Qonaqpərvərlik yüksək səviyyədə idi - Ermənistanda səfərdə olan Muradov
Bizi izləyin

Nida Xəbər

Qonaqpərvərlik yüksək səviyyədə idi - Ermənistanda səfərdə olan Muradov

Cənubi Qafqazda davamlı sülhün əldə olunması istiqamətində aparılan rəsmi danışıqlar fonunda, paralel olaraq xalqlararası etimadın bərpası üçün mühüm addımlar atılır. Bu addımlardan biri də bu yaxınlarda Bakı və İrəvan arasında həyata keçirilən "Sülh Körpüsü" təşəbbüsüdür. Azərbaycan nümayəndə heyətinin ilk dəfə Ermənistana quru sərhədi vasitəsilə keçərək gerçəkləşdirdiyi bu səfər regionda yeni mərhələ, səmimi dialoq və praktiki əməkdaşlıq dövrünün başlanğıcı kimi qiymətləndirilir.

Azərbaycan nümayəndə heyətinin tərkibində Ermənistana səfər edən Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov görüşlə bağlı Teleqraf İnformasiya Agentliyinə müsahibə verib.

Publika.az müsahibəni təqdim edir:

- Bakı və İrəvan arasında "Sülh Körpüsü" təşəbbüsü çərçivəsində baş tutan son görüş barədə təəssüratlarınız necədir? ⁠Görüş zamanı əsas müzakirə mövzuları hansılar idi?

- Təəssüratım çox müsbətdir. Bu, tarixi an idi, çünki böyük nümayəndə heyəti ilk dəfə quru sərhədini keçərək səhər saatlarında Ermənistana getdi. Bu, həm bizim, həm də ümumilikdə hər kəs üçün çox önəmli məqam idi.

Əsas məqam ondan ibarətdir ki, Ermənistan tərəfi ilə görüş xüsusi əhəmiyyət daşıyırdı. Görüş zamanı əsas sülh gündəliyi və hazırkı vəziyyət müzakirə olundu. Bir çox məsələlər, o cümlədən logistika, yolların tikintisi və digər praktiki mövzular ətrafında fikir mübadiləsi aparıldı. Ortada qalan problemlər və gələcəkdə atıla biləcək addımlar da diqqət mərkəzində oldu.

Xüsusilə, vətəndaş cəmiyyətləri arasında əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı etimadı artıra biləcək tədbirlərin həyata keçirilməsi və müxtəlif təşəbbüslərin irəli sürülməsi məsələləri müzakirə edildi. Yeni mərhələdə cəmiyyətlərdə yarana biləcək suallar da əsaslandırıldı.

- Artıq Ermənistana bir neçə dəfə səfər etmisiniz. Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinə münasibət necədir? Hansı yanaşmanın şahidi oldunuz, Ermənistanda müşahidə etdikləriniz sizdə belə bir fikir formalaşdırdımı ki, düşmənçilik mərhələsi artıq geridə qalır?

- Ümumi yanaşma çox müsbət idi. Hamımıza sərbəst şəkildə danışmaq imkanı yaradılmışdı. Bizə, fəaliyyətimizə, eləcə də Azərbaycan və ölkəmizin mədəniyyətinə böyük maraq göstərilirdi və bu istiqamətdə çoxsaylı suallar ünvanlandı.

Qonaqpərvərlik də yüksək səviyyədə idi. Təhlükəsizlik baxımından heç bir ciddi problem yaşamadıq. Təhlükəsizlik Ermənistan tərəfindən təmin olunmuşdu. Həmçinin, bundan əvvəl onların nümayəndə heyəti də ölkəmizə səfər etmişdi, təhlükəsizlikləri bizim tərəfimizdən təmin edilmişdi. Ümumilikdə, proses rahat və sakit şəkildə keçdi.

Açığını desəm, hansısa ciddi narahatlıq və ya təhdid hiss etmədik. Əksinə, müzakirələr əsasən konstruktiv mühitdə aparıldı. Əlbəttə, müəyyən həssas və qarşılıqlı fikir ayrılığı doğuran məsələlər qalır. Məsələn, saxlanılan şəxslərlə bağlı məsələlər, Konstitusiya ilə əlaqədar mövzular və ya referendumla bağlı bəzi detallar hələ də sual doğuran məqamlar sırasındadır.

Bu suallar açıq və səmimi şəkildə müzakirə edildi. Hesab edirəm ki, geri qayıdarkən proseslə bağlı daha çox nikbinlik və optimizm hissi formalaşmışdı.

- Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla keçirilən görüş hansı atmosferdə baş tutdu?

- Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri ilə keçirilən görüşün olduqca konstruktiv keçdiyini deyə bilərəm. Bir sıra mühüm suallar ünvanladıq. Xüsusilə, siyasi məsələlər, xarici siyasət kursu, sülh müqaviləsinə sadiqlik, kommunikasiyaların açılması, eləcə də Türkiyə ilə normallaşma prosesi və digər aktual siyasi mövzular geniş şəkildə müzakirə edildi.

Qeyd etməliyəm ki, suallarımıza kifayət qədər dolğun və əsaslandırılmış cavablar verildi. Ümumilikdə belə bir təəssürat yarandı ki, Ermənistan hökumətində sülh istiqamətində müəyyən qətiyyət və siyasi iradə formalaşıb. Ermənistan rəsmiləri dəfələrlə vurğulayıblar ki, sülh prosesi artıq geridönməz xarakter daşıyır.

Hesab edirəm ki, bu yanaşma xüsusilə avqustun 8-də Vaşinqtonda keçirilmiş görüşdən sonra əldə olunan irəliləyiş və müşahidə edilən tərəqqinin bariz göstəricisidir.

- Növbəti görüş Azərbaycanda keçiriləcəkmi və bununla bağlı dəqiq vaxt müəyyənləşdirilibmi?

- Gələcək görüşlə bağlı hələlik konkret məlumat yoxdur. Səfər planlaşdırılır və tarixlərin təşkilatçılar tərəfindən açıqlanmasını gözləməliyik. Vaxt dəqiqləşdirildikdən sonra ictimaiyyətə məlumat veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm