Digər
Sarkisyan “Putin dərsi”ndən neçə alacaq?
Prezident İlham Əliyev martın sonunda Vaşinqtonda keçiriləcək nüvə təhlükəsizliyi sammitində iştirak edəcək. Azərbaycanın qlobal və regional təhlükəsizlik məsələlərində oynadığı rol, Cənubi Qafqazda maraqları olan super güclərin diqqət mərkəzində olması, eləcə də İlham Əliyevin siyasi lider olaraq nüfuzu bu dəvətdə xüsusi paya sahibdir. Burası aydındır.
Vaşinqtondakı sammit həm də Ermənistan prezidenti Serj Sarkisyanın
iştirakı ilə də diqqət çəkir. Doğrudur, bu haqda rəsmi məlumat
yoxdur, amma erməni mediası Sarkisyanın okeanın o tayına uçmaq üçün
indidən hazırlaşdığını xəbər verir.
Əgər həqiqətən də Sarkisyan okeanın o tayına uçsa, bu,
prezidentlərin görüşəcəyinə dair ehtimalları gücləndirir. Əslində
Ağ Evin bu imkanı qaçırmayacağı ehtimalı daha böyükdür.
2015-ci ildə nə Rusiya, nə də ABŞ prezidentlərin görüşünü təşkil
edə bilmədi. Yalnız ilin sonunda Berndə münaqişə tərəflərinin
liderləri bir araya gəldi. Bu görüş də daha çox Minsk qrupu
həmsədrlərinin hesabat xarakteri daşıyırdı.
Türkiyə-Rusiya gərginliyin artması və Cənubi Qafqazda böyük
güclərin maraqlarının toqquşması fonunda Dağlıq Qarabağ
münaqişəsinə diqqət artıb. Lakin söhbət münaqişənin həllindən yox,
daha çox kimin həll edəcəyi uğrunda mübarizədən gedir.
ABŞ münaqişənin həllində təşəbbüsü ələ almaq, beləliklə, Rusiyanın
bölgədə mövqelərini zəiflətmək istəyir. Bu baxımdan, Vaşinqtonda
prezidentlərin bir araya gəlməsi üçün birbaşa Ağ Evin israr edəcəyi
gözləniləndir.
Vladimir Putinin Sarkisyanı Moskvaya dəvət etməsi və bağlı qapılar
arxasında tapşırıqlar verməsi də müəyyən mənada Vaşinqton sammitinə
hesablanmışdı. Belə demək mümkünsə, Moskva münaqişədə təşəbbüsü heç
kimə vermək niyyətində deyil.
“Prezidentlər mütləq görüşməlidirsə, nə üçün görüş yeri Moskva yox,
Vaşinqton olmalıdır”.
Kremlin yanaşmasını belə qiymətləndirmək olar. Əslində 2014-cü ildə
“avqust müharibəsi” adını alan şiddətli qarşıdurmalardan sonra
Putinin prezidentləri Soçiyə dəvət etməsi də bu məqsədə xidmət
edirdi. Təsadüfi deyildi ki, Qərb Soçi görüşündən dərhal sonra
Paris görüşünü keçirdi.
İndi də təxminən eyni vəziyyət yaranıb: kim qabağa düşəcək?
Moskva yəqin ki, İrəvan-Bakı təmasını yaratmaq istəyir. Lavrovun
köməkçisi Karasinin Bakı səfəri, ardınca Sarkisyanın Moskvaya
dəvəti bu versiyanı gücləndirir. Lakin burada bir sıra amillər
“Soçi uğuru”nun təkrarlanmasını əngəlləyə bilər:
- Yaxın Şərq və Ukrayna kimi yeni problemlərlə üzləşən
Rusiyanın hazırda Qarabağa diqqət ayırmaq marağında və iqtidarında
deyil.
- Türkiyə-Rusiya qarşıdurması regionda daşları yerindən
oynadıb.
- Moskva Sarkisyanı görüşə razı salsa da, Bakı heç nə vəd
etməyən təmasa maraq göstərmir. Xüsusilə Rusiyanın Ermənistana
silah verməsindən sonra Moskvanın münaqişədə ədalətli mövqeyi açıq
şəkildə şübhə altına düşüb.
Bu situasiya ABŞ-a sərf edir. Buna görə Vaşinqtonda prezidentlərin bir araya gəlməsi üçün amerikalıların ciddi səy göstərəcəyini deyə bilərik.
Sarkisyanın Moskva səfərinə mümkün Vaşinqton görüşü prizmasından
baxanda daşlar yerinə oturur. Görünür, Rusiya prezidentlərin
görüşünə nail ola bilməyəcəyini və təşəbbüsün tədricən ABŞ-ın əlinə
keçəcəyini anlayır. Lakin Putin öz iradəsindən kənar baş tutacaq
görüşdə Sarkisyanın onu “təmsil etməsini” istəyir. Hesab etmək olar
ki, Putin Sarkisyana Vaşinqtonda özünü necə aparmağı, hansı sözləri
deməyi, hansı məqamda irəli gedib, hansında geri çəkilməyi və hansı
mühüm məsələlərdə razılaşmamağı tapşırıb. Sarkisyanın aldığı dərsi
nə qədər əzbərlədiyini və neçə qiymət alacağını isə qarşıdakı
günlər göstərəcək.
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə25 Oktyabr 19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ


























