Bu, İlham Əliyevin müdrik siyasəti və qətiyyətinin göstəricisidir - RƏY
Bizi izləyin

Qarabağ

Bu, İlham Əliyevin müdrik siyasəti və qətiyyətinin göstəricisidir - RƏY

“Nəhayət uzun illərdən bəri gözlədiyimiz doğma yurdumuz olan Kəlbəcərimiz də ana vətənə qovuşdu. Cənab Prezident, Ali Baş Komandanın müdrik siyasəti və qətiyyəti nəticəsində şəhid vermədən Kəlbəcəri yağı düşməndən geri aldıq”.

Publika.az xəbər verir ki, bunu Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı deyib.

Dünya ermənilərinin, eləcə də Ermənistanın Kəlbəcərə xüsusi diqqət və əhəmiyyət verdiyini vurğulayan deputatın sözlərinə görə, təsadüfi deyil ki, onlar Şuşa və Laçından sonra ikinci böyük rayonumuz, strateji mahiyyət kəsb edən, zəngin təbii və yeraltı ehtiyatları ilə məşhur olan Kəlbəcərin işğalına xüsusi diqqət edirdilər və bunun üçün bütün imkanlardan istifadə etdilər: “Məhz həmin dövrdə Azərbaycan Xalq Cəbhəsi-Müsavat cütlüyünün xəyanəti nəticəsində ermənilər bu yurdumuzu işğal edə bildilər. Kəlbəcərin müdafiəsi təşkil olunmadı, ora silahlı qüvvələrimiz göndərilmədi. Eyni zamanda Sərsəng istiqamətində Surət Hüseynovun bağışlanmaz xəyanəti və onun Rusiyanın xüsusi xidmət orqanlarının tapşırığına uyğun olaraq ixtiyarında olan silahlı dəstələri oradan geri çəkməsi Kəlbəcərin işğalında çox ciddi rol oynadı. Ermənilər Kəlbəcərin yeraltı, yerüstü sərvətlərini mənimsəmək, öz dövlət və şəxsi ehtiyaclarını ödəmək üçün bu yurdumuza sahib çıxmağa çalışdılar. Digər tərəfdən isə məqsəd qədim yurdumuz olan Göyçədən Kəlbəcər vasitəsilə Xankəndinə yol çəkməklə həm də ermənilərin nəzərdə tutmuş olduğu “Dağlıq Qarabağ respublikası”nın təhlükəsizliyini təmin etmək, onun Ermənistanla daha sıx, yaxın və əlverişli kommunikasiyasını təmin etmək idi. Təsadüfi deyil ki, işğaldan sonra Göyçədən Kəlbəcərə də yol çəkildi və beləliklə Ermənistan həm də Kəlbəcər vasitəsilə Xankəndi ilə birləşdirildi”.

Azərbaycan Prezidenti səviyyəsində torpaqlarımızın işğaldan edilməsinin bütün platformlarda önə çəkildiyini deyən F.Ağamalı diqqətə çatdırıb ki, 2003-cü ildə Prezident seçildikdən sonra istər beynəlxalq tribunalarda, istərsə də Azərbaycanda keçirilən ən yüksək səviyyəli toplantılarda İlham Əliyev işğal olunmuş torpaqlarımızın işğaldan azad edilməsini, geri qaytarılmasını birmənalı şəkildə önə çəkirdi: “Bəlli idi ki, ermənilər danışıqlar yolu ilə torpaqları qaytarmayacaq. Ona görə də 2003-cü ildən başlayaraq həm işğal olunmuş torpaqlarımızın geri qaytarılması üçün beynəlxalq təşkilatlar səviyyəsində hüquqi bazanın yaradılması, həm də iqtisadiyyatımızın gücləndirilməsi, ordumuzun müasirləşdirilməsi, onun ən müasir silahlarla təchiz ediməsi, cəmiyyətimizin bütövləşməsi, milli həmrəylimizin formalaşması yönündə cənab Prezident çox ciddi şəkildə fəaliyyətini qurdu. Bütün bu üstünlüklərə malik olan möhtərəm Prezident, Ali Baş Komandan nəhayət 2020-ci il sentyabrın 27-də, əlverişli zaman kəsimində əks-hücum əməliyyatı ilə 44 gün ərzində Ermənistana çox ciddi, sarsıdıcı və ölümcül zərbələr vurdu, onu zəlil günə saldı. Ermənistan dövlətinin çox çıxılmaz, ağır durumunu gündəmə gətirdi”.

“Təbii ki, ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanımızın qətiyyəti ilə Azərbaycanın olduqca ciddi əhəmiyyət kəsb edən rayonları və strateji yüksəklikləri işğaldan azad edildi. Xüsusi olaraq Şuşanın azad edilməsindən sonra məhz Ali Baş Komandanın ortaya qoyduğu tələb yerinə yetirildi, Nikol Paşinyan bunu etməyə məcbur oldu, protokol imzalandı və protokola əsasən, 3 rayonumuz- Ağdam, Kəlbəcər və Laçın döyüşsüz, müharibəsiz Azərbaycana qaytarılmalıydı. Bu, Ermənistanın kapitulyasiyası, Azərbaycanın müzəffəri idi. Ermənilər üzərində 200 ildən bəri gözlədiyimiz qələbə idi. Kəlbəcərə qovuşmağımız ölkə Prezidentinin möhtəşəm siyasi-diplomatik qələbəsidir. Biz ermənilərdən növbəti təmizlənməni dekabr ayının 1-də Laçının azad edilməsi ilə yaşayacağıq”, - deputat əlavə edib.

Fəzail Ağamalı vurğulayıb ki, növbəti illərdə Azərbaycanın qarşısında duran son dərəcə vacib mahiyyət daşıyan siyasi-diplomatik mübarizə davam edəcək: “Kəlbəcərin işğaldan azad edilməsi bizim üçün böyük sevincdir, növbəti qələbəmizdir. Bu qələbəni bizə verən ulu öndərimizin əsasını qoymuş olduğu dövlətimiz, bu gün onu yüksək səviyyəyə qaldıran və dünya səviyyəli liderimiz Ali Baş Komandan İlham Əliyevin müstəsna xidmətləridir, xalqımızın əldə etmiş olduğu böyük nailiyyətdir. Bu qələbə bizim Ermənistan üzərində növbəti uğurumuzun təntənəsidir.

Üçrəngli bayrağımız Xankəndidə və ermənilərin yaşadığı digər Azərbaycan ərazisində qaldırılacaq, buna qətiyyən şübhə yoxdur, heç bir statusdan söhbət getmir. Azərbaycanın bütün ərazisində ölkə Konstitusiyasına uyğun olaraq onun suverenliyi təmin olunacaq. Xankəndi daxil olmaqla, digər yerlər də Azərbaycanın inzibati bölgüsünə uyğun olaraq özünün fəaliyyətini quracaq”.

Şamo Emin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm