Nida Xəbər
Qonşunu izləyən kamera qanunsuz sayıla bilər - Ali Məhkəmə
Yaşayış binalarının dəhlizlərindəki qonşunu izləyən kameralar qanunsuz sayıla bilər.
Publika.az xəbər verir ki, bu barədə Ali Məhkəmədə baxılan iş əsasında qərar qəbul olunub.
Belə ki, məhkəmənin baxdığı işdə tərəflər yaşayış binasının eyni girişində eyni mərtəbəsində yaşayan qonşular olub. Mübahisə cavabdehin ümumi dəhlizdə və öz mənzilinin giriş hissəsində kameralar quraşdırmasının qonşunun şəxsi həyatın toxunulmazlığı hüququnu pozub-pozmadığı ilə bağlı olub.
Ali Məhkəmə qeyd edib ki, hər bir şəxs öz mənzilinin və əmlakının təhlükəsizliyini təmin etmək üçün müşahidə kamerası quraşdıra bilər. Ancaq bu hüquq həyata keçirilməsi digər şəxslərin şəxsi həyatına qanunsuz müdaxilə təşkil etməməlidir.
Qərarda vurğulanır ki, şəxsi həyat anlayışı yalnız mənzilin daxilində baş verən hadisələrlə məhdudlaşmır. Şəxsin mənzilə nə vaxt daxil olub-çıxması, onu kimlərin ziyarət etməsi, gündəlik həyat ritmi, eləcə də təsvirinin davamlı şəkildə qeydə alınması onun şəxsi həyatına aid məlumatlardır. Buna görə də bu məlumatların sistemli şəkildə toplanmasına imkan verən müşahidə şəxsi həyata müdaxilə hesab oluna bilər.
Ali Məhkəmənin hüquqi mövqeyinə görə, çoxmənzilli yaşayış binasının ümumi istifadədə olan dəhlizini və ya digər mənzillərin giriş hissələrini əhatə edən müşahidə kamerası yalnız həmin dəhlizə çıxan qonşuların razılığı olduqda quraşdırıla bilər.
Əgər belə razılıq yoxdursa, təhlükəsizlik məqsədilə quraşdırılan kameranın görüntü bucağı yalnız onu quraşdıran şəxsin mənzilinin giriş hissəsini əhatə etməlidir. Kamera dəhlizi, liftin qarşısını, digər qonşuların mənzillərinin girişini, onların mənzilə giriş-çıxışını və ya təsvirini davamlı şəkildə qeydə almamalıdır. Kameranın görüntü dairəsi zəruri həddi aşaraq qonşuların mənzillərini və onların hərəkətlərini əhatə edərsə, bu artıq Konstitusiya ilə qorunan şəxsi həyata müdaxilə sayılır.
Konkret iş üzrə Ali Məhkəmə yalnız mənzilin qapısı üzərində quraşdırılmış kameranın görüntü bucağının həmin mənzilin giriş hissəsi ilə məhdudlaşdırılmasını, ümumi dəhlizi və qonşuların mənzillərini əhatə edən digər kameranın isə sökülməsini qərara alıb. Məhkəmə bu yanaşmanı tərəflərin hüquqları arasında ədalətli balansın təmin edilməsinə yönəlmiş, zəruri və proporsional tədbir hesab edib.
Həmçinin məhkəmə hesab edib ki, şəxsin iradəsi xaricində uzun müddət müşahidə olunması və təsvirinin müntəzəm qeydə alınması onda daimi izlənildiyi hissini yarada, psixoloji narahatlıq və mənəvi iztirablara səbəb ola bilər. Belə hallarda şəxsi həyata qanunsuz müdaxilə sübuta yetirilərsə, mənəvi zərərin ayrıca sübut edilməsinə ehtiyac yoxdur. Hüquqazidd müdaxilənin özü mənəvi zərərin mövcudluğu barədə prezumpsiya yaradır və əksini iddia edən şəxs bunu sübut etməlidir.
Bu hüquqi mövqeyə əsaslanaraq Ali Məhkəmə qonşunun şəxsi həyat hüququnun pozulduğunu qəbul etməklə yanaşı, onun xeyrinə mənəvi zərər əvəzinin tutulmasını da qanuni hesab edib.
-
Magazin117 İyul 21:39Ömər Eldarov xəstəxanaya yerləşdirildi
-
ABŞ17 İyul 19:40Trampın İrandakı yeni hədəfi - Video
-
Dünya17 İyul 19:307,4 ballıq zəlzələ bu ölkəni silkələdi - Sunami təhlükəsi elan edildi
-
Ekopublika.az17 İyul 19:00Bakıda torpağın və fərdi evlərin dəyəri nə qədər artıb? - Son statistika
-
Elm və təhsil17 İyul 16:44Qəbul imtahanının nəticələri açıqlandı
-
Nida Xəbər 17 İyul 14:58AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib - Lavrov
-
Nida Xəbər 17 İyul 13:43Azərbaycanın döyüş təyyarələri səmaya qalxdı - FOTO
-
Nida Xəbər 17 İyul 12:51Baş nazir Samir Şərifovu sədr - TƏYİN ETDİ












.webp)





.jpg)



















