Qadın
Məşhur xanımlar feministlərin aksiyası ilə bağlı nə düşünür?
“Yürüş keçirən qadınlar feminist deyildi, sadəcə feminizm adından çıxış edirdilər. Feminizmin prinsipləri fərqlidir. Azərbaycanda qızlar azaddır. O azadlığı bizə veriblər, amma seçmək və qərar qəbul etmək öyrədilməyib. Onun mübarizəsini aparmaq lazımdır. Milli Məclisdə yarıbayarı qadınlar olmalıdır, əlbəttə ki, intellektual xanımlardan söhbət gedir. Bax bu tələbin yerinə yetirilməsi uğrunda ayağa qalxmağa dəyər. Evdə zorakılıq olmamalıdır, kişi arvadını döyməməlidir, qadın öz haqlarını bilməlidir. Qanunlar qadında özünə inam yaratmalıdır. İmkanlı kişi həyat yoldaşından boşananda uşaqları qadından ala bilməməlidir. Bunun üçün qanun dəyişikliyinə ehtiyac var. Qadın azadlığı odur ki, cinsiyyətindən asılı olmayaraq kişilərlə bərabər karyerada uğur qazana bilsin”.
Bu sözləri hüquq müdafiəçisi və Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Publika.az-a Bakıda “qadına azadlıq şüarı” ilə keçirilən aksiyaya münasibət bildirərkən deyib. O, qadın liderliyinin inkişaf etdirilməsi təklifi ilə çıxış edib:
“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qadın liderliyi və qadında özünəinamın artırılması işi ilə məşğul olmalıdır. Həm parlament, həm də bələdiyyə seçkilərinə qadınları hazırlamalıdır. Onların bu yöndə təbliğatı aparılmalıdır. Komitə bu istiqamətdə çox böyük işlər görə bilər.
Azərbaycanda lap əvvəldən qadın kult simvol hesab olunub. Keçmişə nəzər saldıqda görərik ki, xanımlarımız çox yüksək rütbələr tutub. Xanların əsas müttəfiqi xanımları idi, onlar müharibəyə bir gedirdilər. Ailədə də qadının sözünün kəsəri olub. Əgər qızlarımız Avropanın dəyərlərini götürmək istəyirsə, müsbət keyfiyyətlərini mənimsəsinlər. Demokratiyanı, qanunların işləməsini, İsveç parlamentinin 50 faizini qadınlar təşkil etməsini, prezidentlərin qadın olmasını nümunə götürsünlər. 8 Martda Azərbaycanda və Qırğız Respublikasında keçirilən aksiyalar qrant layihə idi. İkisi də eyni vaxtda baş tutmuşdu. Qadın azadlığı kiminsə əli ilə layihə şəklində həyata keçirilmir, içdən gəlir. Ümumiyyətlə qadın azadlığı fərqli və üstün dəyərlərlə təbliğ olunmalıdır. Hesab edirəm ki, Azərbaycanda qadın gücündən və potensialından yetəri qədər istifadə olunmur. Çox bilikli cavan kadrlarımız var, niyə onlardan istifadə olunmur?”.
Teleaparıcı Aytən Səfərova isə aksiya barədə danışarkən bildirib ki, hər hansı yürüşün qeyri-qanuni keçirilməsini düzgün hesab etmir:
“Azərbaycan vətəndaşı, kişili-qadınlı hər kəs qanunlara tabe olmalıdır. Hər bir toplantı qanun çərçivəsində həyata keçirilməlidir. Qanunlar tək kişilər və ya qadınlara deyil, hamıya eyni dərəcədə şamil olunur. Əlbəttə ki, “Sərbəst toplaşmaq azadlığı” haqqında qanun layihəsi var. Digər tərəfdən hesab edirəm ki, ölkəmizdə belə hərəkatların keçirilməsi normaldır, oxşar aksiyalar dünyanın hər yerində var. Amma qatı şəkildə təbliğ olunmasının əleyhinəyəm, ədəb-ərkandan kənar hər hansı şüarlar səsləndirilməməlidir.
Verilişlərdə də görürük ki, qadınlara qarşı zorakılıq halları baş verir. Çox təəssüf ki, bəzi ailələrdə qız uşaqlarına qarşı münasibət ürəkaçan deyil. Qızı olacağını eşidən atalar həyat yoldaşlarını vadar edir ki, abort etdirsin. Amma onlar başa düşmür ki, bu, ilk növbədə qadınların sağlamlığına böyük zərbədir. Qadınların potensialından kifayət qədər istifadə olunmur. Bizdə gender ayrıseçkiliyinin olduğunu düşünmürəm. Ümumiyyətlə insan azad yaranıb və biz azad ölkədə yaşayırıq, seçimlərimizdə, geyimlərimizdə azadıq. Sadəcə ailələrdə qadının azadlığı müəyyən mənada bəzən çox, bəzən az məhdudlaşdırılır. Atalar var ki, qızlarının təhsil almasına icazə vermir. 14-15 yaşında nişanlayır, 16-17 yaşında ərə verir. Sonrakı fəsadlarını da hamımız bilirik. Qız uşaqlarına seçim vermək, dəstəkləmək və qorumaq lazımdır. Qorumaq dedikdə onun seçim azadlığının əlindən alınmasını nəzərdə tutmuram. İslam yeganə dindir ki, cənnətin anaların ayaqları altında olduğunu deyir. Hər bir qız uşağı da gələcəyin anasıdır. Odur ki, qızın ali təhsil almasının qarşısını almaq və məcburi ərə vermək geridəqalmışlıqdır. Bu mənada qadınların hüquqları daim müdafiə olunmalıdır. Qadın zəif məxluqdur, zəifliyini aradan qaldırmaq üçün onu dəstəkləmək lazımdır. Qadına hörmət olunan, qadını güclü olan, hüquqları yüksək səviyyədə qorunan dövlətlərdə və cəmiyyətlərdə inkişaf, intibah var. Qadın qorunursa, o qadın yaşamaq, yaratmaq istəyir. Bu isə gözəl duyğudur. Digər tərəfdən də öz ailəsinə və dövlətinə layiqli xidmət edən şəxs olacaq.
Azərbaycan qadını Qafqazda ədəb-ərkan, tərbiyə və əxlaq nümunəsi olub. Odur ki, xanımlarımıza qeyri-etik hərəkət və ifadələri ümumiyyətlə yaraşdırmıram. Belə aksiyalarda zənnimcə, qeyri-etik şüarlar yox, hüquqları tapdanan qızlarımızın, qadınlarımızın adları və fotoları nümayiş olunmalı idi. Nərmin və Elinanın təbliğatını aparmaq daha düzgün olardı, nəinki ağzına gələni yazmaq. Azərbaycan qadını müasir olsa da, milli dəyər, tərbiyə və adət-ənənələri heç vaxt unutmamalıdır”.
Mövzu ilə bağlı teleaparıcı İlhamiyyə Rzayeva da fikirlərini bölüşüb. O, bildirib ki, 8 Mart tarixinin mahiyyətini cəmiyyətə çatdırmağa əlbəttə ki, ehtiyac var:
“Ən azı ona görə ki, bu, təqvimdə bayram, qeyri-iş günü kimi müəyyən edilib. Həm də ona görə ki, bu günü xanımlara fərqli cins olduqları, kobud desək, dişi olduqları üçün kişilərin hədiyyə aldığı bir gün kimi qavrayır çoxluq. Bu gün haqda, onun mahiyyəti, mənası haqda doğru, dürüst və lazımi mesajların çatdırılması vacibdir. Bunun yollarından biri də yürüş və aksiyalar ola bilər. Niyə də yox? Zənnimcə, bu, müxtəlif formatlı tədbirlər vasitəsilə, günün tələbinə uyğun olaraq yenilənən mesajlar, sloqanlarla hər ilin 8 martında təşkil edilməlidir - cəmiyyətdə kişi və qadın bərabərliyinə nail olanadək. Bu il keçirilən yürüşün təşkilatçıları qarşılarına nə məqsəd qoymuşdularsa, hərhalda, qadın hərəkatı və bərabər haqlar uğrunda mübarizəyə fayda verməkdənsə, zərbə vurdular. Cəmiyyətdə gender bərabərliyi və gender mədəniyyətinə elə mədəni yolla, maarifçilik işləri aparmaqla nail olmaq mümkündür. Ədəbsiz şüarlarla deyil. Bu yolla yalnız qadınların haqq işinə zərbə vurmaq, hərəkatı yanlış mesajlarla azdırmaq olar. Hazırda gender mədəniyyəti ilə bağlı çox maraqlı layihədə iştirak edirəm. Layihə tezliklə televiziya kanallarının birində yayımlanacaq. Verilişin aparıcısı deyiləm, amma heyətin üzvlərindən biriyəm. “Sən demə” adlanan möhtəşəm bir layihədir. Bu layihədə gender mədəniyyətinin formalaşması, maarifçilik işlərinin aparılması və cəmiyyətin bu işə qoşulmasını təmin edən platforma təqdim olunur. İllərlə ölkədə qadın hərəkatında müəyyən zəhməti olan fəal qadınlarımızın işini çox yüksək qiymətləndirirəm. Təəssüf ku, bizdə feminizm hərakatı yanlış anlayış kimi qəbul olunur. Feminizmin əsl mahiyyətini dərk edənlər azdır. İllərlə çalışmaq, maarifləndirmə işləri aparmaq və inandırmaq lazımdır. Patriarxal cəmiyyətin qadınlara yaratdığı hər maneəni cəmiyyəti inandırmaqla dəf etmək mümkündür. Amma bu yürüş xanımların illərlə apardığı işlərə çox ciddi zərbə vurdu,mühafizəkar toplumun, patriarxal cəmiyyətin, köhnə adət-ənənə tərəfdarlarının mövqeyini daha da möhkəmləndirdi. Bir sözlə, əminəm ki, əsrlərlə formalaşmış, daşlaşmış məişətimizdə oturuşmuş gender nadanlığına insanları inandırmaqla, mədəni tərzdə mücadilə aparmaqla sinə gərmək olar. “8 marş” hərəkatında nümayiş olunan plakatlar isə cəmiyyətdəki gender ayrıseçkiliyini daha da dərinləşdirir”.
Aytən Məftun
-
Nəqliyyat19:00
İmişli İcra Hakimiyyəti yolu fantastik qiymətə çəkmək istədi - Şişirdilmiş rəqəmlər
-
Rəsmi xronika18:13
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi - YENİLƏNDİ
-
Qoroskop17:35
Ən sıxıcı üç bürc - Onların bir sonrakı addımını təxmin etmək çox sadədir
-
Sosial17:24
Bakıda restoranda saxta araq satırmışlar
-
Qarabağ 16:39
Putin Əliyev və Paşinyanla "Zəngəzur dəhlizi"ni MÜZAKİRƏ EDİB? - Peskov açıqladı
-
Sağlamlıq15:40
Proqnozların əksi oldu: Başladı, amma yaxın saatlarda...
-
Sosial14:45
Vasif Talıbovu o əvəzlədi
-
MDB14:18
Paşinyan Moskvada yarıçılpaq halda pəncərədə oturdu - FOTO