Dövlət başçısına yönələn təxribat Azərbaycana qarşı atılmış addımdır - Samir Vəliyev
Bizi izləyin

Nida Xəbər

Dövlət başçısına yönələn təxribat Azərbaycana qarşı atılmış addımdır - Samir Vəliyev

“Azərbaycan hər zaman beynəlxalq müstəvidə sülh və sabitliyə fəal töhfə verməyə hazırdır. Dövlətimizin Sülh Şurasına üzv olması Azərbaycanın beynəlxalq nüfuzunun və artan strateji çəkisinin açıq ifadəsidir. Bu addım Azərbaycanın artıq yalnız regional təşəbbüslərlə kifayətlənmədiyini, qlobal sülhün tənzimlənməsində söz sahibi olan ölkələr sırasında yer aldığını təsdiqləyir”.

Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev açıqlamasında deyib.

Deputat bildirib ki, Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzunu həzm edə bilməyən dairələr uğurlarımızdan ciddi “narahatdır”. Onun sözlərinə görə, “sapı özümüzdən olan baltalar” anti-Azərbaycan mərkəzlərinin, erməni lobbisinin əlində alət olaraq həmin dairələrin göstərişlərini icra edirlər: "Prezident İlham Əliyev Vaşinqtonda olarkən onların hotelin qarşısındakı təxribat cəhdləri də bunu göstərir. Müasir dünyada ifadə azadlığı və etiraz hüququ sivil normalarla tənzimlənsə də, Vaşinqtonda şahidi olduğumuz mənzərə göstərir ki, müəyyən dairələr bu anlayışlardan öz çirkin məqsədləri üçün sui-istifadə edirlər. Eyni zamanda, bu, planlı şəkildə hazırlanmış, Azərbaycan dövlətinə, onun rəhbərliyinə və ümumilikdə xalqımıza qarşı nifrət üzərində qurulmuş bir təxribatdır. Bu, siyasi mübarizə deyil, milli hisslərini itirmiş bir qrupun nümayiş etdirdiyi mənəvi aşınmadır".

Millət vəkilinin sözlərinə görə, sosial şəbəkələrdə yayılan görüntülər göstərir ki, məqsəd sadəcə etiraz aksiyası keçirmək deyil, həm də ölkə rəhbərinin təhlükəsizliyi və dövlətimizin nüfuzu ətrafında süni gərginlik yaratmaq olub: "Dövlət başçısına yönələn istənilən təxribat faktiki olaraq Azərbaycana qarşı atılmış addım kimi qiymətləndirilməlidir. Prezident ölkəni beynəlxalq arenada təmsil edir və onun fəaliyyətinə, təhlükəsizliyinə qarşı hər hansı aqressiv davranış dövlətin suverenliyinə və nüfuzuna yönəlmiş cəhd kimi dəyərləndirilir. Bu baxımdan, belə hadisələr daha geniş kontekstdə aparılan qarayaxma kampaniyalarının elementidir. Təxribatın qarşısının alınmasında isə təhlükəsizlik xidmətinin əməkdaşlarının və ABŞ polisinin peşəkarlığı da xüsusi vurğulanmalıdır".

“Bu təxribatçı qrupun Amerika ermənilərinin təşkilatı olan ANCA tərəfindən də təlimatlandırıldığı istisna deyil. Çünki onlar maliyyə aldıqları mərkəzlərin tapşırıqlarını yetirirlər. Lakin bu dairələr unutmamalıdır ki, Azərbaycan güclü dövlətdir və bu cür cılız davranışlarla heç nəyə nail ola bilməyəcəklər. Bunu indiyədək olan təcrübə də təsdiqləyir”, - deyə Samir Vəliyev vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm