Hərəyə bir qadın döyək
Bizi izləyin

Digər

Hərəyə bir qadın döyək

Tanıyanlar bilir ki, heç vaxt qadın hüquqlarından ağızdolusu danışmamışam, bunun da səbəbləri var. Normal şərtlərdə böyümüşəm, vəzifələrimi bilmişəm, sərhədlərimi tanımışam, ali təhsil almışam, yaxşı kollektivlərdə çalışmışam, ağlım kəsəndən çörəyim sözdən çıxıb, ac qalmamışam, heç vaxt heç yerdə özümlə bağlı xüsusi qadağalarla qarşılaşmamışam, bir insan kimi hüquqlarımı bilmişəm və onları tapdayacaq adamlarla da rastlaşmamışam. Rastlaşmaq ehtimalı da məni qorxutmur, çünki qapının yerini bilirəm, fərqi yoxdu, onu bərk çırpdım, ya sakitcə o biri üzdən bağladım...

Heç feminizmdən danışanlara da bəh-bəhlə qulaq asmamışam. Qıcıq yaradıb, süni hesab eləmişəm, çünki bilirəm, cəmiyyətin, xüsusən də kişilərin diqqətini çəkməyin ən yaxşı yolu onların qüruruna toxunmaqdan keçir. Belə adi, ən sıradan qadının da istifadə edə biləcəyi üsullara əl atmağı özümə yaraşdırmamışam.

Amma son vaxtlar görürəm ki, son vaxtlar Azərbaycanda qadınların mövqeyi xeyli zəifləyib. Bu, artıq qadın həmrəyliyi deyil, bu, zəifi qorumaq instinktidir. Etiraz etməyə hazırlaşmayın, dorğudan da, feminizm mövqeli açıqlamalar, müsahibələr, şeirlər-hekayələr, yazılar azalıb. Hərçənd əzilmiş qadının vulqar aqressiyası – qısa ətəkdə, çağırışçı baxışlarla qəzet səhifələrindən, kitabların üz qabıqlarından, saytların köşə pəncərələrindən boylanan qızların görünüşü də mənə xoş deyil. Sözüm başqadır, əvəzində, ümumən qadınlara münasibətin dəyişdiyini hiss edirəm. Əlbəttə, pis tərəfə. Mediadan, ictimai rəyin reaksiyasından – avtobusda, küçədə, televizorda gördüklərimdən, eşitdiklərimdən.

Bu, çox diqqətçəkən məqamdır. Və istər-istəməz səbəblər də maraqlı gəlir. Ona görə də, gəlin fikirləşək. Nə baş verir? Cavab aydındır. Qadın qorxur, qorxu – təhlükənin varlığından xəbər verir. Qəzetlərin manşetlərinə, saytların əsas xəbər başlıqlarına baxsaq və ciddi-ciddi düşünsək, məsələ aydın olacaq. Söhbət qadına qarşı zorakılıqdan gedir.

Qadın, təbii ki, kişidən qorxur. Çünki kişi fiziki cəhətdən güclüdür, minilliklərdən keçib gələn, möhkəmlənən hakim mövqeyə malikdir, o, ailə başçısıdır, ailənin maddi təminatçısıdır, bütün təşəbbüslər ya ondan gəlməlidir, ya da bu təşəbbüsləri elə qələmə verməlisən ki, sanki bütün ideyanın müəllifi elə başından kişi olub. Və üstəlik, bu layihənin icraçısı da kişi olmayacaq.

Onun sözünün üstündən söz demək olmaz. Məsələn, onunla bazara gedirsən – bu hissəyə toxunmuram ki, o boyda adamı, yorğun-arğın kişini yerindən təprədib bazaradək niyə gətirirsən və ya sonda dolu zənbilləri kim daşıyacaq, bunlar başqa söhbətin mövzusudur – təsadüfən könlünüzdən bir kilo alma almaq keçir, baxıb görürsən ki, ərinin seçdiyi almalar çürükdür, nəbadə bunu dilə gətirəsən, xüsusən də satıcının yanında, evin yıxıldı, sən sus, qoy alsın, evdə də ona irad söyləmə, o isə çürük almaları dişinə çəkib tüpürsün, sən dillənmə, düşün ki, onsuz da, ürəyində özünü söyür. Amma başqa ssenari də var, deyəcək ki, kor idin, niyə qoyurdun bunları almağa?

Başqa bir misal. İkiniz bir yerdə getdiyiniz mənzilin yolunu səhv salmısınız, qətiyyən ona ünvanı kimdənsə soruşmağı təklif etmə, iki-üç saat dolanandan sonra ya yeri özünüz tapacaqsınız, ya da kor-peşman geri dönəcəksiniz. Niyə? O, kişidir axı, o, hər şeyi bilir, özü də başqa kişilərdən daha yaxşı bilir...

Bəs yaxşı, qadın kişidən niyə qorxur? Çünki çölə atıla bilər, bu halda böyük ehtimalla uşaqları da onun qoltuğuna verəcəklər, bundan sonra ata evində başıqaxınclı yaşamağa məcbur olacaq, üstəlik, çöldə-bacada kişilərin çəpəki baxışları, qadınların istehzalı təbəssümləriylə qarşılaşacaq, söz-söhbət də ki... bitməyəcək. Nəbadə, əynində yeni paltar görsünlər, nəbadə bir gün unudub, kosmetikasını adi günlərdə olduğundan çox eləyə, nəbadə bir gün evə bir saat gec gələ, hələ mən onun axşamçağı taksidən düşməsini, küçədə təsadüfən tanışıyla salamlaşmasını demirəm, qalsın qadının özünə maşın, ya ev alması. Heç kəs inanmayacaq ki, o qadın böyük, ciddi bir layihəyə imza atıb, ya konkret halda hansısa iri əsəri tərcümə edib və sair və ilaxır. Bu təfərrüat barədə düşünmək kimin nəyinə lazımdır axı? Hazır damğa var da, kiməsə qara yaxmaq üçün əlavə düşünmək vaxt aparır. Niyə beyinlərini yorsunlar ki...

Buna görə qadın döyülməyinə, söyülməyinə razıdır. Bir haşiyə çıxım. Bir müddət əvvəl əyalətdə yaşayan bir xanım e-mailimə yazıb, məndən məsləhət istədi ki, ziyalı xanımsınız, mənə çıxış yolu göstərin, ərim hər gün məni də, uşaqlarımı da döyür, içkili gəlir və sair və ilaxır. Dedim, bu hal mütəmadi təkrarlanırsa, polisə müraciət edin. Dedi, olmaz, qorxuram. Yazdım ki, hüquq müdafiəçiləri ilə danışın, vəkilə müraciət edin, dedi, bu da olmaz, son variant kimi təklif elədim ki, məsələni öz valideynlərinə söyləsin. Cavab yazdı ki, nə danışırsınız, mənə deyiblər ki, sən oradan kəfəndə çıxacaqsan. Hə, burada yalnız bir cavab vardı: “Bəs mənə niyə yazmısınız?” Yox, bunu soruşmadım, daha pis variantı dedim: “Tək siz yox, uşaqlarınız da”...

Hə, bizim mentalitet ərdən, atadan, qardaşdan, nişanlıdan şikayət etməyə imkan vermir. Amma öldürmək olar. Fərqi yoxdu, nə səbəbdən – doğrudan, ortada namus məsələsi var, ya yoxdur, onsuz da axırda belə bəraət qazandırırlar – “əxlaqsızlıq edirdi”. Az qala hər gün belə xəbərlər eşidirik: “qardaş bacısının başını kəsdi”, “ər arvadını baltaladı”, “nişanlısını bıçaqladı”, “anasını öldürdü”... Bu namus “dağarcıqları”, qeyrət “keşikçiləri” çox mühüm bir məqamı unudurlar: evlərində, həyətlərində başqa qadınlar da var, bundan sonra onların hamısının taleyi sual altına düşür, çünki başsız qalacaqlar, çünki maddi problemlər güc gələcək...

Bu arada media qətllərin artmasına rəvac verir, çünki xüsusi canfəşanlıq edir. Necə? Yox, artıq fakta çevrilən kriminal hadisələr barədə informasiya və araşdırmaları nəzərdə tutmuram, məsələ başqadır. Teleməkanda “nervinni” kişi axtaran qadınlar peyda olur, kişi müğənnilər arvadlarını tənbeh etmək üçün zaman-zaman onları döydüklərindən danışırlar, qadın aparıcılar da arsız-arsız irişirlər. Hətta ailə institutunun dağılmaması naminə bəzi psixoloqlar da “evdə söz-söhbət olar” deyib, gənclərə “tərbiyə” aşılayırlar. Halbuki kökündən yanlışdır, “söz-söhbət”lə “sillə-təpik” arasındakı fərqi gözməzlikdən gəlirlər.

Hərçənd hamımız bilirik, problemli ailələrdə böyüyən travmalı uşaqların gələcək həyatında necə böyük problemlər ola bilər. Yeri gəlmişkən, bu günlərdə bütün dünyaya səs salan Özgəcan Aslan olayını xatırladım. Türkiyənin Mersin şəhərində vəhşicəsinə qətlə yetirilən Çağ Universitetinin tələbəsi, 20 yaşlı Özgəcan Aslanın qatili də vaxtilə belə travma almış uşaqlardan olub. 26 yaşlı qatil Süphi Altındökənin anasının canlı yayımda söylədiklərinə baxaq: “Mən uşağımı qoruya bilmədim. Atasının şiddətə meyli vardı, biz neçə ildir ki, ayrıyıq. Uşaqlarımın onun yanında böyüməsini istəmədim. Ərimdən çox şiddət gördüm, amma valideynlərimə demədim. Atası kəmərlə, kəsici alətlə döyürdü məni. Bunları heç kimə söyləyə bilmədim... Uşağımın səhhətində problem vardı. Mənim uşağım nələr yaşamadı ki?! Mən bunu izah edə bilmirəm”...

“Problem zorakılıqdan qaynaqlanır”, “Hər ölkədə kriminal hadisə olur” deyib, diqqəti başqa məqamlara yönəldə bilərik. Ayrılıq da çıxış yolu deyil. Faktlar göstərir ki, keçmiş arvadını, nişanlısını təqib edənlər, onlara qarşı müxtəlif zorakılıq törədənlər də var. Cəmiyyətdəki qadına qarşı aqressiyanın kökünə varmaq, maarifləndirmə işləri aparmaq lazımdır, özü də təkcə qadınlarla bağlı yox. Həm də kişilərlə. Elə uşaqlıqdan. Kişinin və qadının vəzifələri, öhdəlikləri ailədə, məktəbdə öyrədilməlidir, özü də pafoslu formada yox, normal, həyati, real şəkildə. Bu işdə qadınların üzərinə böyük yük düşür. Çünki – qadın anadır, tərbiyəçidir, müəllimədir. Çünki kişini o yetişdirir, formalaşdırır.

Bunları eləməsək, vəziyyət çətin olacaq. Amma bundan da çıxış yolu var. Özü də birdəfəlik. Gəlin, hərəyə bir qadın öldürək. Ölkədə kişi sayının nisbətən az olduğunu nəzərə alıb, elə özümüz özümüzdən başlayaq, sağ qalanları da kişilər öldürsün. Bitsin-getsin. Həvvanın da qisası alınsın, Kleopatranın da, Yekaterinanın da, Mata Harinin də...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm