq olunmasını nəzərdə tutan qətnamə layihəsi müzakirəyə çıxarılacaq. Bu sənədin qəbul olunacağı gözləniləndirmi?

– Vətən müharibəsindən sonra Fransa parlamentində hökuməti qondarma “dqr”i tanımağa çağırmaqla bağlı qətnamə qəbul olunmuşdu. Ancaq hökumət bunu qəbul etmədi. Ona görə də mən qəbul olunacaq yeni qətnamənin Fransa hökuməti tərəfindən dəstəklənəcəyinə inanmıram. Amma onun Senatda qəbul olunma ehtimalı var. Fransa parlamentində yetərli qədər ermənipərəst qüvvələr mövcuddur. Amma bunun nə dərəcədə hüquqi sənəd olacağı, Fransa hökuməti tərəfindən qəbul olunacağı, ondan irəli gələn addımların atılacağı böyük şübhə altındadır.

Səxavət Həmid

Oxumağa davam et
Reklam
Reklam

Gündəm