Nida Xəbər
Ukrayna səfiri: Zelenski buna görə Azərbaycana minnətdardır - MÜSAHİBƏ
Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Teleqraf İnformasiya Agentliyinə müsahibəsində Ukrayna ilə Azərbaycan arasında mövcud strateji tərəfdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərindən bəhs edib. O vurğulayıb ki, tərəflər arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq son illərdə daha da dərinləşib. Müsahibədə, həmçinin regional təhlükəsizlik, müharibənin təsirləri və gələcək əməkdaşlıq imkanları ilə bağlı Ukrayna tərəfinin mövqeyi əks olunub.
Publika.az həmin müsahibəni təqdim edir:
- Ukrayna ilə Azərbaycan arasında mövcud münasibətləri necə qiymətləndirirsiniz? Davam edən silahlı münaqişə ikitərəfli əməkdaşlığın inkişafına necə təsir göstərib?
- Ukrayna Azərbaycanla strateji tərəfdaşlığını yüksək qiymətləndirir. Rusiyanın Ukraynaya qarşı davam edən təcavüzkar müharibəsi şəraitində biz Azərbaycan xalqı və rəhbərliyi tərəfindən göstərilən dəstəyi xüsusilə hiss edirik.
2022-ci ildə Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalına başlanmasından sonra Azərbaycan Ukraynaya humanitar yardım göstərən ilk ölkələrdən biri olub. Bu çərçivədə dərman vasitələri, ərzaq məhsulları, yanacaq, habelə enerji və sosial infrastrukturun bərpası üçün avadanlıqlar göndərilib.
Qlobal çağırışlara baxmayaraq, Ukrayna ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlıq dinamik şəkildə inkişaf etməkdə davam edir. Biz siyasət, diplomatiya, iqtisadiyyat, energetika, nəqliyyat, ticarət, təhsil və mədəniyyət sahələrində fəal qarşılıqlı fəaliyyət göstəririk.
2025-ci il Ukrayna-Azərbaycan strateji tərəfdaşlığının və bütün sahələr üzrə əməkdaşlığın daha da dərinləşdirilməsi yolunda mühüm mərhələ olub. Ukrayna Prezidenti Volodimir Zelenski ilə Azərbaycan Prezidenti İlham Əliyevin Davosda keçirilən Beynəlxalq İqtisadi Forum və Kopenhagendə keçirilən Avropa Siyasi Birliyi Sammiti çərçivəsində görüşləri, eləcə də liderlərimizin müntəzəm telefon danışıqları və Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın Bakıya səmərəli səfəri xüsusi əhəmiyyət kəsb edir.
Bu səfərin nəticəsi olaraq ötən ilin iyul ayında Bakıda energetika nazirləri səviyyəsində Ukrayna-Azərbaycan Birgə Hökumətlərarası Komissiyasının uğurla keçirilməsi və birgə fəaliyyət planının imzalanması mümkün olub. Bu addımlar xüsusilə energetika sahəsində birgə layihələrin həyata keçirilməsi üçün möhkəm əsas yaradıb, həm Ukraynanın infrastrukturunun bərpası, həm də Xəzər-Qara dəniz regionunda regional enerji təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından. "Naftoqaz" və "SOCAR" milli şirkətləri arasında Azərbaycan qazının Türkiyə, Bolqarıstan və Rumıniya vasitəsilə Ukraynaya pilot partiyasının tədarükünə dair müqavilənin imzalanması tarixi hadisə olub. Eyni zamanda, ölkələrimiz arasında ikitərəfli ticarət də müsbət nəticələr nümayiş etdirir. İlkin məlumatlara əsasən, Azərbaycan investisiyalarının Ukrayna iqtisadiyyatına yönəldilməsində artım müşahidə olunur, Ukrayna məhsullarının Azərbaycan bazarına ixracı isə 10 faizdən çox artıb.
Eyni zamanda, 2025-ci ilin oktyabr ayının sonu noyabr ayının əvvəllərində Ukraynanın səhiyyə naziri Viktor Lyaşkonun rəhbərlik etdiyi Ukrayna nümayəndə heyətinin səfərini də xüsusi qeyd etmək lazımdır. Səfər çərçivəsində səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsinə yönəlmiş bir sıra sazişlər imzalanıb. Bu sazişlər tibbi sistemlərin gücləndirilməsi, təcrübə mübadiləsi, hubların yaradılması və strateji tərəfdaşlığın inkişafını, o cümlədən dərman təminatı və humanitar yardım məsələlərini əhatə edir. Həmçinin ötən il Ukrayna və Azərbaycan Xarici İşlər Nazirlikləri səviyyəsində keçirilmiş siyasi və konsulluq məsləhətləşmələri də nəticəyönümlü və uğurlu olub.
Ukrayna və Azərbaycan etibarlı strateji tərəfdaşlardır. Xalqlarımızı dostluq, qarşılıqlı dəstək və əməkdaşlıq sahəsində dərin tarixi köklər birləşdirir. Bu münasibətlərin əsasında dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə, eləcə də beynəlxalq hüquqa sarsılmaz sadiqlik dayanır.
- Müharibənin ilk günlərindən etibarən Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib və mütəmadi olaraq humanitar yardım göstərib. Ukrayna tərəfi Azərbaycanın bu mövqeyini necə dəyərləndirir?
- Biz Ukraynanın ərazi bütövlüyü və suverenliyinə sərgilənən ardıcıl dəstəyə, eləcə də Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalının ilk aylarından etibarən Azərbaycan hökuməti və xalqı tərəfindən göstərilən humanitar yardıma görə Azərbaycana səmimi minnətdarlığımızı bildiririk.
2025-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Ukraynaya düşmən tərəfindən zədələnmiş enerji sisteminin bərpası məqsədilə transformatorlar, kabellər, generatorlar və digər texniki avadanlıqlar göndərilib. Ölkəmiz üçün olduqca çətin bir dövrdə Azərbaycanın göstərdiyi dəstəyi yüksək qiymətləndiririk.
Ukrayna Prezidenti Volodimir Zelenski 24 dekabr 2025-ci il tarixində İlham Əliyevə doğum günü münasibətilə ünvanladığı təbrik məktubunda qeyd edib:
"Ukrayna Rusiyanın silahlı təcavüzü şəraitində göstərilən həmrəylik və praktiki dəstəyə görə Sizə və Azərbaycan xalqına dərin minnətdarlığını bildirir".
Ukrayna lideri xüsusilə vurğulayıb ki, "ölkənin enerji sisteminin obyektlərinin fəaliyyətinin təmin edilməsi məqsədilə göstərilən humanitar yardım, Kiyev vilayətinin işğaldan azad edilmiş İrpin şəhərinin bərpasında iştirak, eləcə də cəbhəyanı regionlardan olan ukraynalı uşaqların sağlamlaşdırılması və reabilitasiyasına göstərilən dəstək yüksək qiymətləndirilir".

- Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin müharibənin sona çatmasına yaxınlaşdığını bəyan etmişdi. Sizin fikrinizcə, atəşkəsin əldə olunması üçün real ilkin şərtlər mövcuddurmu?
- Ukrayna müharibənin dayandırılmasını yalnız ədalətli sülh və təkcə Ukrayna üçün deyil, bütün dünya üçün təhlükəsizlik təminatları prizmasından nəzərdən keçirir.
Ukrayna Prezidenti Volodimir Zelenski dəfələrlə vurğulayıb ki, istənilən müharibənin başa çatmasının ilk addımı sükutdur. Hazırda danışıqlar qrupları və beynəlxalq ictimaiyyət Rusiya tərəfinin atəşkəs şərtlərini qəbul etməsi istiqamətində fəal şəkildə çalışır. Bu şərtlərə qoşunların çıxarılması, əsirlərin azad edilməsi və mülki obyektlərin atəşə tutulmasının dayandırılması daxildir.
Təəssüf ki, 2025-ci ilin sonlarında və artıq 2026-cı ilin əvvəlində Rusiya tərəfindən Ukraynanın dinc şəhərlərinə qarşı həyata keçirilən terror hücumları göstərir ki, real atəşkəsin əldə olunması üçün beynəlxalq təzyiqlər daha da gücləndirilməlidir. Rusiya rəhbərliyi anlamalıdır ki, təcavüzün davam etdirilməsi ona heç bir siyasi dividendlər gətirməyəcək, əksinə, vəziyyətini daha da ağırlaşdıracaq.
Ukrayna sülhə hazırdır, lakin beynəlxalq hüquqa əsaslanan ədalətli sülhə. Biz bu məqsədə nail olmaq yolunda bizi dəstəkləyən və yardım göstərən beynəlxalq tərəfdaşlarımıza minnətdarıq. Bu yaxınlarda jurnalistlərin suallarını cavablandırarkən Prezident Volodimir Zelenski vurğuladı:
"Biz final mərhələsinə doğru irəliləyirik, hətta onun necə görünəcəyini hələ dəqiq bilməsək belə".
- Müharibə başlamazdan əvvəl Ukraynaya Türk Dövlətləri Təşkilatında (TDT) müşahidəçi statusunun verilməsi məsələsi müzakirə olunurdu. Ötən ilin oktyabrın 7-də Qəbələdə keçirilən liderlər sammiti zamanı "TDT+" formatı təsis edilmişdi. Ukrayna bu formata qoşulma imkanını nəzərdən keçirirmi və bu hansı müddətdə reallaşa bilər?
- Ukrayna Türk Dövlətləri Təşkilatının potensialını yüksək qiymətləndirir və "TDT+" formatının inkişafını alqışlayır. Müharibə başlamazdan əvvəl Ukrayna TDT ilə əməkdaşlığın dərinləşdirilməsi formatlarını nəzərdən keçirirdi və bu məsələ hazırda da gündəmdə qalır.
Krım tatar xalqı Ukraynanın yerli türk xalqıdır və Krım tatar dili Azərbaycan dilinə çox yaxındır. Biz TDT-yə üzv dövlətlərlə, xüsusilə iqtisadiyyat, energetika, ticarət, logistika, nəqliyyat, təhsil və mədəniyyət sahələrində praktiki əməkdaşlıqda çox maraqlıyıq.
Bu gün Ukraynanın əsas prioriteti ədalətli sülhə nail olmaq və ölkənin bərpasıdır. Eyni zamanda əminik ki, Ukrayna, Azərbaycan və Türkiyə kimi uzunmüddətli strateji tərəfdaşlar arasında əməkdaşlıq, eləcə də TDT ilə münasibətlərin dərinləşdirilməsi Xəzər-Qara dəniz regionunda regional təhlükəsizliyin möhkəmləndirilməsinə və iqtisadi inkişafın sürətlənməsinə töhfə verəcək.
- Siz 2025-ci ilin Ukrayna-Azərbaycan strateji tərəfdaşlığı üçün uğurlu il olduğunu qeyd etdiniz. 2026-cı ildə Ukrayna və Azərbaycana nə arzulayardınız?
- Şübhəsiz ki, ilk növbədə ədalətli sülh arzulayıram. Ukrayna və Azərbaycan müharibənin nə demək olduğunu yaxşı bilirlər. Buna görə də biz beynəlxalq hüquqa, ərazi bütövlüyünə və dövlətlərin suverenliyinə əsaslanan ədalətli sülhə ən çox can atırıq.
Ötən il biz səhiyyə sahəsində əməkdaşlıq üçün güclü əsas yaratdıq və bu münasibətlə ölkələrimizin xalqlarına möhkəm cansağlığı arzulamaq istərdim.
Eyni zamanda, 2026-cı ildə dövlətlərimizə rifah, iqtisadi inkişaf, energetika, nəqliyyat, kənd təsərrüfatı, logistika, investisiyalar, təhsil sahələrində yeni uğurlu birgə layihələr və Ukrayna-Azərbaycan strateji tərəfdaşlığının hərtərəfli şəkildə daha da dərinləşməsini arzulayıram.
-
Nida Xəbər 12:20İlham Əliyev açılışda iştirak etdi
-
Dünya11:30Rusiya-Ukrayna müharibəsi rekord qırdı
-
Dünya09:54ABŞ bu ölkəni böhranla üz-üzə qoyur: Süqut edə bilər
-
Sosial09:42Bakı metrosunda yeni tarif? - RƏSMİ AÇIQLAMA VERİLDİ
-
Dünya09:00"SpaceX"in məqsədi yadplanetlilərlə görüşməkdir - Mask
-
Dünya08:49Nazirin evinin qarşısına peyin tökən kişi saxlanıldı
-
Sosial08:37Bölgələrdən gələn bu şəxslər Bakını tərk edəcək - İlin sonuna qədər…
-
Dünya05:45NATO Türkiyədən görün nə tələb etdi







.jpg)













.webp)



.jpg)












