Ombudsman azyaşlıların elektroskuter istifadəsi ilə bağlı qurumlara müraciət etdi
Bizi izləyin

Nida Xəbər

Ombudsman azyaşlıların elektroskuter istifadəsi ilə bağlı qurumlara müraciət etdi

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva elektroskuterlər və digər kiçik elektrik nəqliyyat vasitələrinin istifadəsi zamanı insanların həyat və sağlamlığına təsir edə biləcək risklər və bununla əlaqədar münasibətlərin tənzimlənməsi ilə bağlı yaranmış vəziyyətə bərabərlik hüququnun təmini baxımından münasibət bildirib, səlahiyyətli dövlət qurumuna müraciət ünvanlayıb.

Publika.az xəbər verir ki, müraciətdə qeyd edilib ki, son illərdə elektroskuterlər şəhərdaxili hərəkətdə alternativ nəqliyyat vasitəsi kimi geniş yayılsa da, bu proses yol hərəkəti təhlükəsizliyi ilə bağlı yeni və ciddi risklər formalaşdırıb. Xüsusilə azyaşlıların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin artması narahatlıq doğurur və mövcud hüquqi mexanizmlərin yetərli olmadığını göstərir.

Səbinə Əliyeva vurğulayıb ki, qanunvericilikdə elektroskuterlərin idarə olunması üçün minimum yaş həddi müəyyən edilsə də, bu tələbin real icrası təmin edilmir. Nəticədə yaşı 14-dən az olan uşaqların nəzarətsiz şəkildə ictimai yollarda hərəkəti həm onların həyatı, həm də digər yol hərəkəti iştirakçıları üçün birbaşa təhlükə yaradır.

Ombudsmanın açıqlamasında təhlükəsizlik dəbilqəsindən istifadənin məcburi norma kimi təsbit edilməməsi xüsusilə diqqətə çatdırılıb. Bildirilib ki, texniki imkanlarına görə yüksək sürətə malik elektroskuterlərlə baş verən qəzalar zamanı kəllə-beyin travmaları və ölüm riski əhəmiyyətli dərəcədə artır. Bu baxımdan elektroskuterlərin təhlükəsizlik baxımından velosipedlə eyniləşdirilməsi əsaslandırılmış hesab edilə bilməz.
Açıqlamada qeyd olunub ki, kiçik elektrik nəqliyyat vasitələrinin dövlət qeydiyyatının və identifikasiya mexanizmlərinin olmaması inzibati məsuliyyətin tətbiqini xeyli çətinləşdirir, mövcud istisnalar isə yol hərəkəti iştirakçıları arasında bərabər məsuliyyət prinsipini zəiflədir və cəzasızlıq mühiti yaradır.

Səbinə Əliyeva beynəlxalq təcrübəyə istinad edərək bildirib ki, bir çox ölkələrdə elektroskuterlərin tənzimlənməsində əsas yanaşma onların qadağan edilməsi deyil, təhlükəsiz istifadənin təmin edilməsidir. Yaş məhdudiyyəti, təhlükəsizlik dəbilqəsindən məcburi istifadə, valideyn məsuliyyətinin gücləndirilməsi və effektiv nəzarət mexanizmləri bu sahədə əsas prioritetlər kimi çıxış edir.

Ombudsman 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsini və Bakının Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcəyini xatırladaraq, qeyd olunan münasibətlərin tənzimlənməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib. Bu kontekstdə elektroskuterlərin nəzarətsiz istifadəsinin insanların sağlamlıq hüququna birbaşa təhdid yaratdığı diqqətə çatdırılıb.

Açıqlamanın sonunda Ombudsman elektroskuterlər və digər kiçik elektrik nəqliyyat vasitələri üzrə hüquqi tənzimləmənin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsinin vacibliyini vurğulayaraq, təhlükəsizlik dəbilqəsindən istifadənin məcburi norma kimi müəyyən edilməsi, azyaşlıların qorunmasına yönəlmiş valideyn məsuliyyətinin gücləndirilməsi, dövlət qeydiyyatı və identifikasiya mexanizmlərinin yaradılması, həmçinin inzibati məsuliyyətin bərabərlik prinsipi əsasında tətbiq edilməsinin zəruri olduğunu bildirib.

Qeyd olunub ki, bu tədbirlər mikromobilliyin təhlükəsiz və dayanıqlı inkişafına, yol hərəkəti iştirakçılarının hüquq və təhlükəsizliyinin qorunmasına, eləcə də müasir şəhər mühitində risklərin minimuma endirilməsinə xidmət edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm