Rəqəmsal Azərbaycan: Vətəndaşlara vahid platformada yüksək xidmət
Bizi izləyin

Nida Xəbər

Rəqəmsal Azərbaycan: Vətəndaşlara vahid platformada yüksək xidmət

Rəqəmsal Azərbaycan: Vətəndaşlara vahid platformada yüksək xidmət

Süni intellektin dövlət idarəçiliyindən biznes əlaqələrinə qədər bütün həyatımıza daxil olması və milli təhlükəsizlik strategiyasının vacib komponentinə çevrilməsi fonunda ölkələr qlobal texnoloji dalğaya uyğunlaşmaq, belə demək mümkünsə, “dünya ilə ayaqlaşmaq” zərurəti ilə üzləşib. Bu prosesdə seyrçi qalan dövlətlər təkcə qlobal rəqəmsal transformasiyasından kənarda qalmır, həm də sosial-iqtisadi, hətta milli müdafiə riskləri ilə üzləşirlər. Azərbaycan yeni qlobal çağırışlar qarşısında rəqəmsal transformasiya ilə mümkün riskləri aradan qaldırmaq, həmçinin, sosial-iqtisadi inkişafı optimallaşdırmaq istiqamətdə çevik addımlar atır, bununla milli təhlükəsizlik strategiyasını da təkmilləşdirir.

Bu ilin 11 fevral tarixində ayında Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə rəqəmsal transformasiyada mühüm mərhələnin başlanğıcı oldu. Dövlət başçısının müşavirədə çıxışı, rəqəmsallaşma ilə bağlı dövlət orqanlarının qarşısına qoyduğu vəzifələr ölkənin yeni rəqəmsal arxitekturasının yaradılması hədəfində “Yol xəritəsi” idi. Müşavirədə müəyyən edilmiş prioritetlərə uyğun olaraq, “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” təsdiqləndi. İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik üzrə Strategiya, Rəqəmsal İnkişaf Konsepsiyası və Süni İntellekt Strategiyası ilə uzlaşdırılan Fəaliyyət Planında rəqəmsal transformasiyasının bütün istiqamətləri – bu sahənin inkişafı, prioritetlər və icra mexanizmləri öz əksini tapır.

Rəqəmsallaşma, süni intellekt, innovasiya ekosisteminin inkişafı və kibertəhlükəsizlik olmaqla dörd əsas istiqamət üzrə qurulan Fəaliyyət Planının icrası istiqamətində artıq praktiki addımlara start verilib. Prezident İlham Əliyevin 27 fevral 2026-cı il tarixli Fərmanı ilə yaradılan Rəqəmsal İnkişaf Şurası qarşıdakı üç il ərzində dövlət idarəçiliyinin optimallaşdırılmasından tutmuş təhsilə qədər nəhəng texnoloji yenilənmə proqramının icrasını həyata keçirəcək. Rəqəmsal İnkişaf Şurasının iyunun 29-da Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə keçirilən ilk iclasında Fəaliyyət Planının icrası, rəqəmsal inkişaf sahəsində qanunvericilik islahatları və təhsilin rəqəmsallaşdırılması istiqamətində görülən işlər müzakirə olundu, atılacaq addımlar müəyyənləşdirildi. Birinci vitse-prezident Mehriban Əliyeva iclasda bildirdi ki, qarşıdakı üç il üçün rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və innovasiya ekosisteminin inkişafını təmin edən konkret Yol xəritəsi müəyyən olunmuşdur.

“Şuranın əsas vəzifəsi müxtəlif dövlət qurumlarının fəaliyyətini əlaqələndirməkdən, vahid yanaşma formalaşdırmaqdan və qəbul edilən qərarların vaxtında və səmərəli həyata keçirilməsinin icra olunmasını təmin etməkdən ibarətdir. Bizim məqsədimiz yalnız yeni texnologiyaları tətbiq etmək deyil, eyni zamanda, ölkə iqtisadiyyatına güclü təkan verilməsi, yeni müasir innovasiya ekosisteminin formalaşdırılması, yerli və xarici investisiyaların ölkəyə cəlb olunması, yerli startaplara dəstək göstərilməsi və daha səmərəli dövlət idarəetmə sisteminin yaradılmasıdır”, - Birinci vitse-prezident bəyan edib.

Süni intellektin strateji əhəmiyyətini vurğulayan Birinci vitse-prezident çıxışında mühüm məqama toxundu. Bildirdi ki, məqsəd Azərbaycanı rəqəmsal inkişaf və süni intellekt sahələrində regionun aparıcı dövlətlərindən birinə çevirməkdir. Bu məqsədlə beynəlxalq təcrübə öyrənilməli, uğurlu modellərdən istifadə edilməlidir, lakin bütün qərarlar Azərbaycanın milli maraqlarına və ehtiyaclarına cavab verən amillərə əsasən qəbul olunmalıdır.

Azərbaycan rəqəmsal transformasiya ilə təkcə qlobal texnoloji dalğa qarşısında milli maraqlarının müdafiəsi strategiyasını həyata keçirmir, eyni zamanda, burada sosial dövlət siyasətinə uyğun olaraq, vətəndaşa xidmət prinsipi əsas istiqamətdir. Rəqəmsal İnkişaf üzrə Fəaliyyət Planının hədəfləri və icra edilən işlər bunu deməyə əsas verir: rəqəmsallaşmaya keçid məqsədilə dövlət qurumları üzrə yol xəritələri hazırlanır, Milli Məlumat Hövzəsi yaradılır, dövlət informasiya sistemləri hökumət buluduna miqrasiya olunur, “mygov” platforması genişləndirilir, süni intellekt həllərinin tətbiqi və milli kibertəhlükəsizlik infrastrukturu formalaşdırılır; rəqəmsal inkişaf sahəsində genişmiqyaslı qanunvericilik islahatları hazırlanır; təhsil sisteminin rəqəmsallaşdırılması, “Rəqəmsal məktəb” layihəsinin icrası, elektron təhsil xidmətlərinin genişləndirilməsi və tədris prosesinin rəqəmsal transformasiyası istiqamətində işlər həyata keçirilir;

Rəqəmsallaşmanın vətəndaşlar üçün ən böyük üstünlüyü təkcə bürokratiyanın yox, həm də pərakəndliyin aradan qaldırılmasıdır, xüsusilə vahid ekosistemin yaradılması dövlət xidmətlərindən istifadəni kifayət qədər asanlaşdıracaq. Hazırda müxtəlif tətbiqlərdən istifadə etməklə bir çox dövlət xidmətindən yararlanmaq mümkündür, misal üçün, “e-Sosial”, “e-Təbib”, “e-Polis” və s. Bu vətəndaşa xidmət səviyyəsini yüksəldir, lakin pərakəndəlik problemi də günümüzün reallığıdır. Vətəndaş dövlət xidmətlərindən istifadə etmək məqsədilə müxtəlif tətbiqlər yükləmək və ayrı-ayrılıqda müraciət etmək məcburiyyətində qalır. Rəqəmsal inkişaf üzrə Fəaliyyət Planının icrası ilk öncə bu pərakəndəliyi aradan qaldıracaq və vahid ekosistemin yaradılması ilə bütün xidmətlər bir çətir altında toplanacaq. Vətəndaşlar “mygov”, sahibkarlar isə “mygov biznes” platformasında bütün xidmətlərdən yararlana biləcək.

Artıq “e-Sosial”, “e-Təbib” və “e-Su” tətbiqləri tam şəkildə, “e-Polis”, “Mobil Notariat”, “Azərişıq”, “Reseptim”, “e-Səhiyyə”, “MigAz” və “ASAN Müraciət” tətbiqlərinin isə “maygov” platformasına inteqrasiya olunub. Bu xidmətlərin platformaya tam inteqrasiyası ilin sonuna qədər reallaşdırılacaq.

Rəqəmsallaşmanın ən böyük üstünlüklərindən biri vətəndaşlara proaktiv xidmətin göstərilməsi, yəni “yalnız bir dəfə” prinsipinin tətbiq edilməsidir. Bu prinspin tətbiqi ilə vətəndaşların bütün məlumatları “Məlumat Hövzəsi”ndə toplanacaq, dövlət qurumları təkrar sənəd tələb etməyəcək, nəticədə həyatımız daha da asanlaşacaq. Bunu konkret nümunələrdə belə izah etmək mümkündür.

- Vətəndaşın əmək pensiyasının zamanı çatanda müraciət etməyə, hansısa sənədlərin arxasınca düşməyə ehtiyac qalmır, əksinə, pensiya “Məlumat Hövzəsi”ndəki məlumatlara əsasən avtomatik qaydada təyin olunur;

- Övladınız anadan olanda doğumla bağlı məlumat sistemdə qeydə alındıqdan sonra valideynin müraciət etməsinə ehtiyac olmadan birdəfəlik müavinət verilir;

- Şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu və ya sürücülük vəsiqəsinin etibarlılıq müddəti başa çatmazdan əvvəl vətəndaşlar avtomatik olaraq məlumatlandırılacaq. Beləliklə, əlavə inzibati çətinliklər yaranmadan sənədin vaxtında yenilənməsi imkanı yaranacaq.

- Səfərbərlik üzrə hərbi xidmətə tibbi müayinəyə çağırışlar da rəqəmsal formada həyata keçiriləcək. Bu, çağırışçıların vaxtında məlumatlandırılması və çağırış prosesinin sürətlənməsi deməkdir.

Bu və bu kimi xidmətlərin rəqəmsal formada həyata keçirilməsi vətəndaşlara daha yüksək səviyyədə xidmət göstərmək imkanlarını genişləndirəcək. Son üç ayda “mygov” platformasından istifadənin 2,7 milyondan 3,5 milyona yüksəlməsi – 30 faiz artması da rəqəmsallaşmanın vətəndaşların həyatında yaratdığı üstünlükləri təsdiq edir. Artıq sürücülük vəsiqəsini dəyişdirmək istəyənlər bu prosesi tam şəkildə “mygov” üzərindən həyata keçirə bilir. Şəxsiyyət vəsiqəsi, pasport kimi sənədlərin alınması, yaxud dəyişdirilməsi də yaxın gələcəkdə tam şəkildə bu platformada mümkün olacaq. Ali təhsil müəssisələrinə qəbul olunan şəxslərin, eləcə də məktəbəqədər təhsil müəssisələrinə gedən uşaqların da qeydiyyatı “mygov” üzərindən həyata keçiriləcək. Platformada yeniliklər arasına Ədliyyə Nazirliyi üzrə notariat xidmətləri olan azyaşlının ölkəni tərk etməsi üçün razılıq ərizəsinin əldə edilməsi və tərcümə sənədlərinin təsdiqi kimi xidmətlər də daxildir.

Ən önəmli hədəflərdən biri də vətəndaşa fərdiləşmiş xidmətlərin göstərilməsini təmin etməkdir. Bir vətəndaş haqqında müxtəlif dövlət qurumlarında fərqli məlumatların olması fərdiləşmiş xidmətlərin göstərilməsinə imkan vermir, bu problemi həll etmək məqsədilə dövlətə məxsus datanın dürüstlüyünü, tamlığını və dəqiqliyini təmin edən mərkəzləşdirilmiş dövlət məlumat hövzəsinin yaradılması istiqamətində işlər həyata keçirilir. Bu platforma dövlət qurumlarında toplanan məlumatlara analitika və süni intellekt texnologiyalarının tətbiqi ilə vətəndaşın ehtiyaclarını əvvəlcədən müəyyən etməyə, ona fərdiləşdirilmiş və proaktiv xidmətlərin göstərilməsinə imkan verəcək.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlara xidmət göstərəcək “mygov Biznes” platforması üzərindən də işlər yekunlaşmaqdadır. Bu, sahibkarlar üçün dövlət xidmətlərindən vahid məkandan yararlanmaq imkanı yaradacaq ki, nəticədə biznesin inkişafına yeni imkanlar yaranacaq.

Fəaliyyət Planının icrası istiqamətində görülən işləri və hədəfləri təhlil edəndə rəqəmsal transformasiyanın milli maraqlara əsasən həyata keçirilməsi və vətəndaşlara daha yüksək səviyyədə xidmətin göstərilməsi olduğu aydın olur. Bu hədəflərin reallaşması qarşıdakı üç il ərzində Azərbaycanı qlobal rəqəmsal dövlətlərindən birinə çevirəcək.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm