Digər
Kamal Abdullaya təbrik
Elə adamlar və elə mövzular var ki, onlar barədə yazanda gərək hər şeydən və hamıdan təcrid olunasan. Yoxsa istədiyin kimi alınmır. İstədiyin kimi alınmayanda əsəbiləşirsən, narahat olursan, fikirlərinin ipi qırılır, sənin əhvali-ruhiyyən kənardakılara da təsir edir.
Haradan tapasan vaxtı, sakitliyi, rahatlığı ki, oturub ürəyindən tikan çıxaran yazını yazasan ilin-günün bu vaxtında? Bir gözün redaktə eləməli olduğun yazıların qovluğunda – amandır, nəyisə qaçırmayım, bir gözün e-mail-də - “yanan” xəbər ola bilər, bir qulağın telefonda – kiməsə nəsə lazım ola bilər, bir qulağın otaqda. İşdə belədir, evdə də...
Nəsə, belə bir qaçaqaçda, qovaqovda ən sevdiyin yazıçıya, dosta təbrik yazısı yaz. Yazmasan, olmaz. Ürəyindən daş kimi asılıb qalacaq. Amma budur, kompüter vərəqəni açırsan və sözlər başlayır ard-arda gəlməyə. Başqa yazılarımda da demişəm, Kamal Abdulla adının, imzasının, sözünün qəribə sehri var – başladınsa, dayana bilmirsən, paralellərlə, alternativlərlə düşünməyə başlayırsan və elə başqa, indi içərisində olduğundan ayrı, fərqli, amma daha doğma bir məkana düşürsən – yad bir planetə. Elə bir planetə ki, sən orada olduğundan daha çox özünsən, sən orada olmaq istədiyin sənsən, sənə heç kəs mane olmur, səni heç kəs orbitindən çıxarmır...
Çoxdandır görüşmək imkanımız olmur, görünür, ruhi yaxınlıq həm də həyat tərzinə keçir – gərgin iş, çoxsaylı dostlar-tanışlar, görmək istədiyin və istəmədiyin, amma boynunda öhdəlik kimi asılıb qalan borclar, öz problemlərin, daha çox başqalarının problemləri. Aşağı-yuxarı, eyni vəziyyətdi, təbii, onda daha çox, məndə daha az...
Ruhi yaxınlıqdan danışdım, əslində, bu yaxınlığı duymaq üçün onunla şəxsən tanışlığa ehtiyac yox idi ki. Kitabları, müsahibələri, qəzetlərdəki yazıları vardı, ondan tez-tez danışan rəhmətlik Elçin Səlcuq, onun həmişə yaddaşımda yaşayacaq xatirələri var, evdə ondan danışan atam, qonşuluqda əmim var, televerilişlər var. Bundan kənarda, ikimizin də sevdiyimiz "Dədə Qorqud" dastanları var, nağıllar, yunan mifləri var, Xətai var, Borxes var, nə bilim, bizi birləşdirən dəyər – ədəbiyyat və onun əsas missiyası işıq var...
İşıqdan çox inam var – yağışların aşağıdan yuxarı yağa biləcəyinə, Parisin almanı Afroditaya yox, Heraya verə biləcəyinə, Mağara ruhuna, hər şeyin gördüyümüzdən daha fərqli ola biləcəyinə, gördüklərimizin illüziyadan ibarət ola biləcəyinə...
Hərdən mənə elə gəlir ki, onunla, yazılarıyla vaxt keçirmək ona görə xoşdur ki, o, hər şeyə kənardan baxmağa vadar edir, özündən kənara çıxmağa. Bu kənar təkcə yuxarı – göy qatı deyil, həm də yerdir, sağdır, soldur, aşağıdır – nəsə çoxüzlü bir məkandır. Oradan özünə və ətrafa baxıb, sonra yenidən öz yerinə qayıdırsan. Fikirləşirsən, suallar verirsən, onları yadında saxlayırsan ki, müəllifə ünvanlayıb mütləq həqiqəti öyrənəsən, yaxşı, lap mütləq həqiqət yoxdur, bəs yazıçının ki öz həqiqəti var. Görüşə tələsirsən, yaxınlaşırsan, sözarası səni narahat edən mətləblə bağlı suallarını verirsən, amma müəllif burada da gülümsəyir, heç vaxt öz yozumunu sırımır. Səni öz suallarınla baş-başa qoyur. Qoyur ki, özün düşünəsən, cavablar arasında baş sındırasan, buradan bir variantı seçib-seçməmək də sənin ixtiyarında qalır...
Maraqlısı budur ki, Kamal Abdulla söhbət zamanı mütaliəsiz müsahibini incitmir, ona biliksizliyini hiss etdirmir, əksinə, hər dəfə ən kiçik uşaqdan belə nəsə öyrənməyə çalışır. Bu, yaxşı insani keyfiyyət olmaqla bərabər, həm də yazıçı mətbəxinin sirridir. Bəzən dərslərində fikir verirəm, danışa-danışa dayanır, düşünür, ağlına yeni gələn ideya, fikir, lap elə bircə sözü tapıb hafizəsindəcə qeyd edir ki, yeni mətnində işlətsin və işlədir də. Daim axtarışda olmaq – özünü başqalarına təsdiq etdirikdən sonra belə, özüylə barışmamaq – bu adamda, bu yazıçıda ən çox bu cəhəti sevirəm.
Bəzən uşaq kimi inciyir, gileylənir və dərhal da incidiyi, gileyləndiyi adamlar üçün bəhanələr tapır.
Mən bir şeyə əminəm, uğurları onun yazıçı kimi lazımi qiymətini almasına həmişə mane olub. Bilirəm ki, Bakı Slavyan Universitetinin rektoru olanda da, indi – millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri işləyəndə də çoxları onun haqqında rəy bildirməyə əziyyət çəkirlər – kənardan başqa cür görünə bilər axı. Amma mətn mətndir, onun sahibinin kim olmasının heç bir önəmi yoxdur. Üstəlik, Kamal müəllimin qapısı hamının üzünə açıqdır – həmişə və hər yerdə...
Bu gün onun doğum günüdür, nə sirdirsə, mənə ən doğma adamların
çoxu bu ayda doğulub, təsadüflərə inanmıram. Nə sirdirsə, iki-üç
aydı hər dəfə görüşünə getsəm də, görüşmək imkanımız olmur, daha
doğrusu, bilirəm, işləri çoxdur, görüşmək istəyənlər ondan da
çoxdur. Mən öz növbəmi gözləyirəm. Gözləyirəm ki, ürəyimiz istəyən
qədər ədəbiyyatdan və həyatdan danışmağa imkan olsun, qapıların
açılıb-örtülməsi fikirlərimizi yayındırmasın, telefon zəngləri
sirli dünyadan ayırıb geri qaytarmasın, gözləyirəm ki, sərbəst vaxt
tapıb, sonuncu hekayəsini diqqətlə oxuya bilim – çünki onu oxumaq üçün, təkrar edirəm, mütləq şəkildə
sakitlik və təklik lazımdır, çünki hər cümlədəcə dayanırsan, bəzən
fikirlərində ardı özün yazırsan - sənin öz süjetin yaranır, bəzən
qeydlər edirsən ki, növbəti yazını yazasan...
Bilirəm, bu yazı sistemsiz oldu, süjeti-konstruksiyası yerində
olmadı, amma təbrik mətni elə belə olur – ekspromt, ədavalarsız,
“ütüsüz-nişastasız”. Ədvaları – duzu və təbii ki, istiotu isə
növbəti yazılar üçün saxlayıram.
Kamal müəllim, ad gününüz mübarək! Sizə çox şeyi arzulaya bilərəm,
amma icazə verin, xahiş edim: daha çox yazın, yazın, oxuyaq, biz də
yazaq...
-
Qoroskop00:10
Günün qoroskopu: Maliyyə məsələlərində diqqətli olun!
-
Hadisə6 Yanvar 23:55
Azərbaycan-İran sərhədində zəlzələ oldu
-
Sağlamlıq6 Yanvar 23:41
Yeni virusun Azərbaycanda yayılma ehtimalı yüksəkdir: Necə qorunmaq olar? - VİDEO
-
Dünya6 Yanvar 22:20
Trüdo istefa verdi
-
Sosial6 Yanvar 21:43
Yanvar ayında daha 8 gün iş olmayacaq
-
Magazin16 Yanvar 21:19
Aygün Bəylərin bacıları arasında miras QALMAQALI
-
İdman6 Yanvar 19:45
Lamiyənin evləndiyi əcnəbinin kimliyi bilindi - FOTOLAR
-
Nida Xəbər 6 Yanvar 18:35
Azərbaycan XİN-dən Makrona CAVAB