Ermənilərin Qarabağda tələyə saldığı qazaxıstanlı: Yarama duz basırdılar! - FOTO
Bizi izləyin

Qarabağ

Ermənilərin Qarabağda tələyə saldığı qazaxıstanlı: Yarama duz basırdılar! - FOTO

Bu hadisə Qazaxıstan vətəndaşı Baurjan Dostkaliyevin başına gəlib. 1991-ci ildə ermənilər onun dabanını kəsib, yarasına duz basmışdılar...

Publika.az Baurjan Doskaliyevin https://egemen.kz/article/256777-qap-tauyndaghy-tutqyn saytında dərc olunan 30 illik acı xatirələrini təqdim edir:

Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ uğrunda yenidən müharibə başlayan gündən, Azərbaycanın haqq savaşı uğrunda televiziya və xəbər saytlarında, sosial şəbəkələrdə müxtəlif məlumatlar yayıldıqca, Baurjanın yuxusu da ərşə çəkilmişdi. Düz otuz il əvvəl başına gətirilən hadisələr, əzablar yenə onu incitməyə başlamışdı. Azərbaycan hərbçilərinin döyüş meydanındakı hər yeni zəfərini eşitdikcə, sevinirdi... Lakin gördüklərini xatırladıqca, Qarabağ dərdi onu yandırırdı.

Baurjan Doskaliyev Uralsk vilayətinin Orda rayonunun Saraljın kəndində doğulub. 1990-cı ilin payızında Sovet Ordusu sıralarına çağrılır. İlk hərbi xidməti dövründə 4-5-ci sinifləri birlikdə oxuduğu sinif yoldaşı ilə birlikdə Pyatiqorskda, Stavropol diyarında gənc əsgər kursunu bitirirlər. İki aydan sonra Baurjanı Rostov-Dona göndərdilıər. Boyu 180 sm, yaraşıqlı bir oğlan olan Baurjan 45 gün təlimlərdə oldu. Bu təlimlər də onu daha da bərkidir. Keçirilən təlimlərdə çöl daşı kimi möhkəm, seçilmiş əsgərlərdən qaynar nöqtələrə, münaqişə zonalarına göndərilmək üçün bir hücum ordusu—desant qrupu hazırlanır.

1991-ci ilin soyuq bir fevral gecəsi. Həmin gecə desant qüvvələri həyəcan siqnalı ilə yerlərindən dik atılıb helikopterlə Xankəndiyə endilər. Azərbaycan SSR-in Dağlıq Qarabağ bölgəsində bu şəhər o vaxtlar Stepanakert adlanırdı. 1986-cı ildən etibarən Sovet İttifaqında aparılan yenidənqurma “təbliğatı” nəticəsində Dağlıq Qarabağda yaşayan ermənilərin böyük əksəriyyətinin “qondarma müstəqillik” ümidi və iştahası oyanmışdı. Beləliklə, eyni kənddən olan, mal-heyvanatı bir yerdə otlayan, birgə yaşayan iki xalq bir-birlərinə qatı düşmən kəsilmişdi. Xankəndiyə gələn desant qüvvələrinin missiyası buralarda sülhü təmin etmək, millətlərarası çaxnaşmanın qarşısının almaq, mülki şəxslərin qorunması idi. Şəhərdə pasport rejimi, komendat saatı yaradılmışdı. Axşam saat 8-dən səhər saat 7-yə kimi çölə çıxmaq qadağan idi, uşaq oldu, qoca oldu fərqi yoxdur, xəbərdarlıq edilmədən vurulurdu.

“Kazarma çatışmazılığı olduğundan bizi Stepanakertdəki (indiki Xankəndi) Pedaqoji İnstitutunun əsas binasında yerləşdirdilər.
Biz verilən təlimata uyğun olaraq Stepanakert (xankəndi), Mardakert (Ağdərə), Şuşa, Ağdam, Xocalının o başından bu başına kimi gəzirdik. Bu desant birləşməsinin içərisində Qazaxıstanın Altay bölgəsindən olan yeganə mən idim. Fürsət düşdükcə, Azərbaycanın Qazax rayonundan olan "qazaxlarla" tanış olub söhbət edirdim. İpək Yolunun üzərində yerləşən Qazax rayonunun əhalisinin üz cizgiləri bizə çox bənzəyirdi. Buradakı qazaxlar da ulu babalarımız kimi qazax ənənələrini qoruyurdular. Ümumiyyətlə, mən hər gün gözəl təbiətli Qarabağa aşıq olurdum. Burada hər növ meyvə yetişirdi. Bizim Kökşetauya bənzəyirdi. Fikirləşirdim ki, bu gözəl yurdun uğrunda vuruşmağa dəyər.

Sovet Ordusunun bizə verdiyi təlimata uyğun olaraq, biz yerli əhalini qoruyurduq. Gündüzlər azərbaycanlılar da, ermənilər də özlərini çox sakit aparırdılar. Ancaq elə ki, günəş batırdı, qaranlıq düşürdü, bir də görürüdün ki, haradasa yenə güllə-boran səsləri gəlir. O zaman ermənilər tərəfində çox muzdlular var idi. Silah-sursatları olmadığından, gecələr postlara, buraxılış məntəqələrinə hücum edirdilər.

Mənim də mənsub olduğum hərbi hissənin üzvləri sübhələndiyimiz kəndlərə və evlərə gedib, qəfil axtarışlar aparırdıq. Və mütləq biz həmin evlərdən silah-sursatları yığıb götürürdük.

Artıq 1991-ci ilin oktyabr ayı idi. Mən ayağımdakı ağır çəkmələri çox az hallarda çıxarırdım. Kənd-kənd, məhəllə-məhəllə evləri axtarırdım. Artıq Qarabağda hərb sahəsində xeyli təcrübə toplamışdım. Həmin payız günlərinin birində Xankəndi şəhərinin girişindəki yoxlama məntəqəsində 5 zabit və 2 növbətçi əsgər keşik çəkirdik. Növbəli surətdə yatmağa dincəlməyə gedirdik. Birdən qəfil səsə oyandım. Yaxın dostum Aleksandr Nedopekindən başqa, bütün hərbçilər şirin yuxuda yatırdılar. Yuxudan ayılanda anladım ki, erməni silahlı birləşmələri hücum ediblər. Hücum yatdığımız yerdə olduğundan, biz özümüzü qoruya bilməmişdik. Onlar bizi kiçik bir maşına doldurub, dağ dibindəki mağaraya apardılar. Bütün silahlarımızı götürmüşdülər. Mən və daha bir əsgər qaçmaq istədik. Bir saqqallı erməni mənim dabanımı kəsib, yarama duz basdı. Və dedi: “Sən, qazaxsan, müsəlmansan! Azərbaycanlılara kömək etməyə gəldin, hə?! Al, sənə!". Bu azmış kimi bir neçə nəfər üstümə düşüb təpiklə huşumu itirənə qədər məni döydülər”.

Baurjan deyir ki, ona kitablarda oxuduğu və hətta heç yerdə yazılmayan işgəncələri verirdilər:

“Barmağımı sındırdılar, o qədər döymüşdülər ki, qabırğalarım qırıq-qırıq olmuşdu. Zülmün həddi-hüdudu yox idi. Əlimi –ayağımı qandallayıb “Sən müsəlmansan”- deyib, arağı məcbur boğazıma tökürdülər. Onların bu cəhənnəm əzabı düz bir həftə davam etdi. Sonra bizim hərbi hissənin zabitləri yerimizi öyrənib, gəlib bizi erməni quldurlarının əlindən xilas etdilər. Mənimlə olan 9 nəfərdən 7 nəfərini bu dağların gizlin yerində artıq öldürmüşdülər, hərbçilər gəlməzdən bir az əvvəl isə Aleksandrı-Saşanı da güllələdilər.

Məni Stepanakertdəki hərbi xəstəxanaya yerləşdirdilər. Bir gün eşitdim ki, Qazaxıstandan olan iki nəfər - general-mayor Orinali Boranbayev və "Xalık Kenesi" qəzetinin müxbiri Polad Onqarbay məni axtarırlar. General Boranbayev 1991-ci ilin oktyabrında Qazaxıstan Respublikasının Prezidenti Nazarbayevin sərəncamı ilə Dağlıq Qarabağ Muxtar Bölgəsində millətlərarası sülhün bərpası ilə əlaqədar Qazaxıstandan göndərilən nəzarət qrupunun üzvü idi. Mən onları görəndə inandım ki, Allah məni tək qoymadı. Həmvətənlərini- məni ölümdən xilas etdilər. Lakin generalla birlikdə gələn jurnalist Polad Onqarbaya həqiqəti danışmağa qorxdum. Çünki hərbi hissədə məndən bu hadisəni 10 il ərzində heç kimə danışmayacağım barədə iltizam almışdılar. Nəzarət məntəqəsinə hücum və əsgər ölümləri barədə danışmaq olmazdı”.

Baurjanı Xankəndindən Bakıdakı xəstəxanaya köçürürlər. Burada azərbaycanlı tibb petsonalı Baurjanın başına gətirilənlərin bir qismini biləndə, başına pərvanə kimi dolanır, və az qala onu milli qəhrəman səviyyəsində dəyərləndirirlər. İki aydan sonra komissiya Baurjanın Almatıya qayıtmasına icazə verir. Qarabağdakı ermənilərdən ona qalan II qrup əlil kitabçası və qoltuq ağacları olur.

Rusiya Ordusunun ondan aldığı iltizamın müddəti 10 ildən sonra bitir. Bundan onra Baurjan Qarabağda hərbi xidmət keçməsi barədə sənədlərinin əslini almaq üçün Rusiyanın və Qazaxıstanın Müdafiə nazirliklərinə müraciət edir, hərbi xidmətdə olması barədə sənədləri istəyir. Çünki ona verilən əsgəri xidmət haqqındakı Hərbi biletdə qaynar nöqtədə qulluq etməsi, yaralanması, əlil olması barədə heç bir qeyd yox idi. Hansı səbəbdənsə onun hərbi hissədə çəkdirdiyi şəkilləri də yox etmişdilər. Onun Rusiyanın arxivlərinə, Podolsk arxivinə, Stavropol, Pyatiqorsk şəhər hərbi komendantlığına etdiyi müraciətlərin də heç bir nəticəsi olmur. Bütün gələn cavablar eyni idi: “Tələb etdiyiniz sənədlər tapılmadı”.

Bütün bunlar da bir nəticə verməyəndə Baurjan Doskaliyev 2002-ci ildə Almatıda general-mayor Orinali Boronbayevi və jurnalist Polad Onqarbayı axtarıb tapır. 1991-ci ilin şahidləri onu tanıyır və xıtırlayırlar. Baurjan həmin illərdə onu Bakıda tək qoymadıqları üçün həmyerlilərinə təşəkkür edir. Hətta başına gələnlər barədə elə həmin il “Xabar” televiziyasına və Qazaxıstan radiosuna müsahibə verir. Verdiyi müsahibələr yayımlanmır. Baurjanın danışdığı hadisələr kimsəni maraqlandırmır. Çünki onun danışdıqlarına inanmaq istəmirlər.

30 ildir ki, Baurjan Doskaliyev bu ağrı-acını beynində və canında gəzdirir. Ötən illər ərzində o öz vətənində “Qazilər birliyi” yaratmaq istəyib. Artıq bu il ölkədə “Qazilər haqqında qanun” qəbul olunub. Bu fürsətdən istifadə edən Baurjan indi “Qarabağ qaziləri” adlı qeyri-hökumət təşkilatını qeydiyyata aldırmağa hazırlaşır.

Ermənilərin Baurjanın taleyinə, bədəninə vurduğu zərər və başına gətirdikləri işgəncələrə görə o hazırda II qrup əlildir. Ayda 60 min tenge (240 manat) təqaüd alır. Çox gəzəndə ayaqları ağrayır. Beynindən aldığı zədələr, silkələnmələr nəticəsində isə yaddaşı zəifdir. 2004-cü ildən əlil kimi ev növbəsi gözləyir. Deyirlər ki, bəlkə bu il ona da mənzil verdilər. Bir də ki, o qədər çalışıb-vuruşub, qapılar döyüb ki, onun halal haqqı olan veteran kitabçasını əldə edə bilib.

Çox yerdə onun hərbi hissədə başına gələnlərə, xidmətdə olmasına şübhə ilə yanaşsalar da, bir neçə hərbi yönümlü təşkilat onu öz sıralarına üzv yazıb. Üzvü olduğu təşkilatlardan "Qafqazda döyüş əməliyyatları veteranı", "Sovet qoşunlarının Əfqanıstandan çıxmasından 30 il" medalı ilə təltif edilib. Evlidir, bir qızı var. Bu yaxınlarda qızına toy edəcək.

Bəli, 30 il onun üçün çox ağır keçib. Baurjan Qarabağda keçirdiyi heç bir gününu və heç bir anı unutmayıb, unutmayacaq da. Çünki onun bədənin bütün əzalarında erməni cəlladlarının izi var. Ermənilərin özlərinin başladıqları silahlı qarşıdurmanın və qanlı müharibənin əzabını Baurjan hər gün yaşayır.

Baurjan deyir ki, heç bir müharibə və qan tökülməsi, ağlayan ana və körpə uşaqların göz yaşına yaşlarına dəyməz! Yolu uzaq Qazaxıstanda oturaraq könlünə yaxın Qarabağda sülhün əldə olunmasına görə çox sevinir. Deyir ki, təki sülh olsun, əmin-amanlıq olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm